23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində özünəməxsus rolu olan Şərur rayonunda bu il kartof əkini sahələri 1094 hektara çatdırılıb. Kartof üçün münasib sahələrin seçilməsi, torpağın üzvi və mineral gübrələrlə zənginləşdirilməsi, şumun normal dərinlikdə aparılması, becərmə tədbirlərinin aqrotexniki tələblər səviyyəsində yerinə yetirilməsi nəticəsində fermerlər və torpaq mülkiyyətçiləri bol məhsul yetişdiriblər.
Hazırda kartof yığımının əsas dövrüdür. Verilən məlumata görə, bu günə kimi əkilən sahələrin yarısından çoxunun məhsulu yığılıb, hər hektardan orta hesabla 130 sen­tnerdən artıq kartof əldə edilib. İstehsal olunan məhsulun çox hissəsi rayonda mövcud olan soyuducu anbarlara tədarük olunub.
Ümumilikdə, bu il rayondakı suvarılan sahələrin 2 min hektara yaxını müxtəlif tərəvəz bitkiləri əkilmiş ərazilərdir. Kartof, xiyar, pomidor, bibər, soğan, sarımsaq və digər tərəvəzlər, həmçinin bostan məhsulları da yığılır.

Rayonda qarğıdalı bitkisinin də əkilib-becərilməsi üçün münasib torpaq-iqlim şəraiti mövcuddur. Əvvəlkilərdən fərqli olaraq artıq həm əkində, həm becərmə tədbirlərində, həm də yığımda əsas işlər texnikanın gücü ilə görüldüyündən qarğıdalı dəni istehsalı üçün xərclənən vəsait aşağı düşür, son nəticədə, gəlir yüksək olur. Bu da qarğıdalı əkini sahələrinin ildən-ilə genişlənməsinə marağı artırır.
Bu il müxtəlif kəndlərdə 700 hektardan çox dən üçün qarğıdalı əkilib. Artıq yamyaşıl qarğıdalı kolları yavaş-yavaş saralır. Bu isə o deməkdir ki, məhsul yetişir və yaxın həftələrdə yığıma başlanacaqdır. Bu işin vaxtında başa çatdırılması üçün nəzərdə tutulmuş biçin texnikası hazırlanıb.
Mütəxəssislərin gəldiyi qənaət belədir ki, hər hektardan orta hesabla 40-45 sentner qarğıdalı dəni götürmək mümkün olacaq.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR