23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublika əhalisinə göstərilən rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə həyata keçirilən tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilib. Belə ki, muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin sonuncu mərhələsi üzrə işlər tamamlanmaqdadır. Culfa rayonunu əhatə edən bu layihə üzrə artıq mövcud 21 Daewoo və Kareltipli avtomat telefon stansiyaları demontaj olunaraq yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunub, 5 stansiya tələbat olan açıq ərazilərdə montaj edilib. Ümumilikdə, bu layihə ilə Culfa rayonu ərazisində 28 yeni nəsil telefon stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, rayonun Əbrəqunus və Ərəfsə məntəqələri arasında çəkilən 28 kilometr uzunluğunda 48 lifli yeraltı fiber-optik kabel xəttinin tikintisi başa çatdırılıb. Hazırda avtomat telefon stansiyaların bu xətt üzərində qurulan 10 GB/s-lik telekommunikasiya sisteminə inteqrasiya edilməsi həyata keçirilir. Yeni fiber-optik kabel xətti üzərində qurulan telekommunikasiya sisteminin və Əbrəqunus, Göydərə, Qazançı paylayıcı qovşaqlarının istifadəyə verilməsi, 18 yeni nəsil telefon stansiyasını, Naxtelin 6 baza stansiyasını, bu ərazilərdə yerləşən orta ümumtəhsil məktəblərini və digər qurumları yüksəksürətli arabağlantı və internet kanalları ilə təmin edəcəkdir.

Həmçinin 5-ci mərhələnin icrası ilə bağlı Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə bağlanmış müqavilədə Naxçıvan-Qıvraq-İbadullah-Sədərək, Duzdağ-Şahbuz, Naxçıvan-Əbrəqunus və Culfa-Əbrəqunus istiqamətlərində alternativliyi təmin edən İP bazalı çox protokollu kommutasiya sisteminin qurulması nəzərdə tutulur. Bunlardan Duzdağ-Şahbuz arası radiorele, digərləri isə optik kabel xətləri üzərindən təmin ediləcəkdir.
Həyata keçirilən səmərəli tədbirlər 4-cü nəsil Naxtel abunəçilərinin say artımına da real zəmin yaradıb. Hazır­da Naxtel istifadəçilərinin sayı 80 mini ötüb. Onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təqdim edilən mobil xidmətlərin keyfiyyətinin artırılması məqsədilə 5 yeni baza stansiyası və ehtiyat məlumat hesablama sistemi alınıb. Hazır­da baza stansiyaların və məlumat hesablama sisteminin quraşdırma- tənzimləmə işləri həyata keçirilir.
Bəhs olunan dövrdə internet xidmətlərinə artan tələbat nəzərə alınaraq həm “Türk Telekom” istiqamətindən, həm də “Delta Telekom” istiqamətindən daxil olan internet trafiki 1 Gb/s artırılıb, nəticədə, muxtar respublikaya daxil olan internet kanallarının həcmi 10 Gb/s-yə çatdırılıb. Görülən tədbirlər nəticəsində bu ilin ilk 6 ayı ərzində simli şəbəkə üzrə 2827 abunəçi asinxron internet bağlantısı ilə təmin edilib. “Evədək optika” layihəsi çərçivəsində isə 23 fərdi mənzilə fiber-optik kabel xətti çəkilib və gigabit passiv optik şəbəkə avadanlığı quraşdırılıb. Bundan əlavə, muxtar respublika üzrə mövcud avtomat telefon stansiyaların montaj tutumları hesabına bəhs olunan dövrdə 1028 yeni telefon nömrəsi istismara verilib. 2019-cu ilin birinci yarısında muxtar respublika ərazisində, ümumilikdə, 45 min 475 metr fiber-optik kabel xətlərinin tikintisi həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2018-ci il 2 mart tarixli Sərəncamının icrası ilə əlaqədar Rabitə və Yeni Texnologiyalar Nazirliyinin dəstəyi ilə Dövlət Statistika Komitəsi üçün hazırlanan “Statistik Məlumatlar Sistemi” bu il iyun ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istismara verilib.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR