23 Dekabr 2024, Bazar ertəsi

Son illər muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu siyasət, rəqabətədavamlı məhsullar istehsal edən yeni müəssisələrin yaradılması ümumi inkişafın təmin olunmasına geniş imkanlar açmışdır.
“Naxçıvan Muxtar Respublikasının 2005-2008-ci illər Regional İnkişaf Proqramı”, Naxçıvan Muxtar Respublikasının 2009-2013 və 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət pro­qramlarının uğurlu icrası ümumi inkişafın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əhatəliliyini daha da artırmışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında 2012-2015 və 2016-2020-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər də muxtar respublikanın dinamik inkişafının təmin olunmasında mühüm rol oynayıb.
Əldə olunmuş uğurların davamlı­lığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı” təsdiq edilib.

Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq muxtar respublikada 2019-cu ilin yanvar-iyul aylarında 1 milyard 545 milyon 776 min 400 manat dəyərində ümumi daxili məhsul istehsalı qeydə alınmışdır ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Ümumi daxili məhsulun 57 faizi məhsul istehsalının payına düşüb. Bu dövrdə sənaye məhsulu 1,3, kənd təsərrüfatı məhsulu isə 3,4 faiz artıb.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal edilir ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazır­da əhalinin 108-i ərzaq, 242-si qeyri­-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
İstehsal edilmiş keyfiyyətli yerli məhsullar daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialına da müsbət təsir göstərib. Qeyd edək ki, ixrac hər bir ölkənin, cəmiyyətin iqtisadi inkişafının əsas göstəricilərindən biri olub, ilk növbədə, daxili iqtisadiyyatın inkişafını xarakterizə edir. Mühüm hadisə kimi ilk dəfə 2009-cu ildə muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldonun yaranması da bu sahədə əhəmiyyətli nailiyyətlərin əldə edildiyini göstərir. Xarici ticarət dövriyyəsinin 51 faizini ixrac, 49 faizini isə idxal təşkil edib.

Muxtar respublikanın ixrac potensialının artırılmasında müasir gömrük sisteminin yaradılması da mühüm rol oynayıb. Belə ki, son dövrlər Culfa və Şahtaxtı Gömrük idarələrinin yeni sərhəd-keçid kompleksləri, Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleks, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi və “Naxçıvanterminal­kompleks” Birliyi üçün müasir gömrük infrastrukturları istifadəyə verilmişdir. Sədərək Gömrük İdarəsi üçün yeni sərhəd-keçid kompleksinin inşası hazırda davam etdirilir.
Qarşılıqlı razılaşmaya əsasən muxtar respublikada istehsal edilən və ya istehsal potensialı olan bəzi sənaye və kənd təsərrüfatı məhsullarına Türkiyə Respublikasına sərbəst ticarət imkanının verilməsi də ixrac potensialımızı artırmışdır.
Cari ilin ötən dövründə Türkiyə Respublikasının İqdır şəhərində Naxçıvan Muxtar Respublikasının Ticarət Evi istifadəyə verilmişdir ki, bu da muxtar respublikada istehsal olunan məhsulların təşviqi və satışına, eyni zamanda iş adamları arasında işgüzar görüşlərin təşkilinə və ticarət sövdələşmələri­nin aparılmasına geniş imkanlar yaratmaqdadır.
Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-iyul aylarında muxtar respublikada 253 milyon 361 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır ki, bunun da 221 milyon 587 min 800 ABŞ dolları ixracın, 31 milyon 773 min 200 ABŞ dolları isə idxalın payına ­düşüb.
Cari ilin yanvar-iyul aylarında ixracın dəyəri 2010-cu ilin yanvar­-iyul ayları ilə müqayisədə 2,4 dəfə artmışdır. Bu da, öz növbəsində, dinamik inkişafı xarakterizə edən mühüm göstəricidir. 2019-cu ilin yanvar-iyul aylarında ixracın 76 faizini və ya 168 milyon 483 min 900 ABŞ dollarını sənaye məhsulları, 24 faizini və ya 53 milyon 103 min 900 ABŞ dollarını isə kənd təsərrüfatı məhsulları təşkil etmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR