22 Dekabr 2024, Bazar

Ölkəmizdə, o cümlədən  muxtar respublikamızda həyata keçirilən uğurlu islahatlar iqtisadiyyatın gücləndirilməsinə əsaslı stimul olmuş, nəticədə, insanların sosial-rifah halı yüksəlmişdir. Yaradılan şəraitin, artan iqtisadi imkanların nəticəsidir ki, bu gün muxtar respublikada insanlar komfortlu avtomobillərə, irimiqyaslı layihələri və genişmiqyaslı quruculuq tədbirlərini həyata keçirən ayrı-ayrı  şirkətlər isə daha yaxşı manevr etmək imkanlarına malik maşın-mexanizmlərə və ağırtonnajlı yük avtomobillərinə daha çox üstünlük verirlər. Bu səbəbdən Naxçıvan şəhərində Sahibkarlığa Kömək Fondu tərəfindən ayrılan kredit və “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının daxili imkanları hesabına yeni xidmət sahəsi yaradılmışdır. 

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının 2012-ci ilin iyun ayında istifadəyə verilən Avtomobillərə Texniki Xidmət Müəssisəsi və Satış Mərkəzində bütün avtomobillərə, o cümlədən xaricdə istehsal edilmiş “Hyundai”, “Mitsubishi”, “KİA”, “Opel”, “Mercedes-Benz”, “Mazda”, “Toyota”, “Nissan”, “BMW”, “Ford” və digər markalardan olan yük və minik avtomobillərinə, kənd təsərrüfatı texnikalarına texniki xidmət göstərilməsinə, müxtəlifmarkalı avtomobillərin və ehtiyat hissələrinin satışına hərtərəfli şərait yaradılmışdır. 

Ümumi sahəsi 800 kvadratmetr olan müəssisə Cənubi Qafqazda ən böyük xidmət sahəsidir. Burada qəbul bölməsi, iş otaqları, 2 mərtəbəli satış salonu, ehtiyat hissələrinin satışı mağazası, müxtəlifprofilli təmir bölmələri, anbarlar, laboratoriya, yuyucu bölmə və 120 yerlik yeməkxana fəaliyyət göstərir. İkimərtəbəli satış salonunda xaricdə istehsal olunmuş müxtəlifmarkalı avtomobillərin satışı həyata keçirilir. Artıq muxtar respublika sakinləri xaricə getmədən həmin ölkələrdə istehsal olunan “Hyundai”, “KİA”, “Opel”, “Mercedes-Benz”, “Mazda”, “Toyota” və sair markalı minik avtomobillərini münasib qiymətlərə almaq imkanlarına malikdirlər. Avtomobillər nağd və ya kredit yolu ilə satılır. Kredit şərtlərinə uyğun olaraq, minik avtomobillərinin qiymətinin 30 faiz məbləği ilkin ödəniş edilir, qalan məbləğ isə 3 il müddətinə aylara bölünməklə ödənişi aparılır və həmin avtomobillərə 100 min kilometr və ya 4 il müddətinə zəmanət verilir.
Müəssisənin texniki xidmət bölməsindəki yük və minik avtomobillərinin təmiri sexində Almaniya istehsalı olan avadanlıqlarla təmin edilmiş avtomobillərin diaqnostik müayinə mərkəzi yaradılmışdır. Müraciət edən vətəndaşların avtomobilləri ilkin olaraq test-sınaq yoxlanışından keçirilir. Kompüterdə əks olunan göstəricilərin surətləri çıxarılıb müştəriyə təqdim edilir və həmin nasazlıqlara uyğun servis xidmətləri göstərilir. İtaliya, Almaniya, Türkiyə və İsveç istehsalı olan avadanlıqlarla təchiz edilmiş təmir bölmələrində kənd təsərrüfatı texnikalarına, minik və yük avtomobillərinə texniki xidmət göstərilir. Mərkəzdə gün ərzində 80 avtomobilə yüksək səviyyədə texniki xidmət göstərmək imkanı vardır.
Avtomobilboyama texniki xidmət sahəsində ən müasir avadanlıqlar quraşdırılmışdır. “Cahan Motors Avtomobillərin Təmiri və Satışı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bu sahə üzrə ixtisaslaşmış xarici şirkətlər arasında əldə olunan razılığa əsasən, buraya gətirilən yüksək keyfiyyətli boyaq maddələrindən istifadə olunur. Burada yük və minik avtomobillərinin qismən və ya tam şəkildə boyanması üçün Almaniya istehsalı olan havalandırma və istilik sistemi ilə təmin olunan, kompüterlə idarə edilən xüsusi qurğu quraşdırılmışdır. Boyanın vurulması və qurudulması xüsusi kabinədə aparılır ki, bu da görülən işin keyfiyyətində mühüm amildir.
Müəssisədə fəaliyyət göstərən səyyar servis xidmətinin yüksək səviyyədə aparılması üçün buraya ixtisaslı mütəxəssislər cəlb olunmuş, xüsusi avtomobillər ayrılmışdır. Bu da iş prosesində və ya səfər zamanı avtomobillərdə yaranan nasazlıqların yerindəcə aradan qaldırılmasına, yaxud lazım olduqda evakuatorla müəssisəyə gətirilməsinə imkan verir.
Servis xidmətlərinin lazımi səviyyədə aparılması müasir texnoloji avadanlıqlar və onları idarə edən ixtisaslı mütəxəssislərlə yanaşı, ehtiyat hissələrinin keyfiyyətli olmasından da asılıdır. Buna görə də avtomobillərin ehtiyat hissələrinin birbaşa istehsalçı müəssisələrdən alınıb gətirilməsi diqqət mərkəzində saxlanılmış, müəssisənin anbarında kifayət qədər ehtiyat yaradılmışdır.
Onu da qeyd edək ki, müasir texnoloji avadanlıqlarla təmin olunmuş “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının Avtomobillərə Texniki Xidmət Müəssisəsi və Satış Mərkəzi muxtar respublikamızda xaricdə istehsal edilən müxtəlif markalı avtomobillərin satışını həyata keçirən və yüksək keyfiyyətli servis xidməti göstərən yeganə müəssisədir. Gələcəkdə müəssisənin Şərur və Ordubad rayonlarında filiallarının yaradılması nəzərdə tutulur. Eyni zamanda müəssisədə Naxçıvan Dövlət Universitetində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin ali təhsil ocağında qazandıqları bilikləri istehsal sahəsində təcrübədə sınamalarına əlverişli şərait yaradılmışdır. Bu da gənc nəslin mütəxəssis kimi yetişməsinə və muxtar respublikamızda fəaliyyət göstərən müxtəliftəyinatlı istehsal və xidmət sahələrinin qabaqcıl təcrübəyə yiyələnmiş gənc mütəxəssislərlə təmin olunmasına geniş imkanlar açacaqdır.
Mütəxəssislərin və öz işini mükəmməl bilən sənətkarların çalışdığı müəssisədə texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunmaqla normal iş şəraiti yaradılmış, işçilər yüksək əməkhaqqı və xüsusi geyim formaları ilə təmin olunmuş, onların gediş-gəlişi üçün mikroavtobus ayrılmışdır.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR