23 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə tarazlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü məhsul istehsalına nail olmaqdan ibarətdir. Buna görə də milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir.

 Məqsədyönlü dövlət siyasəti ölkə­mizin bütün bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da sənayenin inkişafına şərait yaradıb. Təsadüfi deyil ki, təxminən, son 20 il ərzində muxtar respublikada çoxsaylı yeni müəssisələr istifadəyə verilib, mövcud müəssisələrin fəaliyyətlərinin bərpası və yenidən qurulması təmin olunub. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörək­bişirmə, qənnadı, mineral su, spirtli içkilər, siqaret, pivə, plastik qapı və pəncərə, plastik su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metaləritmə və onlarla digər istehsal sahələri yaradılıb. Sənaye sahələrinə böyük investisiyaların qoyulduğu Naxçıvan Sement Zavodu, minik avtomobillərinin istehsalını həyata keçirən Naxçıvan Avtomobil Zavodu və digər müəssisələr bu sahədə məhsul istehsalının həcminin artımına müsbət təsir göstərib. Nəticədə, ümumi daxili məhsul istehsalında sənaye məhsullarının həcmi durmadan ­artmaqdadır.

Muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, yeni məhsulların istehsalı bu sahədə dinamik inkişafı təmin edib. 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 550 milyon 110 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyib. Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,3 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ilin yanvar-iyun aylarında 4 milyon 312 min manat kredit verilib. Sənayedə istehsalın həcminin artması nəticəsində 2019-cu ilin ilk yarım ilində 151 milyon 253 min 500 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.
Məlumat üçün bildirək ki, muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 636 milyon 155 min 100 manat dəyərində məhsul istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Onu da qeyd edək ki, bu gün muxtar respublika iqtisadiyyatının şaxələndirilməsində sənaye sektoru əhəmiyyətli rol oynayır və müasir sənaye müəssisələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması bu sahənin sürətli inkişafına təkan verib.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR