23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında son illər sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür, sahibkarların normal fəaliyyətinə hərtərəfli şərait yaradılır. Bunun nəticəsidir ki, artıq diyarımızda güclü sahibkarlar dəstəsi formalaşıb. Əlverişli sahibkarlıq və biznes mühitinin formalaşması xarici iş adamlarının da bölgəmizə investisiya yatırmaqla yeni istehsal sahələri yaratmasına səbəb olub. Hazırda muxtar respublikamızda müxtəlif profilli istehsal müəssisələri fəaliyyət göstərir ki, onlardan biri də “Nuhçıxan” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Yaxın günlərdə adıçəkilən ünvana üz tutub müəssisənin direktoru Onur Qaraxanla həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraiti görüb biz də burada bir istehsal sahəsi yaratmaq qərarına gəldik. 2012-ci ilin may ayında müəssisə üçün ayrılan binada əsaslı təmir və yenidənqurma işlərinə başlanıldı. Üçmərtəbəli binada istehsal sexləri, xammal və hazır məhsulların saxlanılması üçün anbar, laboratoriya, yeməkxana, inzibati və digər yardımçı otaqlar istifadəyə verilib.

Onur Qaraxan bildirir ki, müəssisədə tibb vasitələrinin, eləcə də yuyucu, təmizləyici maddələr və plastmas taraların istehsalı sahəsi fəaliyyət göstərir. Burada Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılıb, müəssisədə istehsal prosesi avtomatlaşdırılıb. Türkiyə, Fransa, Almaniya, İsveçrə və Rusiya Federasiyasından idxal olunan xammal reseptə uyğun olaraq ayrı-ayrı çənlərdə qarışdırılıb hazırlanır və istehsal xəttinə buraxılır. Bu proses kompüterlə idarəetmə mərkəzi vasitəsilə həyata keçirilir. Müəssisə rəhbərinin sözlərinə görə, burada tibb sahəsi üçün aldehidli alətdezinfeksiyaedici, etil spirti, ultrasəs müayinə üçün jele, təmizləyici və alətdezinfeksiyaedici məhlul və digər tibbi vasitələr istehsal olunur. Yuyucu və təmizləyici maddələr istehsalı sahəsində isə “İnci” saç şampunları və kremi, “Cəvahir” qab şampunları, kafel, metlax və taxta döşəmələr üçün səth təmizləyiciləri, “Ulduz” şüşətəmizləyicisi, “Təravət” havatəravətləndiricisi, “Sədəf” maye sabunu və sair, ümumilikdə, 3 növdə 25 çeşiddə məhsul istehsal edilir. İstehsal gücü saatda 1600 ədəd 500, 750 qramlıq və 1 litrlik, 400 ədəd 5 litrlik taralar olan yuyucu və təmizləyici maddələr istehsalı sahəsində və saatda 250 ədəd plastmas taralar istehsalı sahəsində tələbata uyğun olaraq məhsul hazırlanır.
Müəssisə ilə tanışlıq zamanı öyrənirik ki, burada müasir avadanlıqlarla təchiz olunan laboratoriya fəaliyyət göstərir ki, bu da istehsal olunan məhsulun keyfiyyətlə hazırlanmasında mühüm şərtdir. Daxil olan xammal və hazır məhsul həmin laboratoriyada analizdən keçirildikdən sonra satışa çıxarılır. İstehsal olunan məhsulun vaxtında və keyfiyyətlə ticarət obyektlərinə çatdırılması üçün müəssisə 2 avtomaşınla təmin olunub.
Muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də daxili bazarın tələbatına uyğun müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməkdir. Məhz həmin tədbirlərin nəticəsidir ki, muxtar respublikada bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələrin sayı artır. Yaradılan müəssisələr bir tərəfdən qeyri-ərzaq məhsullarının bolluğuna, diğər tərəfdən də əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR