Bu gün muxtar respublikamızda ailə təsərrüfatlarının yaradılmasına, onların fəaliyyətlərinə hərtərəfli qayğı göstərilir. Daxili bazarın yerli keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində xüsusi payı olan ailə təsərrüfatlarının inkişafı istiqamətində dövlət tərəfindən aparılan kompleks tədbirlər belə təsərrüfatların sayının artması ilə yanaşı, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına da imkanlar açır.
Son illər muxtar respublikada ənənə halını alan, istehsal olunan məhsulların sərgi və satışı məqsədilə təşkil edilən “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları – bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları istehsalçılar və istehlakçılar tərəfindən yüksək dəyərləndirilib, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalına marağı daha da artırıb.
Yaradılan şərait və göstərilən dövlət dəstəyi nəticəsində hazırda muxtar respublikamızda heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilməsi də bu sahənin inkişafına öz töhfəsini verməkdədir.
Doğma diyarımızda fəaliyyət göstərən ailə təsərrüfatçıları yaradılan şəraitdən maksimum istifadə edərək öz təsərrüfatlarını daha da genişləndirirlər. Ailə təsərrüfatçıları arasında qadınlar da fəallıq göstərirlər.
Tarixən bol meyvəli bağları, təmiz havası, saf suyu olan zəngin təbiətli Naxçıvanda becərilən meyvələr bütün Zaqafqaziyada dadı və keyfiyyəti ilə seçilib. Yerli əhali meyvələrin qurudulmasında ənənəvi üsullardan məharətlə istifadə edib, öz ehtiyaclarını ödəməklə yanaşı, əmtəəlik məhsul da hazırlayıblar.
Bu gün qədim yurd yerində meyvəqurutma sahəsində ailə təsərrüfatı ilə məşğul olan, meyvələrin qurudulmasında xalq üsullarından özünəməxsus şəkildə istifadə edən təcrübəli təsərrüfatçılar var. Onlardan biri də Culfa rayonunun Kırna kənd sakini Çiçək Bayramovadır.
Onunla həmsöhbət olarkən dedi ki, altı ildir, bu təsərrüfat növü ilə məşğulam. Əvvəllər öz bağımda yetişən meyvələri qış tədarükü kimi qurudub saxlayırdım. Bir müddət sonra bağımızda yeni meyvə ağacları əkməklə məhsul istehsalını daha da artırdım. Qış üçün nəzərdə tutduğum meyvə qurularının artıq qalanını satışa çıxarmağa başladım. Bildiyimiz kimi, muxtar respublikamızda son illər ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Mənim də təsərrüfatımın genişlənməsində bu tədbirlərin tərkib hissəsi olan ailə təsərrüfatı məhsulları festivalları mühüm rol oynadı. İlk olaraq tut, gilənar, alma, ərik meyvələrini qurudub satırdım. Yaxşı haldır ki, bu gün təsərrüfat sahiblərinin istehsal etdikləri məhsulların satışını təşkil etmək məqsədilə yarmarkalar keçirilir, böyük marketlərin də köməyindən istifadə olunur. Mən də belə tədbirlərdə yaxından iştirak edərək ildən-ilə təsərrüfatımda məhsul istehsalını daha da artırdım.
Müsahibim qeyd etdi ki, hazırda sadaladığım məhsullardan əlavə tutdan bəkməz, tut qurusu, kəklikotu və çiyələkdən mürəbbə, kompot, bibər, kələm, alça turşusu, həmçinin alma və gilənardan çaxır və sirkə istehsal edirəm. Həmin məhsulları Naxçıvan şəhərindəki ailə təsərrüfatı məhsulları mağazasına, rayonumuzdakı ailə təsərrüfatı məhsulları üçün xüsusi guşə yaradılmış dükanlara verirəm. Alma çaxırı və sirkəsinə tələbat daha çoxdur.
Bu il yeni məhsullar istehsal etməyə başladığını deyən Çiçək Bayramova onu da bildirdi ki, təsərrüfatımızda qızlarımla birlikdə əriştə, yarma, bulqur, çörək, südlü çörək, fətir, dastana, lavaş çeşidləri, göycədən mürəbbə, lavaşa, cem, turşu və kompot hazırlayırıq.
Təsərrüfatçı onu da dedi ki, quru meyvə sahəsində bir yenilik də edib. Belə ki, ilk dəfə olaraq qovun və qarpız qurutmasını sınaqdan çıxarıb. Onlarda olarkən bu meyvələrdən də daddıq. Xüsusi üsulla qurudulan bu bostan məhsulları, həqiqətən də, dadı və tamı ilə çox ləzzətli idi.
Ailə təsərrüfatçısı ilə söhbətimiz zamanı məlum oldu ki, o, fəaliyyəti dövründə boş dayanmayıb, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqı, Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində muxtar respublikamızda keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində uğurla iştirak edib, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomu ilə təltif olunub.
Müsahibimin uğurları bununla bitmir. Belə ki, 2018-ci ildə keçirilən “Ailə təsərrüfatı məhsulları”, 2019-cu ildə isə keçirilən “Kətə” festivallarında birinci yerə layiq görülüb. Bundan əlavə, o, bu il ailə təsərrüfatının inkişafında fərqləndiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 7 mart tarixli Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Çiçək Bayramova qeyd edir ki, muxtar respublikada əmək adamlarının rahat fəaliyyəti üçün geniş imkanlar var, ailə təsərrüfatçıları da diqqətdə saxlanılır. Belə təsərrüfatların inkişafı, bu sahəyə göstərilən dəstək bunu bir daha təsdiq edir. Abad kəndlərimiz, rahat yollarımız var. Məhsullarımızı heç bir çətinlik çəkmədən bazara çıxara bilirik, keçirilən festivallarda iştirak edirik. İstehsal olunan məhsullarımızın qablaşdırılması onlara olan tələbatı daha da artırıb. Bu da bizi həvəsləndirir, daha çox məhsul istehsal edirik. Əsas məqsədimiz ev şəraitində istehsal edilən konservləşdirilmiş meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsidir. Önümüzdəki illərdə kredit götürməyi və bunun hesabına təsərrüfatımı daha da genişləndirməyi planlaşdırıram. Bizə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdaram.
Sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaradır. Formalaşmış iqtisadi mühitin inkişafının daha da stimullaşdırılmasında 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmasının da özünəməxsus yeri vardır. Bütün bunların nəticəsidir ki, muxtar respublikada çoxsahəli ailə təsərrüfatlarının sayı artmaqda davam edir.
Pərviz HACILI