Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən aldığımız məlumata görə, nazirlik və onun yerli vergi orqanları tərəfindən bu ilin ilk on bir ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 286 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, həyata keçirilən operativ nəzarət tədbirləri zamanı 77 vergi ödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 78 vergi ödəyicisi tərəfindən xarici valyuta məbləğlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi, 6 vergi ödəyicisində 19 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi faktları aşkarlanıb.
Operativ vergi nəzarəti tədbirləri zamanı 35 vergi ödəyicisinin “fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 42 vergi ödəyicisinin xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olmaları, 26 vergi ödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı faktları aşkar edilib.
Vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərən şəxslərin aşkar edilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirləri zamanı 22 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərdiyi aşkar olunub. Qeyd olunan dövr ərzində 214 obyektdə nəzarət-kassa aparatları quraşdırılıb.
Bəhs olunan dövrdə vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 105 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb, müşahidələr zamanı müşahidəyədək olan dövriyyələrlə müqayisədə 114887 manat dövriyyə artımına nail olunub.
Cari ilin qeyd olunan dövrü ərzində təkcə ticarət, iaşə, tikinti və xidmət sahələrində fəaliyyət göstərən 459 işəgötürən hüquqi və fiziki şəxslərdə 159 yeni əmək müqaviləsinin və 833 əmək müqaviləsində müvafiq düzəlişlər aparılaraq əməkhaqlarının real səviyyədə bağlanmasına nail olunub.
Operativ vergi nəzarəti tədbirləri davam etdirilir.
Xəbərlər şöbəsi