23 Dekabr 2024, Bazar ertəsi

Bu, regional iqtisadiyyatın dinamik inkişafı ilə yanaşı, Naxçıvanın istehsalçı imicinin formalaşmasına da töhfə olacaq 

Müasir iqtisadiyyatı sənayesiz təsəvvür etmək mümkün deyil. Çünki sənaye istehsalı olmadan iqtisadi inkişaf əldə etmək, həmçinin müasir cəmiyyətin tələbatını ödəmək mümkün deyil. Buna görə də bütün inkişaf edən ölkələrdə olduğu kimi, respublikamızda da həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri sənaye məhsulları istehsalı ilə tarazlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönümlü məhsul istehsalına nail olmaqdan ibarətdir.
Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Sənayenin inkişafına göstərilən diqqət Naxçıvan Muxtar Respublikasında da bu sahədə qazanılan uğurları artırmaqdadır.
Sənayenin inkişafı xammala əsaslandığından bu xammaldan istifadə imkanları, o cümlədən emalı, daşınması, yeni məhsulun istehsalında yararlılıq faizi əsas amillərdən hesab olunur. Muxtar respublikanın ötən əsrin 90-cı illərindən blokada vəziyyətinə salınması sənaye infra­strukturunun yaradılmasında çətinliklər törətsə də, qarşıya qoyulmuş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı təmin olunub. Təsadüfi deyil ki, son iki onillikdə muxtar respublikada çoxsaylı yeni müəssisələr istifadəyə verilib, mövcud müəssisələrin fəaliyyətlərinin bərpası və yenidən qurulması diqqət mərkəzində saxlanılıb.

Görülmüş işlərin nəticəsidir ki, bu gün muxtar respublikada çörəkbişirmə, qənnadı, mineral su, spirtli içkilər, pivə, plastik qapı-pəncərə və su boruları, hörgü və döşəmə üçün kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton, karbon qazı, metal­əritmə və onlarla digər istehsal sahələri yaradılıb. Son illər sənaye sahələrinə böyük investisiyaların qoyulduğu müəssisələrin fəaliyyəti nəticəsində məhsul istehsalının həcmi artıb. Bu isə, öz növbəsində, muxtar respublikanın ümumi daxili məhsul istehsalında sənaye məhsullarının həcmini dəfələrlə yüksəldib. Sənaye məhsulları həcminin son 3 illik artım dinamikasına nəzər yetirsək, görərik ki, 2016-cı ildə muxtar respublikada istehsal olunan məhsulların həcmi 942 milyon manatdan çox olub. Bu istehsal həcmi 1995-ci illə müqayisədə 103, 2000-ci illə müqayisədə isə 69 dəfə çox deməkdir. 2017-ci ildə isə 967 milyon 60 min manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyir.
Sənayenin inkişaf dinamikası 2018-ci ildə də davam etdirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin ötən ilin yekunlarına dair açıqladığı hesabatda qeyd edilir ki, yeni sənaye müəssisələrinin yaradılmasına göstərilən dövlət dəstəyi əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də davam etdirilib. Belə ki, ötən il bu sahənin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 5 milyon 172 min manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 9,1 dəfə çoxdur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2018-ci ildə muxtar respublikada 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu isə 2017-ci ilin sənaye məhsulu ilə müqayisədə 1,3 faiz çoxdur. Eyni zamanda ötən il ümumi daxili məhsulun tərkibində ilk yeri də 27,4 faizlə sənaye sahəsi tutub və maddi istehsalın payı 58,6 faiz təşkil edib.
Qeyd etmək lazımdır ki, yeni məhsul növlərinin istehsalının təmin olunması daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, məşğulluq səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmaqla bərabər, ümumilikdə, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün əsas stimul­laşdırıcı amilə çevrilib.
Aparılmış məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir. Təbii ki, bütün bunlar da iqtisadi dövriyyədə sənayenin pay həcmini artırmaqdadır. Elə bu ilin yanvar-iyul aylarının statistikasına baxsaq, bu artımı əyani olaraq bir daha görərik. Statistikaya görə, muxtar respublikada bu ilin yanvar-iyul aylarında 1 milyard 545 milyon 776 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3382,4 manat olub. Eyni zamanda muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri də sənaye sahəsi tutur. Sənaye üzrə 636 milyon 155 min 100 manat dəyərində məhsul istehsal edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Muxtar respublikamızda sənaye məhsullarının həcmi davamlı olaraq hər il artmaqdadır. Son illərin statistik göstəricilərinə nəzər salsaq, görərik ki, 5 il bundan əvvəl – 2014-cü ildə muxtar respublikada 891 milyon 486 min 400, 2015-ci ildə 916 milyon 817 min 900, 2016-cı ildə 942 milyon 944 min 400, 2017-ci ildə 967 milyon 60 min, 2018-ci ildə isə 990 milyon 67 min manat dəyərində sənaye məhsulu istehsal olunub.
Sənaye məhsulunun ilbəil artım həcmi onu deməyə əsas verir ki, muxtar respublikada bu ilin sonuna qədər ilk dəfə olaraq sənaye məhsullarının həcmi bir milyard manatı ötəcək. Bu isə muxtar respublika iqtisadiyyatının çoxşaxəli və dinamik inkişafını özündə təcəssüm etdirməklə yanaşı, Naxçıvanın istehsalçı imicinin formalaşmasına da öz töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR