Muxtar respublikada əhalinin, xüsusilə də gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı olaraq Ordubad və Şahbuz şəhərlərində yeni yaşayış binaları inşa edilir.
Ordubad şəhərində tikilən zirzəmi ilə birlikdə 8 mərtəbəli yaşayış binası 28 mənzildən ibarət olacaq. Hazırda binada beton, hörgü və digər inşaat işləri aparılır. Binanın zirzəmisində xidmət sahələri də yaradılacaq, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə veriləcək. Binanın ətrafında abadlıq işləri görülür.
Şahbuz şəhərində inşa edilən zirzəmi ilə birlikdə 6 mərtəbədən, 40 mənzildən ibarət olacaq yaşayış binasında isə əsas tikinti işləri yekunlaşdırılıb. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90 və 83, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 63 və 70 kvadratmetr olacaq. Binanın zirzəmisində xidmət mərkəzi, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və təsərrüfat malları mağazaları yerləşəcək.
Xəbərlər şöbəsi