Muxtar respublikamızın zəngin təbii sərvətləri burada müalicə turizminin inkişafı üçün geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadənin nəticəsidir ki, hazırda Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi tikilir.
Kompleksin tikintisinə 2019-cu ilin mart ayından başlanılıb. Zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq binanın zirzəmi hissəsində qazanxana, elektrik otağı, köməkçi iş otaqları, çarhovuzlar, mətbəx, kişi müalicəxana bölümündə bərbər, masaj və VİP masaj otaqları, qadınlar üçün nəzərdə tutulmuş müalicəxana hissəsində gözəllik salonu, mətbəx, masaj və qeydiyyat otaqları yerləşəcək.
Yeni səhiyyə ocağının birinci mərtəbəsində restoran, mağaza, gözləmə zalı, bufet, mətbəx, otel işçiləri üçün istirahət, həkim və müdir otaqları yerləşəcək. İkinci, üçüncü və dördüncü mərtəbələr isə istirahət otaqları üçün nəzərdə tutulub.
Aldığımız məlumata görə, hazırda kompleksin birinci və ikinci mərtəbələrində hörgü və suvaq işləri yekunlaşdırılıb, üçüncü mərtəbədə hörgü, dördüncü mərtəbədə isə beton-qəlib işləri aparılır. Həmçinin kommunikasiya xətlərinin çəkilməsinə başlanılıb. İnşaatçılar lazımi tikinti materialları, avadanlıq və texnika ilə təmin olunublar. Obyektdə, əsasən, yerli tikinti materiallarından istifadə edilir. İnşaatçılar işlərin yaxşı və keyfiyyətli yerinə yetirilməsi üçün səylə çalışırlar.
Qeyd edək ki, Darıdağ arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə sübut olunub. Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması muxtar respublikamızda müalicə turizminin inkişafına da öz töhfəsini verəcək.
Xəbərlər şöbəsi