23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada son dövrlər iqtisadi və sosial sahələrdə həyata keçirilən məqsədyönlü siyasət dinamik inkişafı təmin etməklə bərabər, əhalinin səmərəli məşğulluğuna da geniş imkanlar yaratmışdır.
“Naxçıvan Muxtar Respublikasının 2005-2008-ci illər Regional İnkişaf Proqramı”, Naxçıvan Muxtar Respublikasının 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası görülən işlərin əhatəliliyini daha da artırmış, muxtar respublikada yeni istehsal və xidmət sahələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, müasir avtomobil yolları və digər infrastruktur obyektləri istifadəyə verilmişdir. Aparılmış uğurlu siyasət əhalinin səmərəli məşğulluğunu təmin etməklə bərabər, təhsil, səhiyyə və digər sosial təminatlarını da yaxşılaşdırmışdır.
Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” təsdiq edilmişdir.

Muxtar respublikada 2007-2010-cu illərdə məşğulluq strategiyasının həyata keçirilməsi, 2014-2015 və 2016-2020-ci illərdə əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu icrası da işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazır­lığının təşkilinə geniş imkanlar yaratmışdır. Belə ki, təkcə 2019-cu ilin birinci yarım ilində Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, bərbər, aşpaz köməkçisi, dərzi, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər, videoçəkiliş üzrə operator, cəzaçəkmə müəssisəsində isə daşduz üzərində oyma və xalçaçı peşələri üzrə kurslara, ümumilikdə, 178 nəfər cəlb olunmuşdur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 1632 gənc müxtəlif peşələrə yiyələnmişdir.
Ötən dövrdə yeni iş yerlərinin yaradılması diqqətdə saxlanılmış, 2005-ci ildən 1 iyul 2019-cu il tarixədək muxtar respublikada 68 min 300 yeni iş yeri açılmışdır. Həmin iş yerlərinin 79,5 faizini daimi iş yerləri təşkil etmişdir. Bu iş yerlərinin 6166-sı yeni yaradılmış müəssisə və təşkilatlarda, 14639-u mövcud müəssisə və təşkilatlarda, 536-sı fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 32967-si isə fiziki şəxslərdə yaradılmışdır. Bu dövrdə ümumi açılmış iş yerlərinin 44,1 faizi Naxçıvan şəhərinin, 14,7 faizi Şərur, 12,5 faizi Babək, 7,1 faizi Ordubad, 8,6 faizi Culfa, 5,7 faizi Kəngərli, 4,8 faizi Şahbuz, 2,5 faizi Sədərək rayonlarının payına düşmüşdür.
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsi olaraq son dövrlər muxtar respublikada rəsmi işsiz statusu olan şəxs qeydə alınmamış, məşğul əhalinin sayı 2004-cü ilin sonu ilə müqayisədə 1,4 dəfə artaraq 1 iyul 2019-cu il tarixə 238,5 min nəfərə çatmışdır.
Sahibkarlığın inkişafı, yeni istehsal və xidmət sahələrinin yaradılması əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişiklik yaratmışdır. Belə ki, 2004-cü ildə muxtar respublikada dövlət sektorunda çalışanların sayı iqtisadiyyatda çalışanların ümumi sayının 23,7 faizini təşkil etmişdirsə, 2019-cu ilin birinci yarısında bu göstərici 16,8 faiz olmuşdur.
Cari ilin ötən dövründə muxtar respublikada muzdla işləyənlərin sayı 96,2 min nəfər təşkil etmişdir ki, bunun da 40 mini dövlət, 56,2 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,3 faizi sənaye, 12,1 faizi tikinti, 18 faizi topdan və pərakəndə ticarət, 5,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,9 faizi yaşayışın təşkili və ictimai iaşə, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,7 faizi daşınmaz əmlak­la əlaqədar əməliyyatlar, 1,2 faizi peşə, elmi və texniki fəaliyyət, 1,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və icbari sosial təminat, 15,3 faizi təhsil, 6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,8 faizi istirahət, əyləncə və incəsənət, 2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
Yüksək əməktutumlu iş yerlərinin yaradılması əhali rifahının davamlı yüksəlişinə əsaslı zəmin yaratmış, 2019-cu ilin yanvar-iyun aylarında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 449 manatı ötmüşdür. 2004-cü ildə bu göstərici 68 manat səviyyəsində olmuşdur. Hazırda bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği dövlət sektorunda 387,9, qeyri-dövlət sektorunda isə 493,1 manat təşkil edir. Bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və icbari sosial təminat, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınmışdır.
Muxtar respublikada davamlı iqtisadi tərəqqinin təmin edilməsi məqsədilə həyata keçirilən siyasət, insan kapitalının inkişafı, rəqabətə­davamlı və ixracyönümlü yeni məhsullar istehsal edən müəssisələrin yaradılması əmək ehtiyatlarından səmərəli istifadəni, əhalinin məşğulluq və sahibkarlıq imkanlarını daha da artırmaqdadır.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR