Muxtar respublikamızda sahibkarlığın inkişafına dövlət tərəfindən sistemli dəstək tədbirlərinin göstərilməsi, aparılan məqsədyönlü siyasət nəticəsində diyarımızda ümumrespublika və beynəlxalq əhəmiyyətli layihələrdə uğurla iştirak edən, iqtisadiyyatın inkişafına töhfə verən güclü sahibkarlar təbəqəsi formalaşıb.
Həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə və regionumuzda əlverişli biznes və investisiya mühiti yaradılıb. Qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi təmin edilib, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının dəstəklənməsi diqqətdə saxlanılıb. Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, prosedurlar sadələşdirilib. Bununla yanaşı, investisiyaların və ixracın təşviqi mexanizmləri tətbiq olunur, yerli istehsalın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlər həyata keçirilir, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir.
Ölkəmizə investorların cəlb edilməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə reallaşdırılan iqtisadi siyasətin əsası kimi “bir pəncərə” sistemi, valyuta tənzimlənməsi sahəsi, daşınmaz əmlakın qeydiyyata alınması prosesi, vergitutma sahəsi, gömrük rejimi və lisenziyalaşdırma fəaliyyətlərinin həyata keçirilməsi zamanı güzəştləri göstərmək olar. Bir çox sahədə xarici investorlara əlavə hüquqi təminatlar yaratmaqla yanaşı, yerli sahibkarlıq subyektlərinin də investor qismində çıxış etməsi və xaricə kapital axınının qarşısının alınması məqsədilə investisiya fəaliyyətində güzəştlər tətbiq edərək stimullaşdırıcı tədbirlər görülüb.
Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Bu sənədin verilməsində əsas məqsəd investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və investisiyaların təşviqi ilə bağlı mexanizmin təkmilləşdirilməsidir.
“Naxçıvan Muxtar Respublikasında İnvestisiyaların Təşviqi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilib. Ötən müddət ərzində muxtar respublikamızda rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının artırılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 6 sahibkarlıq subyektinə 7 layihə üzrə investisiya qoyuluşunu nəzərdə tutan investisiya təşviqi sənədi verilib.
Müasir dövrdə davamlı inkişafın təmin edilməsində əhalinin sağlamlığı, yüksək həyat şəraitinin təmin edilməsi, düzgün məşğulluq siyasətinin həyata keçirilməsi nəticəsində yoxsulluq və işsizlik səviyyəsinin minimuma endirilməsi vacib məsələlərdən hesab olunur. Bazar iqtisadiyyatında məşğulluğun tənzimlənməsi səmərəli iqtisadi fəaliyyətin nizamlanmasına mühüm təsir etməklə yanaşı, həm də daim artan ehtiyacların ödənilməsi baxımından əhəmiyyət kəsb edir. Ona görə də müasir iqtisadi şəraitdə dövlətimizin makroiqtisadi siyasətinin əsas hədəflərindən biri əməkqabiliyyətli əhalinin məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Qeyd edək ki, muxtar respublikada ötən müddət ərzində investisiya layihələrinin reallaşdırılması nəticəsində 7 layihə üzrə 157 yeni iş yeri açılıb.
Bütün yuxarıda sadalananlar regionda investisiya fəaliyyətinin genişləndirilməsinin, biznes mühitinin yaxşılaşdırılmasının, sənaye istehsalının artırılmasının daim diqqətdə saxlanılmasından xəbər verir. Bununla bağlı qarşıya qoyulan əsas hədəflər isə sahibkarlar tərəfindən yerli resurslara əsaslanan müəssisələrin yaradılması və ixrac potensialının gücləndirilməsi layihələrinin həyata keçirilməsidir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti