Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq reallaşdırılan, elmi əsaslara və liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasət nəticəsində muxtar respublika iqtisadiyyatının dinamik inkişafı ulu öndərimizin 90 illiyi ilə əlaqədar “Heydər Əliyev ili” elan edilmiş 2013-cü ilin ötən dövrü ərzində də davamlı artım templərini saxlamışdır. İlin əvvəlindən muxtar respublikada 975420,6 min manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 9,3 faiz üstələyir. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 31,9 faizlik payla sənaye, ikinci yeri isə 23,2 faizlik payla tikinti sahəsi tutmuşdur. 2013-cü ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 2271,6 manat (2894,9 ABŞ dolları) səviyyəsində olmuşdur. Ümumi Daxili Məhsulun 62 faizi maddi istehsal sektorunun payına düşmüşdür.
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 2013-cü ilin yanvar-iyun ayları ərzində sənaye məhsulunun həcmi 12,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 9,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, nəqliyyat sektorunda yük daşınması 10,3 faiz, informasiya və rabitə xidmətləri 6,7 faiz, o cümlədən mobil rabitə xidməti 6,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 17 faiz, əhaliyə göstərilən pullu xidmətlər 16,9 faiz, ixracın həcmi 7,3 faiz, əhalinin gəlirləri 5,6 faiz, hər bir nəfərə düşən gəlirlər 3,5 faiz, orta aylıq əməkhaqqı isə 4,5 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
Sənaye
Sahibkarlığın davamlı inkişafının dəstəklənməsi, innovativ fəaliyyət və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye potensialının qurulması üzrə aparılan iqtisadi siyasətin nəticəsi olaraq, 2013-cü ilin yanvar-iyun aylarında muxtar respublikada 459 milyon 535 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 12,5 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,7 faizi malların, 4,3 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 31 milyon 983 min manatlıq, qeyri-dövlət sektorunda isə 427 milyon 552 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 93 faizi özəl sektorun payına düşmüşdür.
Sənaye məhsulu istehsalının dinamikası, min manat
İstehsal potensialının gücləndirilməsi tədbirlərinə uyğun olaraq, cari ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə 30 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 73 istehsal və xidmət obyektinin qurulması hazırda davam etdirilməkdədir.
Sənaye istehsalının genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş və 2013-cü ilin altı ayı ərzində daxili tələbatdan artıq istehsal olunmuş 124 milyon 623 min Amerika Birləşmiş Ştatları dolları dəyərində sənaye məhsulu ixrac istiqamətində göndərilmişdir.
Sənaye potensialının gücləndirilməsinə yönəldilmiş kompleks islahatların uğurlu nəticəsidir ki, ölkəmizin iqtisadi rayonları arasında sənaye məhsulunun tərkibində qeyri-dövlət sektorunun xüsusi çəkisinə görə Naxçıvan iqtisadi rayonu 93 faizlik payla liderdir. Dünya təcrübəsindəki mövcud yanaşmaya əsasən, sənaye potensialının yüksək kateqoriyada təmsilolunma meyilləri – yəni maşınqayırma sənayesinin mövcudluğu və qeyri-ərzaq mallarının ərzağa nisbətdə mütləq üstünlüyü prinsipi muxtar respublikada tam şəkildə təmin olunmuşdur. Hazırda sənaye sahəsində 435 aktiv təsərrüfat subyekti mövcuddur ki, bunlarda da 15245 nəfər işçi çalışır.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu üzrə tədbirlər çərçivəsində cari ilin yanvar-iyun aylarında Naxçıvan şəhərində bir anbarın tikintisi başa çatdırılmış, mərkəzi hərbi xəstəxananın, məişət xidməti binasının, iki anbarın, üç yaşayış binasının və bir qazanxananın tikintisi, bir yaşayış binasının isə yenidən qurulması hazırda davam etdirilməkdədir.
“Naxçıvan” Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin, Kəngərli rayonundakı hərbi hissədə tədris-klub binasının tikintisi, həmin hərbi hissədə əsgər yataqxanasının yenidən qurulması davam etdirilir.
Sədərək rayonunda sərhəd məntəqəsinin təmiri başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin inzibati binası yenidən qurulur.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Muxtar respublikanın uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasətinin dərinləşdirilməsi, iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi prosesləri cari ilin ötən dövrü ərzində də diqqətdə saxlanılmışdır. 2013-cü ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala 508 milyon 267 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 9,8 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 448 milyon manatı və ya 88,1 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
Əsas kapitala yönəldilmiş investisiyanın dinamikası, min manat
2013-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 179 müxtəliftəyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş, 327 müxtəlif təyinatlı obyektin isə inşası və ya təmiri davam etdirilmişdir.
İnzibati binaların tikintisi üzrə 2013-cü ilin yanvar-iyun ayları ərzində, ümumilikdə, 7 inzibati binanın tikintisi və ya yenidən qurulması başa çatdırılmış, 33 inzibati binanın isə tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri hazırda davam etdirilməkdədir.
Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri bütün inzibati ərazimizi, o cümlədən ucqar yaşayış məntəqələrini də əhatə etməkdədir. Cari ilin yanvar-iyun aylarında 1 kənd mərkəzinin inşası başa çatdırılmış, hazırda 19 kənd mərkəzinin inşası işləri davam etdirilir.
Muxtar respublikanın şəhər və rayonlarında kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, cari ilin ötən dövrü ərzində “Mercedes” markalı 1 ədəd qarkürüyən və qumsəpən, 2 ədəd yoltəmizləyən və 3 ədəd tullantıdaşıyan maşın alınaraq muxtar respublikaya gətirilmişdir.
Ötən dövr ərzində muxtar respublikada 1 yaşayış binasının tikintisi, 3 yaşayış binasının əsaslı təmiri, 2 yaşayış binasının isə təmiri başa çatdırılmışdır. 7 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması, 8 yaşayış binasının əsaslı təmiri, 4 yaşayış binasının isə təmiri hazırda davam etdirilməkdədir.
Əhali gəlirlərinin dinamik artımı, həyat səviyyəsinin daha da yaxşılaşması fərdi yaşayış evlərinin inşası prosesini də xeyli sürətləndirmişdir. 2013-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 228 min 549 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 7866 kvadratmetr və ya 3,6 faiz çoxdur.
Muxtar respublikada su və kanalizasiya sistemlərinin müasir standartlar səviyyəsində qurulması istiqamətində reallaşdırılan tədbirlər davam etdirilir. “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Layihə çərçivəsində 1 iyul 2013-cü il tarixə Naxçıvan şəhərində 161,2 kilometr uzunluğunda kanalizasiya və 173,2 kilometr uzunluğunda içməli su xətləri çəkilmişdir. Bundan əlavə, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının mərkəzləri və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi istiqamətində, ümumilikdə, 177 kilometr uzunluğunda içməli su və 147,4 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir. Bu dövr ərzində 16 subartezian quyusunun tikintisi davam etdirilmişdir. Hazırda içməli su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilməkdədir.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Əhalinin ərzaq təhlükəsizliyinin etibarlı təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası istiqamətində ciddi nailiyyətlər əldə olunmuşdur. Belə ki, 2013-cü ilin yanvar-iyun aylarında proqramın qəbul olunduğu 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,8 dəfə artaraq 43 milyon 317 min manata, heyvandarlıq məhsullarının həcmi isə 62,6 faiz artaraq 47 milyon 652 min manata çatmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatının yaxşılaşdırılması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 186 ədədi 2013-cü ilin yanvar-iyun aylarında olmaqla, cəmi 1065 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2013-cü ilin yanvar-iyun ayları ərzində 166 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Aqroservis xidmətləri şəbəkəsinin işinin təkmilləşdirilməsi məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazası fəaliyyətə başlamışdır. Ötən dövr ərzində məhsul istehsalçıları 3 min 961 ton mineral gübrə ilə təmin olunmuşlar.
2013-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılmışdır ki, bu da 2012-ci ilin məhsulu üçün əkilmiş sahədən 9 hektar çoxdur.
Bu dövr ərzində taxılçılıq əsas əkinçilik sahəsi olmaqla diqqət mərkəzində saxlanılmışdır. 2013-cü ilin məhsulu üçün 35 min 324 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 29 min 280 hektarı payızlıq, 6 min 44 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 359 hektar artmışdır. Taxıl zəmilərinin 25 min 869 hektarında buğda, 9 min 455 hektarında isə arpa əkilmişdir. Hazırda taxıl biçini davam edir. Artan əhali tələbatını təmin etmək məqsədilə Naxçıvan şəhərində taxılın saxlanılması üçün üç yeni bunkerin yaradılması işləri hazırda davam etdirilməkdədir.
Tələbata uyğun olaraq, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2013-cü ildə 2957 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2012-ci ildə əkilmiş sahədən 126 hektar çoxdur.
Aqrar sektorun inkişafında mühüm təsir vasitəsi olan soyuducu anbarların yaradılması işi davam etdirilir. Cari ilin ötən dövrü ərzində tutumu 50 ton olan 1 soyuducu anbar istifadəyə verilmiş, soyuducu anbarların ümumi sayı 16-ya, ümumi tutumu isə 11 min 770 tona çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər meyvə və tərəvəz istehsalının artımına müsbət təsir göstərmişdir. 2013-cü ilin yanvar-iyun aylarında meyvə istehsalının həcmi bir il öncəyə nisbətdə 0,2 faiz, tərəvəz istehsalı isə 1,4 faiz artmışdır. Hazırda meyvə və tərəvəz yığımı davam edir.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafının davamlı olaraq dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları istehsalının həcminin artmasına müsbət təsir göstərməkdədir. Cari ilin ötən dövrü ərzində 1 heyvandarlıq təsərrüfatı yaradılmış, 1 heyvandarlıq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi işləri başa çatdırılmış, hazırda 2 heyvandarlıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilməkdədir.
2013-cü ilin yanvar-iyun aylarında heyvandarlıq təsərrüfatlarında 4172 baş inək və düyə süni yolla mayalandırılmış, əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 3408 baş sağlam buzov alınmışdır. Ötən dövr ərzində muxtar respublikaya 212 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
1 iyul 2013-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 110 min 999 baş, qoyun və keçilərin sayı isə 682 min 961 baş olmuşdur ki, bu da 1 iyul 2012-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,6 və 2 faiz üstələmişdir.
Mal-qaranın baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının qənaətbəxş artımını təmin etmişdir. 2013-cü ilin yanvar-iyun aylarında muxtar respublikada diri çəkidə 10261,3 ton ət, 45532,9 ton süd istehsal olunmuşdur ki, bu da 2012-ci ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 3,4 və 1,6 faiz çoxdur.
Daxili bazarda ət və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi istiqamətində tədbirlərə uyğun olaraq, cari ilin ötən dövrü ərzində 2 quşçuluq təsərrüfatı yaradılmış, hazırda 8 quşçuluq təsərrüfatının yaradılması və 2 quşçuluq təsərrüfatının fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilməkdədir.
Kənd təsərrüfatının mühüm sahələrindən olan arıçılığın inkişafı məqsədilə dövlət maliyyə dəstəyinin həcmi ildən-ilə artırılmaqdadır. Cari ilin ötən dövrü ərzində bu sahəyə bank və kredit təşkilatları tərəfindən 106 min manatdan artıq həcmdə kredit verilmişdir. Hazırda 2 arıçılıq təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir.
Ümumilikdə, cari ilin birinci yarımili ərzində kənd təsərrüfatı sahəsi üzrə təsərrüfat subyektlərinə 6 milyon 778 min manata yaxın həcmdə kreditin verilməsi təmin olunmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə yüksək məhsuldarlıq göstəricilərinin əsas vasitəsi hesab olunan geni modifikasiya olunmuş toxum materiallarından istifadə edilmədən orqanik məhsulların yetişdirilməsi işinə üstünlük verilməsi muxtar respublikada aqrar sektorun ən çətin seçimlərindən sayılır. Məhz bu baxımdan cari ilin ilk altı ayı üzrə kənd təsərrüfatı məhsullarının istehsal həcminin 91 milyon 349 min manata çataraq bir il öncəki göstəricini 6,3 faiz üstələməsi uğurlu göstəricidir.
Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın səmərəli ödənilməsi ilə yanaşı, ixrac potensialını gücləndirməkdədir. Cari ilin yanvar-iyun ayları ərzində muxtar respublikadan kənara 34 milyon 420 min ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Muxtar respublikada meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsinin nəticəsidir ki, torpaqların münbitliyinin saxlanılması və yüksəldilməsi əsasında kənd təsərrüfatı məhsulları istehsalının sabitliyi təmin olunmuş, az məhsuldar və istifadəsiz torpaqlar yaxşılaşdırılmaqla əkin dövriyyəsinə cəlb edilmişdir. İlin ilk 6 ayında 1 yeni subartezian quyusu tikilərək istifadəyə verilmiş, 5 kəhriz təmir olunmuş, 1 kəhrizin bərpası, 7 kəhrizin təmiri hazırda davam etdirilir. Su anbarlarına suyun yığılması, kollektor-drenaj şəbəkələrinin inşası və təmiri, yeni kanalların tikintisi, yaşıllıq zolaqlarının suvarılması üçün su xətlərinin çəkilməsi, nasos stansiyalarının təmiri işləri davamlı aparılmaqla suvarma suyuna olan tələbat tam şəkildə təmin edilməkdədir.
Təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi işi davamlı xarakter almaqla iqtisadi potensialın yüksəlişinə paralel aparılmaqdadır. Bu istiqamətdə aparılan tədbirlərin davamı olaraq, cari ilin ilk yarımili ərzində muxtar respublikada 230 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmışdır.
Kənd təsərrüfatının ümumi məhsulu, min manat
Nəqliyyat, informasiya və rabitə, energetika
Muxtar respublikada nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun olaraq yeniləşdirilməsi istiqamətində işlər davam etdirilməkdədir. Cari ilin yanvar-iyun aylarında Naxçıvan-Şahbuz-Batabat, Hacıvar-Vayxır-Sirab, Şəkərabad-Hacıvar, Qıvraq-Püsyan-Xanlıqlar, Ayrınc-Qızıl Qışlaq-Güney Qışlaq və Ağbulaq-Gömür avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, C.Məmmədquluzadə, Ə.Əliyev və N.Tusi küçələrində avtomobil yollarının yenidən qurulması davam etdirilmişdir.
Şərur rayonunun Şahbulaq və Xanlıqlar, Kəngərli rayonunun Xok kəndlərinə giriş avtomobil yollarının yenidən qurulması, Şahbuz rayonunun Aşağı Qışlaq-Yuxarı Qışlaq avtomobil yolunda və Ordubad rayonunun Gənzə kəndində avtomobil yolunda istinad divarlarının tikintisi işləri davam etdirilir.
Şərur rayonunda bir körpünün təmiri başa çatdırılmış, Şahbuz rayonunda yeddi, Şərur və Babək rayonlarının hər birində bir körpünün tikintisi, Şahbuz rayonunda bir körpünün yenidən qurulması və dörd körpünün təmiri davam etdirilməkdədir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada müasir avtomobil yollarının çəkilişində istifadə olunması məqsədilə 2 ədəd “CAT” markalı yükləyici ekskavator və 1 ədəd “CAT” markalı vərdənə, hava nəqliyyatı infrastrukturunun yaxşılaşdırılması və əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanına yeni müasirtipli maşın-mexanizmlər gətirilmişdir. Bu dövr ərzində dəmir yolu nəqliyyatının ahəngdar işi təmin olunmuşdur.
İlin əvvəlindən ötən dövr ərzində muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz, sərnişin daşınması isə 8,7 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 21 milyon 542 min manat gəlir əldə edilmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 8,3 faiz çoxdur.
Əhalinin alıcılıq qabiliyyətinin yüksəlişini və əlverişli kreditləşməni təcəssüm etdirən avtomobil alışı prosesi üzrə intensivlik müşahidə olunmaqdadır. Belə ki, cari ilin ilk altı ayı ərzində muxtar respublikada 1060 avtomobil xarici ölkələrdən idxal olunmuş və yerli istehsaldan satın alınmışdır. Araşdırmalar göstərir ki, artıq muxtar respublikanın şəhər və qəsəbələrində yaşayan hər 3 ailədən 2-si minik avtomobilinə sahibdir və bu göstərici Qərbi Avropa üzrə orta yaşayış standartlarına uyğundur.
İnformasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, optik kabel magistrallarının inşası və elektron xidmətlər üzrə fəaliyyət davamlı xarakter almışdır. Bu dövr ərzində Naxçıvan şəhərinin Tumbul kəndində 512, Şərur rayonunun Həmzəli kəndində 128, Gümüşlü kəndində 96, Babək rayonunun Şəkərabad kəndində 576, Ordubad rayonunun Çənnəb kəndində 32 və Şahbuz rayonunun Badamlı qəsəbəsində 128 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılmışdır.
2013-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 998 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş, 1 iyul 2013-cü il tarixə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 67-yə çatmışdır.
1 iyul 2013-cü il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 444887 ədəd, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı isə 104 ədəd olmuşdur.
2013-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2012-ci ilin müvafiq dövründəki göstəricini 6,7 faiz üstələyərək 22 milyon 847 min manat olmuşdur. Ümumi xidmətlərin 85,4 faizi mobil rabitə xidmətinin payına düşmüşdür ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 6,3 faiz çoxdur.
Enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər istiqamətində cari ilin ötən dövrü ərzində Şərur rayonunda 20,5 meqavat gücündə Arpaçay Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Şərur rayonunda 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının inşası işləri davam etdirilməkdədir. İcrası uğurla davam etdirilən enerji layihələri deməyə əsas verir ki, yaxın illərdə muxtar respublikada daxili tələbatın ödənilməsi tamamilə su elektrik stansiyalarının işi hesabına təmin olunacaqdır ki, bu da istehsal prosesinin ən rentabelli formasıdır.
Ordubad rayonunda 110/35/10 kilovoltluq “Ordubad” elektrik yarımstansiyasının tikintisi və avadanlıqlarla təchiz edilməsi işləri başa çatdırılmışdır.
Muxtar respublikada 9 ədəd müxtəlif güclü transformator yarımstansiyasının quraşdırılması və 33,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətlərinin çəkilişi işləri başa çatdırılmışdır.
Hazırkı iqtisadi təcrübədə ümumi iqtisadi fəallığı səciyyələndirmək üçün istifadə olunan yanaşmalardan biri sahibkarlıq obyektlərində elektrik enerjisi istehlakı üzrə dinamikanın izlənilməsindən ibarətdir. Məhz bu yanaşma çərçivəsində müqayisə etsək, təkcə son 10 ildə sahibkarlıq qrupu üzrə elektrik enerjisi istehlakının 7 dəfə artması ümumi inkişaf meylinə paralel yüksəlişdir.
Enerji təhlükəsizliyinin əsas tərkib hissəsi kimi istehlakçıların təbii qazla təminatı prosesi təsərrüfat fəaliyyətinin inkişafında mühüm rol oynamaqdadır. 1 iyul 2013-cü il tarixə 80 min 533 əhali abonenti təbii qazla təmin olunmuşdur. Hazırda Naxçıvan-Sədərək yüksək təzyiqli qaz xəttinin tikintisi işləri davam etdirilməkdədir.
Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri
Muxtar respublikada sаhibkаrlığın inkişаfı, əlvеrişli biznеs mühitinin yаrаdılmаsı iqtisаdiyyаtın dаvаmlı və tаrаzlı inkişаfını sürətləndirməkdədir.
Cari ilin ötən dövrü ərzində Naxçıvan şəhərində biznes forumların, işgüzar görüş və konfransların keçirilməsini, həmçinin yerli məhsulların tanıdılması və satışının təşkilini təmin etmək məqsədilə Biznes Mərkəzi yaradılmışdır.
Sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində 2013-cü ilin ötən dövrü ərzində muxtar respublika üzrə 16 hüquqi və 731 fiziki şəxs qeydiyyata alınmışdır.
İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi işi ötən dövr ərzində də davam etdirilmişdir. 2013-cü ilin yanvar-iyun ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara 23 milyon 550 min manatdan artıq həcmdə kreditlərin verilməsi təmin olunmuşdur.
Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 344 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 115 növü ərzaq, 229 növü qeyri-ərzaq məhsullarıdır. 106 növdə ərzaq, 224 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 330 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Əhalinin alıcılıq qabiliyyətinin daha da gücləndirilməsi üçün reallaşdırılan tədbirlərin bir istiqamətini daxili bazarda inflyasiya yarada biləcək amillərin vaxtında aradan qaldırılması işi təşkil etməkdədir. Haqsız rəqabətə yol verilməməsi, antiinhisar siyasətinin davamlılığı, istehsalçıların satış bazarlarına sərbəst çıxışı, təsərrüfatların su, texnika, gübrə, toxum təminatının diqqətdə saxlanılması, uzunmüddətli və aşağı faizli kreditlərə üstünlük verilməsi, digər bu kimi zəruri tədbirlər istehlak bazarında aşağı qiymətləri təmin etməkdədir. Hazırda Naxçıvan Muxtar Respublikası ölkəmizin iqtisadi rayonları arasında istehlak qiymətlərinin stabilliyinə və aşağı həddinə görə xüsusilə fərqlənməkdədir. İlin əvvəlindən ötən dövr ərzində digər iqtisadi rayonlarımızda, ümumilikdə, 2 faiz həddində inflyasiya, Naxçıvan Muxtar Respublikasında isə 0,2 faizlik deflyasiya qeydə alınmışdır. Bu dövr ərzində ərzaq məhsulları üzrə 1,3 faiz, qeyri-ərzaq qrupu üzrə 0,2 faiz ucuzlaşma müşahidə olunmuşdur. Yerli istehsal potensialının davamlı olaraq gücləndirilməsi strategiyası, xüsusilə ərzaq təhlükəsizliyi tədbirlərinin intensivləşdirilməsi, elevator və soyuducu anbarlar kompleksinin yaradılması ilin ikinci yarısı üzrə xarakterik olan mövsümi və idxal olunan inflyasiyanın sıfır səviyyəsində saxlanılmasına imkan yaradacaqdır.
2013-cü ilin ilk altı ayında muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 5,6 faiz artaraq 730 milyon 176 min manata, onun hər bir nəfərə düşən həcmi isə 3,5 faizlik artımla 1700 manata çatmışdır. Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 374,5 manata çatmışdır ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 4,5 faiz çoxdur.
Əgər əvvəllər iqtisadi qurumlar maliyyə aktivlərinə nisbətdə daşınmaz əmlaka üstünlük verən əhali qrupunu Şərq ölkələrinə aid edirdisə, hazırda bu meyillər dünya üzrə aparıcı mövqe qazanıb və əhali gəlirləri üzrə monitorinqlər, əsasən, bu istiqamətdə, yəni daşınmaz əmlak üzrə təşkil olunmaqdadır. Bu kontekstdə aparılmış qapalı araşdırmalarımız göstərir ki, hazırda muxtar respublikada yaşayan ailələrin 31 faizi 2 və daha artıq daşınmaz əmlaka sahibdir ki, bu da iqtisadi əminlik indeksini yüksəltməkdədir.
İqtisadi sahədə həyata keçirilən dövlət siyasətinin əsas hədəflərindən biri kimi səmərəli məşğulluğun təşkili prosesi üzrə ciddi uğurlar qazanılmışdır. 2003-cü il oktyabr ayının 1-dən 1 iyul 2013-cü il tarixədək muxtar respublikada 58460 yeni iş yeri yaradılmışdır ki, bunun da 42078-i və ya 72 faizi daimi iş yerləridir. 2013-cü ilin yanvar-iyun ayları ərzində yaradılmış 1351 yeni iş yerinin 1280-i və ya 94,7 faizi daimi iş yerlərinin payına düşür.
Hazırda muxtar respublikada mülki sektorda 92 min nəfər sakin stabil əməkhaqqı təminatı ilə işləməkdədir ki, bu da muxtar respublika tarixində qeydə alınan rekord göstəricilərdəndir. Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 375 manat həddindədir. Ümumi iqtisadi inkişafın davamlı təşviqi strategiyasına və qeyri-leqal məşğulluğun aradan qaldırılması tədbirlərinə uyğun olaraq, orta aylıq əməkhaqqının həcmi göstəricisi üzrə Naxçıvan Muxtar Respublikası ölkədə Bakı şəhərindən sonra ikinci yerdə, iqtisadi rayonlarımız arasında isə ilk yerdə təmsil olunmaqdadır.
İstehlak bazarı
Əhalinin alıcılıq qabiliyyətinin dinamik yüksəlişi əmtəə dövriyyəsinin həcminin də genişlənməsini şərtləndirir. 2013-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 496 milyon manata yaxın həcmdə istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da bir il öncəki göstəricidən 17,3 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Dəmirçi, Xanlıqlar, Şahbulaq, Sərxanlı və Gümüşlü, Babək rayonunun Cəhri, Ordubad rayonunun Nürgüt və Bist, Culfa rayonunun Teyvaz, Kırna və Əlincə, Şahbuz rayonunun Qızıl Qışlaq, Sələsüz, Kükü və Ayrınc kəndlərində xidmət mərkəzlərinin yaradılması işləri davam etdirilməkdədir.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
İdxaləvəzləyici və ixracyönümlü məhsul istehsalının ciddi şəkildə dəstəklənməsi iqtisadi siyasətin əsas istiqaməti kimi saxlanılmışdır. Hazırda idxalın tərkibində əsas yeri sənayeləşmə proseslərinin intensivliyinə uyğun olaraq, müasir texnologiyalar tutmaqdadır. 2013-cü ilin ötən dövrü ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 230 milyon 400 min ABŞ dollarına çatmışdır ki, bu da bir il öncəki müvafiq göstəricidən 25,7 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 159 milyon 44 min ABŞ dollarını ixrac, 71 milyon 356 min ABŞ dollarını isə idxal təşkil etmiş və 87 milyon 688 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı hazırkı yüksək iqtisadi aktivliyə paralellik təşkil etməkdədir. Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması üçün cari ilin yanvar-iyun ayları ərzində 91 POS-terminal quraşdırılmış və bu göstərici 1 iyul 2013-cü il tarixə 187-yə çatdırılmışdır. POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına, nəticədə isə iqtisadiyyatın inkişafına müsbət təsir göstərməkdədir.
1 iyul 2013-cü il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 21157-yə çatmışdır ki, bunun da 18158-i və ya 85,8 faizi aktiv hesablardır. 2013-cü ilin yanvar-iyun ayları ərzində açılmış 4292 bank hesabının 4238-i və ya 98,7 faizi aktiv hesablardır.
Bu gün Naxçıvan Muxtar Respublikasında sığorta bazarı əvvəlki dövrlərə nisbətən daha çox dəyişən və inkişaf edən fəaliyyət sahələrindəndir. İctimai münasibətlərin dərinləşdiyi hazırkı dövrümüzdə muxtar respublikada şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sisteminin effektiv tənzimlənməsi təmin olunmuşdur. 2013-cü ilin yanvar-iyun aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 2487,1 min manat olmuşdur ki, bu da 2012-ci ilin yanvar-iyun aylarındakı müvafiq göstəricidən 233,5 min manat və ya 10,4 faiz çoxdur. Bu sahədə maliyyə resurslarının gücləndirilməsi baş vermiş hadisələr üzrə sığortalananlara ödənişin optimallaşdırılmasına əlverişli şərait yaratmış, cari ilin ötən dövrü ərzində sığorta hadisələri çərçivəsində vətəndaşlarımıza 1342,7 min manat vəsait ödənmişdir. Bu isə bir il öncəyə nisbətdə 320,2 min manat və ya 31,3 faiz çoxdur.
Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən dövrü ərzində də sosial siyasətin mühüm tərkib hissəsi kimi təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri diqqət mərkəzində saxlanılmış, Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanasının, Naxçıvan Dövlət Texniki Kollecinin binalarının təmiri başa çatdırılmış, Naxçıvan Özəl Universitetində yeni infrastruktur obyektlərinin tikintisi, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq korpusunun yenidən qurulması davam etdirilmişdir.
Naxçıvan şəhərində 972 şagird yerlik 10 nömrəli, Babək rayonunun Şəkərabad kəndində 306 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Sərxanlı və Şahbulaq, Ordubad rayonunun Nəsirvaz, Sabirkənd, Ələhi və Xurs, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Qızıl Qışlaq kəndlərində tam orta məktəb binalarının tikintisi hazırda davam etdirilir.
Naxçıvan şəhərində 11 və 16 nömrəli, Babək rayonunun Cəhri kəndində 1 nömrəli, Şərur rayonunun Dəmirçi və Xanlıqlar, Ordubad rayonunun Nürgüt, Culfa rayonunun Kırna, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Kükü, Sədərək rayonunun Sədərək kəndlərində tam orta məktəb binalarının yenidən qurulması, Culfa rayonunun Şurud kəndində tam orta məktəb binasının əsaslı təmiri davam etdirilməkdədir.
Ordubad şəhərində 242 yerlik uşaq bağçası binasının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində, Babək rayonunun Babək və Sədərək rayonunun Heydərabad qəsəbələrində uşaq bağçası binalarının tikintisi hazırda davam etdirilir.
Naxçıvan şəhərində Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin tikintisi başa çatdırılmış, 3 nömrəli Uşaq Musiqi Məktəbi binasının yenidən qurulması davam etdirilmişdir. Bundan əlavə, Şərur rayonunda Şərur Peşə Liseyinin tikintisi işləri davam etdirilməkdədir.
Səhiyyə sahəsində genişmiqyaslı infrastruktur quruculuğu tədbirlərinə uyğun olaraq, hazırda Babək Rayon Mərkəzi Xəstəxanasının, Naxçıvan Muxtar Respublika Dəri-Zöhrəvi Dispanserinin, Yoluxucu Xəstəliklər, Qazanılmış İmmun Çatışmazlıq Sindromu ilə Mübarizə və Profilaktika mərkəzlərinin binasının tikintisi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulması, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının isə əsaslı təmiri davam etdirilir.
Babək rayonunun Şəkərabad kəndində feldşer-mama məntəqəsinin tikintisi başa çatdırılmış, Şərur rayonunun Sərxanlı, Xanlıqlar və Dəmirçi, Babək rayonunun Şıxmahmud və Çeşməbasar, Ordubad rayonunun Bist, Culfa rayonunun Kırna, Kəngərli rayonunun Xok və Şahbuz rayonunun Kükü kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şahbuz rayonunun Sələsüz kəndində həkim ambulatoriyası binasının yenidən qurulması davam etdirilməkdədir.
Sosial layihələr çərçivəsində cari ilin ötən dövrü ərzində yüksək ixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 129 cərrahi əməliyyat, o cümlədən 28 nəfər xəstədə açıq ürək, 5 nəfər xəstədə periferik damar, 47 nəfər xəstədə göz və 49 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmış, 16 nəfər xəstənin ürək damarlarına stend qoyulmuşdur.
Yoluxucu xəstəliklərlə mübarizədə ən yaxşı profilaktika insanlara keyfiyyətli həyat tərzinə çatmaqda yardım etməkdən ibarətdir. Məhz bu baxımdan sevindirici hal və sakinlərimizin keyfiyyətli həyat tərzinin açıq səciyyəsi ondan ibarətdir ki, Ümumdünya Səhiyyə Təşkilatının müntəzəm monitorinqdə saxladığı əsas yoluxucu xəstəliklərə, o cümlədən salmonellyoz, bakterial dezinteriya, difteriya, epidemik par, pedikulyoz, malyariya, leyşmanioz, poliemielit və tetanus kimi xəstəliklərə muxtar respublika ərazisində son onillikdə təsadüf olunmur. Bu isə, ilk növbədə, keyfiyyətli səhiyyə xidmətlərindən öncə keyfiyyətli həyat tərzinin təmin olunmasının nəticələridir.
2013-cü ilin ötən dövrü ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 1 milyon 734 min manata yaxın həcmdə ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ünvanlı dövlət sosial yardımı alanların sayı ümumi əhalinin 2,8 faizini təşkil etmişdir ki, bu da öz minimal həddi ilə ümumi inkişafa uyğun mütənasiblikdədir.
Ümumilikdə, bu dövr ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 128 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud olan 115 uşağın müalicəsi təşkil edilmiş, eyni zamanda onurğa və sinir xəstəlikləri olan 6 nəfər Ukrayna Respublikasına müalicəyə göndərilmişdir. Ötən dövr ərzində 60 nəfər əlil müxtəlif sanatoriyalara yollayışlarla təmin edilmiş, sosial qayğıya ehtiyacı olan 30 şəxsə minik avtomobilləri verilmiş, bir ailə üçün fərdi yaşayış evinin tikintisi hazırda davam etdirilməkdədir.
Muxtar respublikamızda demoqrafik siyasət əhali rifahının yaxşılaşdırılması və ailələrin iqtisadi müstəqilliyinin təmin edilməsi fonunda reallaşdırılmaqdadır.
1 iyul 2013-cü il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 8774 nəfər və ya 2,1 faiz artaraq 431628 nəfərə çatmışdır. İlk 6 ayda 5225 körpə dünyaya gəlmiş və gün ərzində doğulan uşaqların orta sayı 30 nəfərə çatmaqla doğumu davamlı stimullaşdıran Sovetlər Birliyi dönəmindəki 18 nəfərlik orta göstəricini üstələmişdir. Hazırda muxtar respublika üzrə müsbət miqrasiya saldosu müşahidə olunmaqdadır və son bir ildə daimi yaşayış üçün muxtar respublikaya gələn 1069 nəfər qeydiyyata alınmışdır.
Əhali sağlamlığının və rifahının davamlı yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması, öz növbəsində, 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salmışdır. İlin ilk 6 ayında bu göstərici cəmi 1 nəfər təşkil etmişdir. Perinatal ana ölümü isə sıfır səviyyəsindədir.
Hazırkı dünya təcrübəsində inzibati ərazilərdə insanların məskunlaşma səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə mənzil bazarı üzrə mövcud qiymətlərin monitorinqindən də istifadə olunur. Bu, ilkin və əsas şərtdir. Belə ki, əgər inzibati ərazidə ailələrin dayanıqlı məskunlaşmaya meyli güclüdürsə, bir qayda olaraq, mənzil bazarında tələb təklifi üstələyərək qiymətlərin yüksəlməsini şərtləndirəcəkdir. Əhali məskunlaşması aktivləşdikcə həmin ərazidə mənzillərin qiymətinin bahalaşması qaçılmazdır. Mənzil bazarı üzrə qiymətlərin dinamikasına baxsaq, son bir il ərzində bu sahədə 42 faizlik bahalaşmanın yalnız bir səbəbi var – bu isə ondan ibarətdir ki, insanların burda yaşamaq istəyi güclüdür. Həyat şəraitinin yenilənməsinə paralel olaraq, yaxın dövrdə mənzil bazarında qiymətlərin daha da artacağı gözlənilməkdədir. Prosesin iqtisadi tərəfi məqbuldur və sosial sifariş qismində mənzil bazarında tələb-təklif tarazlığı ilə tənzimlənməkdədir.
Sosial siyasətin başlıca istiqamətlərindən biri kimi pensiya və müavinətlərin səmərəli maliyyələşdirilməsi həyata keçirilir. 2013-cü ilin ötən dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 50 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır. Bu göstərici digər iqtisadi rayonlarımızda orta hesabla 25 faiz həddində müşahidə olunmaqdadır. İlk 6 ay üzrə Dövlət Sosial Müdafiə Fondunun cəmi daxilolmaları keçən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz, o cümlədən özəl sektor üzrə daxilolmalar 45 faiz çox olmuşdur.
Bədən tərbiyəsi və idman infrastrukturunun müntəzəm əsasda yaxşılaşdırılması istiqamətində cari ilin ötən dövrü ərzində Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublika Stadionunun yenidən qurulması hazırda davam etdirilməkdədir.
2013-cü ilin yanvar-iyun aylarında mədəniyyət obyektlərinin inşası və bərpası istiqamətində Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının, Gənclər Mərkəzinin, Saat qülləsinin, Naxçıvançay vadisində parkın tikintisi, Naxçıvanqala tarixi abidəsinin bərpası davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin inzibati binası və sərgi salonunun tikintisi başa çatdırılmışdır.
Culfa rayonunun Əbrəqunus kəndində məscidin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində və Ordubad rayonunun Yuxarı Əylis kəndində məscidlərin tikintisi hazırda davam etdirilməkdədir.
Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin əsaslı təmiri, “Buzxana” tarix-memarlıq abidəsinin bərpası başa çatdırılmış, Naxçıvanqala tarixi abidəsinin ərazisində və Ordubad rayonunun Nəsirvaz kəndində muzeylərin tikintisi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin, Naxçıvan Dövlət Tarix Muzeyinin, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Ordubad şəhərində Y.Məmmədəliyevin ev-muzeyinin təmiri davam etdirilmişdir.
Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi fəaliyyətə başlamışdır.
Muxtar respublikada turizm potensialının mövcud imkanlarından səmərəli istifadə edilməsi üçün mühüm tədbirlər görülmüş və bir sıra nəticələr əldə edilmişdir. 2013-cü ilin yanvar-iyun ayları ərzində muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 170 min 57 nəfər turist gəlmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 3,4 faiz və ya 5 min 592 nəfər üstələyir. Yeni turizm komplekslərinin, o cümlədən cari ildə Şahbuz rayonunun Ağbulaq kəndində istirahət mərkəzinin, digər bu kimi infrastruktur obyektlərinin istifadəyə verilməsi bu sahədə aktivliyi daha da artırmağa imkan yaratmaqdadır.
Hüquq-mühafizə orqanları ilə iş
2013-cü ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Ordubad Rayon Şöbəsinin inzibati binalarının tikintisi davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının və texnika parkının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında avtomobil parkının və təlim mərkəzinin tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin inzibati binalarının, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin “Naxçıvanterminalkompleks” Birliyi üçün inzibati bina və anbar kompleksinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının və texnika parkının, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat, İmtahan və Texniki Baxış Şöbəsinin Şərur rayonlararası müayinə mərkəzinin tikintisi hazırda davam etdirilməkdədir.
Aparılan təhlillər bir daha sübut edir ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirilməsi sayəsində muxtar respublikamızın sosial-iqtisadi həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulmuş, real sektorun və sosial sferanın tərəqqisi üçün ciddi əsaslar yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi