23 Dekabr 2024, Bazar ertəsi

Şərur – bu sevimli, günəşli torpaq
Əziz bir nemətdir Azərbaycana.
Baxdıqca ruh verir hüsnü insana
Xoşdur bu yerlərin şairi olmaq.

Xalq şairi İslam Səfərli Şərur torpağının gözəllikləri haqqında danışarkən ona olan sonsuz sevgisini, məhəbbətini özünəməxsus poetik tərzdə tərənnüm edib. Şərur diyarının bu günü isə öz gözəlliyi ilə daha çox göz oxşayır, insanda yaşamaq, yazmaq həvəsi oyadır.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilməsi nəticəsində qədim diyar gündən-günə çiçəklənir, dövlət proqramlarının və infrastruktur layihələrinin reallaşdırılması yaşayış məntəqələrini abadlığa, inkişaf və tərəqqiyə qovuşdurur. Yeni inkişaf mərhələsinə çıxan Şərur rayonunda da əhalinin rahat yaşayışının təmin olunması sahəsində həyata keçirilən tədbirlərin və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. Görülən kompleks işlər rayonun Qışlaqabbas kəndini də əhatə edib. Hər gün bu yeniliyə, gözəlliyə baxdıqca insan fərəh hissi keçirir. Bir il sonra 90 yaşını qeyd edəcəyimiz doğma yurdda bu inkişafı görmək hər bir rayon sakinini sevindirir. Yaxın günlərdə yeni xidmət və kənd mərkəzlərinin istifadəyə verildiyi Qışlaqabbas kənd sakinlərinin də sevinci çöhrələrindən duyulur. Son illər bu yaşayış məntəqəsi, sözün həqiqi mənasında, əsl inkişaf yoluna qədəm qoyub. Kənddə yeniliklər çoxdur. Müasir tikililərlə yanaşı, tariximizi özündə əks etdirən, Qışlaqabbas kəndi ərazisində yerləşən və eramızdan əvvəl IV-I minilliyə aid “Şortəpə nekropolu”nun ətrafında da abadlıq işləri görülüb.

Kənddə yeni inşa olunan xidmət mərkəzində sakinlərə nümunəvi xidmət göstərilir. Burada ərzaq, sənaye və təsərrüfat malları mağazaları, gözəllik salonu, bərbərxana, dərzi sexi, ət satışı dükanı yerləşir. Xidmət və kənd mərkəzlərində kənd sakinləri ilə həmsöhbət oluruq. Həcər Abdullayeva yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirərək deyir ki, mərkəzdə sakinlərə daha keyfiyyətli xidmət göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. Burada anbarın, ərzaq və təsərrüfat malları mağazalarının mövcud olması ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların satışının təşkilinə imkan verir. Otuz beş ildən çoxdur ki, ticarətlə məşğulam. Sovetlər dönəmində kəndin mərkəzindəki mağazada satıcı işləmişəm. Müstəqillik qazandığımız ilk illərdən bu günə kimi də mağaza sahibi olmuşam. Amma düzünü deyim ki, bu cür səliqə-sahman yox idi o vaxtlar. Yaradılan şərait imkan verir ki, həm mən rahat olum, həm də alıcılar. Bu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub. Qışlaqabbas kəndinin sakinləri də çox zəhmətkeş, torpağa bağlı insanlardır. Buna görə də sakinlər bundan sonra da torpaqları əkib-becərəcək, yaxşı məhsul əldə edərək ailə təsərrüfatı məhsulları festivallarında, yarmarkalarda rayonu layiqincə təmsil edəcəklər.
Bərbər Həsən Abəzərov yeni istifadəyə verilən bərbərxana ilə bizi tanış edir. Onun söhbəti:
– Uzun illərdir, bərbərəm. Bu kənddə də, qonşu İbadullada da böyükdən-kiçiyə hamı məni tanıyır. Elə bilirəm, sözlərimə kənd sakinlərinin hamısı şərik olar. Dədə-babadan buranın yerli sakinləriyik, yaşımız da az deyil. Biz harada görmüşdük bu cür səliqə-sahmanı? Heç yatsam yuxuma da girməzdi ki, bu cür şəraitə malik bir iş yeri təmənnasız olaraq mənə veriləcək. SSRİ dövründə çöldə, kolxozda, fermada gün çıxandan ta günbatana kimi işləyirdik. Vallah, elə olurdu, vaxt tapıb yemək də yeyə bilmirdik. Tonlarla tütün, üzüm, pambıq təhvil versək də, şəninə nəğmələr qoşsaq da, hamısı havayı idi. Zəhmətimizin qarşılığında nə qazanmışıq? Heç nə. Nə yol-izimiz, nə xəstəxanamız, nə telefonumuz var idi. İndi şükür Allaha, gülüstana çevrilib kənd­lərimiz. Artıq sözə nə hacət? “Görünən kənd bələdçi istəməz”. Siz cavanlar görməmisiz o günləri, necə çətin sınaqlardan keçib bu günə gəldiyimizi. Bu minnətdarlıq hissimi yaradan səbəblər çoxdur. Qurub-yaradan əllər, hər bir sakinini düşünən rəhbərimiz var olsun.
Dərzi Yusif Əhmədov da söhbətimizə qoşulur, yaradılan şəraitdən ağızdolusu danışır:
– Yeni sosial obyektlər kənd sakinlərinin gündəlik tələbatının ödənilməsinə imkan verir. Muxtar respublikada gedən bu quruculuq-abadlıq işləri insanların sevincinə səbəb olur. Əvvəllər həkim ambulatoriyasının yerləşdiyi bina əsaslı şəkildə təmir olunaraq mərasim evi kimi sakinlərin istifadəsinə verilib. Qışlaqabbas və İbadulla kəndlərində yaşayanlar bu mərasim zallarından istifadə edirlər. Bunların hamısı sakinlərin firavan yaşayışı üçündür.
Ağalar Bağırov deyir ki, vaxtilə bu kənddəki üzüm bağlarından, pambıq tarlalarından sovetlərin xəzinəsinə yüz min manatlarla xeyir verilirdi. Sərvətlərimiz, insanlarımızın əməyi amansızlıqla istismar edilirdi. Əvəzinə isə biz kəndlilərə heç nə verilmirdi. Yetmiş il bu siyasətin qurbanı olan xalqımız, nəhayət, müstəqilliyini qazandı. Artıq 30 ildir ki, müstəqilik. Əvvəllər çətinliklərimiz var idi, çünki torpaqlarımızda müharibə gedirdi, blokada vəziyyətində idik. Bu sınaqdan da elimizin qədirbilən oğlu, ulu öndərin gəlişi ilə üzüağ çıxdıq. İnsanların yurda, torpağa ürəkdən bağlanmaları, halal zəhmətlə yaxşı gün-­güzəran qura bilmələri üçün bu gün bütün kəndlərimiz, rayonlarımız müasirləşir, abadlaşdırılır. Hər bir muxtar respublika sakini bu dövlət qayğısından bəhrələnə bilir.
Xidmət mərkəzi ilə yanaşı yerləşən kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndə Qərib Abazərovla da həmsöhbət oluruq. O bildirir ki, mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün 3, bələdiyyə üçün 2 otaq, 50 nəfərlik iclas zalı, Yeni Azərbaycan Partiyasının Qışlaqabbas kənd ərazi ilk təşkilatı, kitabxana və klub, baytar, statistika və arxivin hər biri üçün ayrıca otaq nəzərdə tutulub. Bu gün muxtar respublikamızın kəndləri müasirləşib, abadlaşıb. Kənddə yaşamaq, işləmək və qurub-yaratmaq üçün hər cür şərait var. Müasir infrastruktur yaradılıb. Tarix göstərdi ki, müstəqil Azərbaycanın bir inkişaf yolu vardır. O da ümummilli lider Heydər Əliyevin yoludur. Bu yola sədaqət bugünkü və gələcək inkişafımızın qarantıdır.
Kəndin səmimi insanları ilə söhbətdən doymaq olmasa da, iş başına qayıtmaq vaxtıdır, – deyib şəhərə üz tuturuq. Yolboyu düşünürəm ki, yay ötəcək, payız gələcək, beləcə, fəsillər bir­-birini əvəz edəcək, bu yerlərin dörd bir ətrafında daha çox al-əlvan güllər açacaqdır. Kənddəki yerli qurumlarda çalışanlar öz fəaliyyətlərini hər cür şəraiti olan yaraşıqlı, işıqlı binalarda daha rahat şəkildə davam etdirəcək, xidmət obyektlərindən sakinlər yetərincə bəhrələnəcəklər. Yaşıllığa, gülə-­çiçəyə bürünən abad kəndlərimizdə müstəqil Azərbaycanımızın sabahı olan balalarımız dövlət qayğısının əhatəsində böyüyəcəklər.

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR