23 Dekabr 2024, Bazar ertəsi

“İllərdir, işimlə əlaqədar olaraq Bakı şəhərində yaşayıram. Doğma yurduma gələndə hər sahədəki inkişafı görür, çox sevinirəm. Mağazalardakı bolluq isə nəyə desən, dəyər. Xüsusilə yerli məhsullarla dolu rəfləri görəndə lap ürəyim açılır. “Gəmiqaya Qida Məhsulları” firma mağazası ata ocağımızın yaxınlığında yerləşir. Hər dəfə Naxçıvana qonaq gələndə bu mağazadan müəssisənin istehsalı olan məhsullardan alıb Bakıdakı yaxınlarıma, qonşularıma aparıram. Deyim ki, buradan aldığım qovurulmuş əriştə ev şəraitində hazırlanan əriştədən seçilmir. Şirniyyatların dadına, tamına da söz ola bilməz. Süd məhsulları da ki, lap yerinə düşür. Müəssisədə istehsal olunan pendir, qaymaq, ayran min dərdə dərmandır”.

Bu fikirlər yaxın günlərdə təsadüfən tanış olduğum Aynurə Səfərovaya məxsusdur. Onun sözlərindən sonra müəssisə ilə yaxından maraqlanmaq qərarına gəldim və həmin ünvana üz tutdum.
Öyrəndim ki, Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılıb. Bu istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Müəssisənin fəaliyyətinin genişləndirilməsi, müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla istehsal gücünün artırılması, yeni istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Sa­hibkarlığın İnkişafı Fondundan 2008-ci ildə əlavə dövlət maliyyə dəstəyi göstərilib. Bu vəsaitlə çörək sexində istehsal gücü saatda 3000 ədəd çörək olan tam avtomatlaşdırılmış yeni xətt istifadəyə verilib. Burada 5 növ çörək unundan hazır­lanan 14 çeşid çörək, lavaş istehsalı sahəsində isə saatda 4 çeşiddə üç min ədəd lavaş istehsal olunur. Onu da qeyd edək ki, müəssisədə “boradi” çörəyi də bişirilir. Bu çörək digərlərindən tərkibindəki vitaminlərə görə fərqlənir.
Daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına öz töhfəsini verən müəssisədə istehsal sahələri ilbəil genişləndirilir. 2012-ci ildən burada kəpəkli çörək istehsalına başlanılıb. İnsan sağlamlığı üçün vacib elementlərlə zəngin olan kəpəkli çörək keyfiyyətli qida məhsulu kimi alıcılar tərəfindən rəğbətlə qarşılanır.
Müəssisədə istehsal olunan digər məhsullara da tələbat çoxdur. Makaron sexində istehsal edilən makaronlar müxtəlif­ölçülü kisələrdə qablaşdırılır. İtaliya istehsalı olan 4 qurutma sobasından istifadə etməklə saat­da 300 kiloqram makaronun istehsal edilməsi daxili bazara öz töhfəsini verir. 2011-ci ildə müəssisədə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla Şərq şirniyyatları istehsalı sahəsi yaradılıb. Burada hazırlanan milli şirniyyat nümunələrimiz – şəkərbura, Ordubad və Şəki paxlavaları, müxtəlif çeşidlərdə qat-qat, şəkərçörək, şirin çörək, biskvit və digər unlu-qənnadı məmulatları nəfis tərtibatla bəzədilmiş taralarda satışa çıxarılır. Şirniyyat istehsalı sahəsində İran və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilərək saatda 200 kiloqram peçenye, 2 ton müxtəlif şirniyyat istehsal olunur.
Müəssisənin süd istehsalı sahəsində isə Hollandiya, Almaniya və Türkiyədən gətirilən avadanlıqlardan istifadə olunaraq gün ərzində 10 çeşiddən çox müxtəlif çəkilərdə 15 ton süd məhsulları istehsal olunur. İstehsal sahələrində istifadə edilən xammalın 60 faizi yerli məhsullardır. Fermer və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən xammal şəklində alınan süd məhsulları xüsusi maşınlarla müəssisəyə daşınır, laborator analizdən keçirildikdən sonra istehsala buraxılır. Sanitar­-gigiyenik qaydalara ciddi əməl olunduğu müəssisədə müasir avadanlıqlarla təchiz olun­­muş iki laboratoriya fəaliyyət ­göstərir.
Müəssisədə bütün istehsal prosesi İSO keyfiyyətli idarəetmə sisteminin və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil olunub, işçilər gündə üç dəfə pulsuz yeməklə təmin edilirlər.
Muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin əsas məqsədlərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, muxtar respublikada bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələrin sayı artır. Yaradılan müəssisələr bir tərəfdən ərzaq və qeyri-ərzaq məhsullarının bolluğuna, digər tərəfdən də əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir. Bütün bunlar onu deməyə əsas verir ki, əvvəllər alıcılar xaricdə istehsal olunan ərzaq və qeyri-ərzaq məhsullarına üstünlük verirdilərsə, indi artıq muxtar respublikada istehsal olunan məhsullara daha çox maraq göstərilir.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR