Torpaq mülkiyyətçiləri artıq bu sahəyə daha çox maraq göstərirlər
Taxıllar fəsiləsinə aid olan qarğıdalı birillik dənli bitkidir. Vətəni Mərkəzi və Cənubi Amerika sayılır. İlk vaxtlar o az tapılan bəzək bitkisi kimi tanınsa da, çox keçmədən Fransa, İtaliya və Portuqaliyada geniş yayılaraq qiymətli ərzaq və yem bitkisi kimi istifadə olunub. XVI əsrdə onun yayılma arealı genişlənərək Şimali Afrika, Hindistan və Çinə gedib çıxıb. Rusiyaya isə XVII əsrdə gətirilib, oradan da Azərbaycana yayılıb. Bu gün qarğıdalı dünyada əkilən dənli bitkilər arasında buğdadan sonra ikinci yeri tutur.
Qarğıdalının xalq təsərrüfatında istifadə imkanları genişdir. Məsələn, onun dənələrindən şirə çəkir, şəkər, yağ, spirt istehsal edirlər. Bu bitki həm də yeyinti sənayesində geniş tətbiq olunur: ondan un, yarma və nişasta hazırlayır, nişastadan isə qənnadı sənayesində istifadə edilir.
Qarğıdalının tibbi əhəmiyyəti də vardır. XIX əsrin ikinci yarısında bu bitkinin saçaqlarının ödqovucu xüsusiyyətə malik olduğu müəyyən edilib. Hazırda isə ondan qaraciyər və öd kisəsinin iltihabında, habelə böyrəkdə daş olan hallarda müalicə məqsədilə istifadə edirlər. Xalq arasında qarğıdalının qovurub partladılmış şəklə salaraq yeyilməsi də qədimdən məlumdur. Elə bu təsərrüfat əhəmiyyətindən irəli gəlir ki, dən üçün əkilən bu bitkinin ümumi becərildiyi ərazi dünyada 130 milyon hektardan çoxdur. Qarğıdalı əkininə bu qədər yer verilməsinin səbəbi odur ki, bu bitki həm ərzaq məhsulu kimi, həm sənaye əhəmiyyətinə görə, həm də heyvandarlıqda faydalı yem istehsalı üçün böyük əhəmiyyət daşıyır. Eyni zamanda qarğıdalının tropik iqlimə malik ölkələrdən tutmuş yağıntının miqdarı çox olan şimal ölkələrinədək əkilə bilməsi bu qiymətli bitkinin daha geniş ərazilərdə yayılmasına imkan verir.
Qeyd edək ki, qarğıdalı bərk, dişə bənzər, nişastalı, partlayan, şəkərli, nişastalı-şəkərli, yarımdiş, mumabənzər və pərdəli kimi botaniki qruplara bölünsə də, ölkəmizdə, əsasən, bərk qarğıdalı sortunun əkilməsinə üstünlük verilir. Bir kiloqram quru dəndə 1,34 yem vahidi və 78 qram həzmolunan protein vardır. Buna görə də onun dənindən qarışıq yem istehsalında istifadə olunur. Bu bitkidən, eyni zamanda çox keyfiyyətli silos alınır. Onun yaşıl gövdəsi heyvandarlıqda şirəli yem kimi çox faydalıdır.
Qeyd edək ki, son illərdə muxtar respublikamızda da bu qiymətli bitkinin əkilməsinə maraq xeyli artıb. Bunun da bir sıra səbəbləri var. İlk növbədə, muxtar respublikanın iqlimi bu bitkinin əkilib-becərilməsinə əlverişli imkan yaradır. Mütəxəssislərin bildirdiyinə görə, qarğıdalı nisbətən quraqlığa dözümlü bitkidir. Bir sentner quru kütlə əmələ gətirmək üçün 20-30 ton su tələb edir ki, bu da vələmir və arpaya nisbətən azdır. Lakin yüksək məhsul almaq üçün o, daha çox su tələb edir. İnkişafın ilk mərhələsində hektara suyun orta sutkalıq sərfi 30-40 kubmetr, süpürgələmədən mum yetişməsinə qədər olan dövrdə isə 80-100 kubmetrə çatır. Ona görə də qarğıdalıdan 35-40 sentner dən məhsulu və ya 350-400 sentner yaşıl kütlə almaq üçün yay aylarında yağıntının miqdarı 260-300 millimetr olmalı, yaxud da suvarılmalıdır. Digər tərəfdən qarğıdalı quşçuluq təsərrüfatlarında əvəzolunmaz yem sayılır. Çünki tərkibində proteinin faizi yüksək olduğuna görə qarğıdalı yumurta istehsalında mühüm rol oynayır. Buna görə də həm maldarlığın, həm də quşçuluğun ilbəil inkişaf etdirilməsi bu bitkiyə olan tələbatı durmadan artırır. Eyni zamanda muxtar respublikada digər kənd təsərrüfatı bitkiləri kimi, qarğıdalının da əkilib-becərilməsi üçün indi münbit şərait yaradılıb, bunun üçün müxtəlif texnikalar alınıb gətirilib. Yaradılmış şərait, heyvandarlıq və quşçuluq təsərrüfatlarının genişləndirilməsi ildən-ilə bu qiymətli bitkinin də əkilməsinə marağı artırıb. Statistikaya nəzər salsaq, görərik ki, 10 il bundan əvvəl – 2009-cu ildə muxtar respublikamızda dən üçün əkilən bu bitkinin əkin sahəsi 723,6 hektara bərabər olub və sahələrdən 2865,4 ton məhsul yığılıb. 2012-ci ildə isə dən üçün qarğıdalı əkini sahəsi 845 hektara çatdırılaraq həmin sahələrdən 3382 ton məhsul tədarük edilib. 2017-ci ildə 1667 hektar sahədən yığılan 12572,9 ton qarğıdalı 2016-cı illə müqayisədə 20,2 faiz çox olub. Ötən il isə bu məhsulun əkini 1174 hektar sahədə aparılıb. Tədarük olunan məhsul 10 min 524 ton olub. Cari ildə isə qarğıdalı əkini sahələri 1004 hektar təşkil edib və bu sahələrin 717 hektarı Şərur rayonunun payına düşür.
Bu rəqəmlər onun göstəricisidir ki, qarğıdalı əkini artıq yerli torpaq mülkiyyətçiləri tərəfindən ən çox maraq göstərilən əkinçilik sahələrindəndir. Əvvəlki illərdə qazanılmış təcrübə, torpaq mülkiyyətçiləri üçün yeni imkanların yaradılması və tədarük məntəqələrində qarğıdalının bir kiloqramının 40 qəpikdən alınması bu məhsula olan marağı daha da artırıb. Artıq muxtar respublikada biçin kampaniyasına başlanılıb. Bu məqsədlə əvvəlcədən lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi, texnikaların saz vəziyyətə gətirilməsi məhsulun itkisiz və vaxtında yığılmasına imkan verəcək. Zəmilərə yaxşı aqrotexniki qulluq göstərilməsi isə bu il də bol məhsul əldə olunacağından xəbər verir.
Səbuhi HƏSƏNOV