Son illər muxtar respublika iqtisadiyyatının dinamik inkişafı, tikilən yeni binalar, çəkilən yollar, bir sözlə, aparılan abadlıq və quruculuq işləri bütün bölgələrimizi əhatə edir. Babək rayonu da ötən 41 il ərzində böyük inkişaf yolu keçərək muxtar respublikamızın müasirləşən bölgələrindən birinə çevrilib. Rayon əhalisinin böyük əksəriyyətinin yaşadığı kənd yaşayış məntəqələri də Heydər Əliyev ideyaları işığında bu gün hərtərəfli inkişaf edir, yeni görkəm alır. Belə yaşayış məntəqələrindən biri də Çeşməbasar kəndidir.
Bu yaşayış məntəqəsi Naxçıvan-Ordubad avtomobil yolunun kənarında yerləşir. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırov öz araşdırmalarında qeyd edir ki, “Çeşməbasar” “saf su”, “saf bulaq” mənasında işlənən toponimdir. Qədim tarixə malik Çeşməbasar kəndinin salınma tarixi dəqiq məlum deyil. XIX əsrə aid mənbələrdə toponimin “Çeşməsara” və “Çeşməbazar” variantlarına da rast gəlinir. Faktlar sübut edir ki, kənd tarixən mövcud olub, ancaq müxtəlif səbəblər üzündən bir neçə dəfə dağılıb, sonra burada həyat yenidən bərpa edilib. Kənd əhalisi bir müddət Araz kənarındakı keçmiş Yamxana kəndində məskən salıb, sonra öz kəndlərinə köçüb. Alim belə qənaətə gəlir ki, xalq etimologiyasına görə, Çeşməbasar “su basan yer” deməkdir. Mənbələrdə kəndin bulaq suyunun suvara bildiyi ərazidə yerləşdiyi üçün belə adlandırıldığı qeyd olunur. Digər tədqiqatçıların fikrincə isə, adın mənşəyi “çeşmə” (bulaq) və “basar” (ətraf ərazi) sözlərindən yaranıb, “bulaq ətrafı” mənasını verir. “Çeşməbasar” toponimi “bol, bolluq” anlamında işlənərək “saf su, saf bulaq, çoxlu çeşməsi, təmiz suyu olan yer” mənasını ifadə edir. Çeşməbasara yaxın ərazidə – Naxçıvanın 7 verstliyində dağ çayının axarı boyunca “Naxışnərgiz” adlı karbonat bulaqlara rast gəlinməsi və kənd ərazisindən bulağın çıxması bu adın yaranmasına səbəb olub...
Kəndin ağsaqqallarından Mövsüm Rzayevin Çeşməbasar kənd əhalisinin yaşayışı, adət-ənənələri haqqında söhbəti maraqlı oldu. Mövsüm Rzayev söhbətinə keçmişin qayğıları, bu günün sevincləri ilə başladı. O qeyd etdi ki, kənd sakinlərinin böyük bir qismi ya heyvandarlıqla, ya da ki, əkinçiliklə məşğul olaraq öz yaşayışlarını təmin edir. Əvvəllər yayılan müxtəlif xəstəliklərlə bağlı heyvanların tələf olması və bunun üçün heç bir profilaktik tədbirin görülməməsi, texnikanın çatışmazlığı və digər problemlər insanları təngə gətirmişdi. Mən həyatımın uzun illərini təhsilə sərf etmişəm. Yaxşı xatirimdədir, kəndimizin uçuq-sökük bir məktəbi vardı. Yağış yağanda sinif otaqlarını şagirdlərdən çox vedrələr bəzəyirdi. İstilik sistemləri, təbii qaz olmadığından sinif otaqlarında soyuq aylarda dərs keçmək xeyli çətinləşirdi. Ancaq, şükür ki, müstəqilliyimizin bəhrələrindən bizim kəndə də pay düşdü. İnsanların rahat yaşayışı üçün hər bir şərait yaradıldı. Yağış yağanda küçələrdə palçıqdan addım ata bilmədiyimiz yollar asfaltla döşəndi. Bütün standartlara cavab verən sosial obyektlər tikilərək kənd sakinlərinin istifadəsinə verildi. Bu gün nəinki Çeşməbasarda, elə qonşu kəndlərdə də insanların rahatlığı üçün hər cür şərait yaradılıb, kənd camaatı hərtərəfli qayğı ilə əhatə olunub. Fərdi təsərrüfatların genişləndirilməsi üçün lazımi dövlət dəstəyi göstərilir. Bu isə əhalinin işlə təmin olunmasında, məşğulluğunun artmasında xüsusi əhəmiyyət kəsb edir.
Mövsüm müəllim kənddə milli adət-ənənələrimizin yaşadıldığını bildirdi. O dedi ki, kəndimizdə bütün bayramlar xalqımıza xas olan adət-ənənə ilə keçirilir. Diqqətçəkən adətlərimizdən onu qeyd edə bilərəm ki, kənd sakinləri milli bayramlarda el ağsaqqallarını bir alma ilə ziyarət edir, hal-əhval tuturlar. Ona görə tək bir alma ilə görüşə gedilir ki, həm ziyarət edənlərin üzərinə yük düşməsin, həm də israfçılığa yol verilməsin.
Mövsüm Rzayev bildirdi ki, bu kənddə “Zəhmət olmasa, bərəkət olmaz” fikri sakinlərin bir növ yaşayış devizinə çevirilib. Kənd sakinləri dövlətimizin qayğısı nəticəsində hər il əkir, becərir və bol məhsul əldə edirlər. Həmsöhbətim sevinc və eyni zamanda qürur hissi ilə dedi ki, Çeşməbasar ildən-ilə gözəlləşir. Aparılan abadlıq, quruculuq işlərindən kəndimizə də pay düşüb. Bir neçə il bundan əvvəl tikilərək istifadəyə verilən mərasim evi də kənd insanlarının rahat yaşayışına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün qürur hissi ilə deyə bilərəm ki, Çeşməbasar qəsəbə görkəmli kəndə çevrilib.
Kəndin torpaq mülkiyyətçiləri ilə də həmsöhbət olduq. Onlardan biri uzun illərdir, taxılçılıqda yaxşı təcrübə qazanmış Əsgər Rzayevdir. Təsərrüfat adamı bildirdi ki, taxıl qayğı istəyən sahədir. Demək olar ki, məhsul götürəcəyin günə qədər sahəyə qulluq göstərməlisən. Aqrotexniki qaydalara əməl etmək isə əsas şərtdir. Sahələri vaxtında suvarmaq lazımdır ki, bol məhsul götürə biləsən. Su həyat mənbəyidir. Su olan yerdə bolluq da var, bərəkət də. Bir vaxtlar kənddə əkin sahələrini suvarmaq ciddi problemlər sırasında idi. Əkinçilər su növbəsində günlərlə vaxt itirsələr də, əkin sahələrini istədikləri kimi suvara bilmirdilər. Texnikanın çatışmazlığı, zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülməməsi kimi bir çox şəraitsizlik bu sahədə durğunluq yaratmışdı. Artıq son illərdə dövlətimizin qayğısı nəticəsində suvarma kanallarının çəkilməsi, əkin sahələrinin su ilə təmin olunması, sahibkarlara dəstək olaraq subsidiyaların verilməsi bizi daha da həvəsləndirir və məhsulumuzun bərəkəti ildən-ilə artır.
Əsgər Rzayev onu da qeyd etdi ki, kənd adamları burada yerli iqlim şəraitinə uyğun məhsuldar toxum sortlarına, şırım üsulu ilə əkinlərə üstünlük verir, sahələrə ilboyu aqrotexniki qaydalara uyğun qulluq göstərir, zərərvericilərə qarşı mübarizə tədbirləri aparırlar. Nəticədə, sahələrdən bol və sağlam məhsul hasilə gətirilir. Unutmaq olmaz ki, zəhmət varsa, bol məhsul da mütləq olacaqdır.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rüstəm Əliyevin dediyinə görə, Çeşməbasarda 390 hektar əkilən sahənin hamısı suvarılan torpaqlardır. Başa çatan təsərrüfat ilində kənddə 334 hektara yaxın taxıl sahəsindən bol məhsul tədarük edilib. Çeşməbasarda bağçılıq və tərəvəzçilik də geniş yayılıb. Hazırda həmin sahələrdən məhsul yığımı davam edir. Torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün payızlıq taxıl əkininə hazırlıq işləri görürlər.
Rüstəm Əliyev diqqətimizə çatdırdı ki, muxtar respublikamızda geniş vüsət almış müasirlik Çeşməbasara yeni görkəm qazandırıb, onu abad bir yaşayış məntəqəsinə çevirib. Burada sakinlərin problemlərinin vaxtında həlli, onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün əlverişli şərait yaradılıb. Kənd telefonlaşdırılıb, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilməsi təmin edilib.
Çeşməbasar Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, sahə polis məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi, arxiv və tədbirlər zalı vardır. Mərkəzin birinci mərtəbəsindəki rabitə evində 150 abonentə xidmət edən 384 nömrəlik yeni nəsil ATS quraşdırılıb. Bu da kənd sakinlərinə yüksəkkeyfiyyətli rabitə xidməti, o cümlədən genişzolaqlı internet, İP televiziya və digər elektron xidmətlərin göstərilməsinə imkan verir.
İcra nümayəndəsi onu da qeyd etdi ki, kənd sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün burada kitabxana və mədəniyyət evi də fəaliyyət göstərir. Kitabxana fondunda 4000-dən çox ədəbiyyat vardır. Yaradılan şərait kitabxana-oxucu münasibətlərinin yüksək səviyyədə qurulmasına imkan verir. Mədəniyyət evində isə işçilər üçün iş otaqları və iclas zalı ayrılıb. Bu da kənddə ictimai-mədəni tədbirlərin keçirilməsində əhəmiyyətli rol oynayır. Bundan əlavə, kənddə həkim ambulatoriyası da vardır. Ambulatoriyada sakinlərə nümunəvi xidmət göstərilir. Bunun üçün səhiyyə məntəqəsində lazımi şərait yaradılıb.
Ambulatoriya ilə tanış olduqdan sonra kənd tam orta məktəbinə də üz tutduq. Yaraşıqlı binası ilə şəhər məktəblərindən geri qalmayan təhsil ocağında bizi məktəbin direktoru Bənurə Babayeva qarşıladı. O bildirdi ki, muxtar respublikada təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi 2013-cü ildə Çeşməbasar kənd tam orta məktəbində yenidənqurma işləri aparılıb. İki mərtəbədən ibarət olan məktəb binası 234 şagird yerlikdir. Burada 3 elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter, müəllimlər otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Laboratoriyalar əyani vasitələrlə təmin edilib. İdman zalında idmanın müxtəlif növləri üzrə dərslərin tədrisi və şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait mövcuddur.
Müsahibim onu da bildirdi ki, yaradılan şərait qarşımıza bir məqsəd qoyur: dövlətimiz üçün savadlı, intellektual, vətənpərvər və dünyagörüşlü gənclər hazırlamaq. Biz də məktəb kollektivi olaraq yaradılan şəraitin müqabilində bu ali məqsəd üçün bütün qüvvəmizlə çalışırıq.
Bu gün muxtar respublikamızda həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin ən qiymətli sərvəti olan insanların rahat yaşayışına xidmət edir. Biz də Çeşməbasar kəndində bunun əyani şahidi olduq və gördüklərimiz kənddən xoş təəssüratlarla ayrılmağımıza səbəb oldu. Ümumi gəldiyimiz qənaət bundan ibarətdir ki, bu gün muxtar respublikamızın hərtərəfli inkişafını bütün yaşayış məntəqələrinin simasında görmək mümkündür. Elə Çeşməbasar da bu inkişafdan öz payını alaraq müasir Azərbaycan kəndinin bir nümunəsi olduğunu bura yolu düşən hər kəsə göstərir.
Pərviz HACILI