Şərur Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Şərur və Sədərək rayonlarında fəaliyyət göstərən ailə təsərrüfatçılarının iştirakı ilə seminar-müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə İcra Hakimiyyəti başçısının müavini Anar Zeynalov açıb. Bildirib ki, “Ailə təsərrüfatları ili”ndə görülən çoxşaxəli tədbirlər Şərur rayonundakı belə təsərrüfatların da inkişafına böyük stimul olub, bölgədə yeni təsərrüfatların formalaşmasına geniş imkanlar açıb. Rayon ərazisində 5 hektar sahədə yer fıstığı və 1,2 hektarda qızılgül əkini aparılıb, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.
Qeyd edilib ki, ötən dövr ərzində rayonda ailə təsərrüfatçılarına öz təsərrüfatlarını genişləndirmək üçün 61 min 600 manat kredit verilib. Eyni zamanda hüquqi və fiziki şəxslərə 1 milyon 419 min 100 manat dəyərində 71 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlığı lizinq yolu ilə güzəştli şərtlərlə satılıb.
Aparılan məqsədyönlü tədbirlər nəticəsində cari ildə rayonda ailə təsərrüfatlarının sayı 115-ə çatıb. Keçirilən festivallarda rayondakı ailə təsərrüfatları tərəfindən istehsal edilən məhsullar yüksək səviyyədə nümayiş olunur. Ötən il keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalına rayonun 84 ailə təsərrüfatçısının iştirakı ilə 221 növdə 6 minə yaxın qablaşdırılmış məhsul çıxarılıb. Bu, növbəti tədbirlərdə məhsul sayının artacağına əminlik vardır.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İsa Novruzov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Əli Şərifov və aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov çıxış ediblər.
Sonra suallar cavablandırılıb.
Nail ƏSGƏROV