22 Dekabr 2024, Bazar

Nəhəcir və Göynük hərtərəfli dövlət qayğısı əhatəsindədir

Nəhəcirin tarixi və adının etimologiyası haqqında bir neçə söz

Culfa rayonunun əksər yaşayış məntəqələri ucqar dağlıq ərazilərdə qərar tutub. Neçə illər əvvəl bu ünvanlara getmək müşkül məsələ olub. Çünki həmin kəndlərə uzanan yollarda avtomobil sürməkdən ən təcrübəli sürücülər də ehtiyat edirdilər. Muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət almağa başlayandan bəri bu problemin həlli istiqamətində də xeyli iş görülüb. Nəhəcir kəndi də ucqarda yerləşən belə yaşayış məntəqələrindən biridir.
Yol boyu Nəhəcirin qədim tarixi ilə bağlı oxuduqlarımı xəyalıma gətirirəm. Ərazidə bu adda çay, dağ, qala mövcuddur. Uzunluğu 14 kilometr olan çay Babək və Culfa rayonlarının ərazisindən keçir.
Eyniadlı dağın hündürlüyü 1799 metrə çatır. Kənd elə bu dağın ətəyində qərar tutub. Nəhəcir qalasının xarabalıqları həmin dağ üzərindədir. Burada “Naxış-nərgiz” adlandırılan mağara var. Eramızdan əvvəl II minillik – I minilliyin əvvəllərinə aid edilən qalada 2011-ci ildə arxeoloji qazıntılar aparılıb, müxtəlif maddi-mədəniyyət nümunələri əldə edilib. Kəndə yaxın ərazilərdə Tunc, Dəmir və Orta əsrlər dövrlərinə aid edilən yaşayış yerləri Nəhəcirin qədim tarixindən soraq verir. Kəndin adının etimologiyası ilə bağlı maraqlı fikirlər var.

Filologiya elmləri doktoru Adil Bağırova görə, 1728-ci ilə aid olan mənbədə bu yaşayış məntəqəsi Sair-Məvazi nahiyəsinə daxil olan kənddir. “Nəhəcir” sözü qədim toponimlərdən biridir. Bəzi tədqiqatçılar bu qənaətə gəlirlər ki, kənd eyniadlı dağın adı ilə adlandırılıb. Nuhun gəmisi quruya çıxdıqdan sonra kəndin söykəndiyi dağa bu ad verilib. Əslində, adın Nuhəcir olduğu söylənilir və mənasını “Nuhun yamacı” kimi izah edirlər. Ona görə də bu toponimin, nəticə etibarı ilə, Nuh Peyğəmbərin adı ilə bağlı olması fikri daha inandırıcıdır.

Quruculuq tədbirləri dağ kəndinə müasir görkəm gətirib

2009-2013-cü illəri əhatə edən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət pro­qramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər qədim diyarımızın hər bir guşəsini, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrini də gülüstana çevirib. Qədim Nəhəcir kəndi də belə ünvanlardan biridir.
2011-ci il sentyabr ayının 27-də bu kəndin sakinləri əsl bayram sevinci yaşayıblar. Həmin gün burada bir neçə obyekt istifadəyə verilib. Onlardan biri kənd məktəbinin binasıdır. Yeni məktəb binasının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Təhsil milli-mənəvi dəyərlər üzərində qurulanda daha səmərəli olur. Bu dəyərlərə sahib olan hər bir təhsilli gənc dövlətin milli sərvətidir. Buna görə də məktəblərimizdə milli-mənəvi dəyərlər qorunmaqla, müasir tədris metodlarından istifadə edilməklə təhsilli gənclər hazırlanmalıdır”. Qarşıya qoyulan məqsəd aydındır. Qalır ki, kollektiv göstərilən qayğıya əməli işi ilə cavab vermək üçün yaradılan şəraitdən səmərəli istifadə etsin, gələcəyimiz etibar olunacaq bugünkü məktəblilərin intellektual səviyyədə yetişmələri üçün səyini əsirgəməsin. Pedaqoji kollektiv qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Başa çatmış dərs ilində məktəbdə 66 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olub. 10 şagird məktəbi bitirib. Müstəqil həyata qədəm qoyan məzunlardan 7-si ali məktəbə qəbul olmaq üçün sənəd təqdim edib. İlk 2 imtahanın nəticələri nəhəcirli məzunlar üçün uğurlu olub. Pedaqoji kollektiv əmindir ki, digər imtahanlarda da onların abituriyentləri etimadı doğruldacaqlar.
Qeyd edək ki, kəndin gələcək perspektivi nəzərə alınaraq inşa edilmiş məktəb binası 132 şagird yerlikdir. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası müasir memarlıq üslubunda inşa edilib. Burada müəllim və şagirdlərin ixtiyarına 11 sinif otağı, kimya-biologiya və fizika kabinələri, elektron lövhəli sinif, kompyuter və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı verilib.
Təhsil ocağında yaradılmış zəngin kitabxana şagirdlərin elmin sirlərinə dərindən bələd olmalarına geniş imkanlar açıb. Yeni binada informasiya-kommunikasiya texnologiyaları ilə təminat da diqqətdə saxlanılıb, 6 dəst kompyuter müəllim və şagirdlərin istifadəsinə verilib. Şagirdlər həm də 2 elektron lövhədən istifadə edirlər. Təhsil ocağında şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına ciddi önəm verilir. Binanın zirzəmisində yerləşən hərbi kabinədə atəş və mühəndis hazırlığı, hərbi topoqrafiya proqramı üzrə ilkin hərbi hazırlıq dərslərinin keçilməsi üçün lazımi şərait yaradılıb.
Quruculuq tədbirlərindən biri də yeni kənd mərkəzinin binasıdır. İki mərtəbədən ibarət olan binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndə­lik, bələdiyyə, feldşer-mama məntəqəsi, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi fəaliyyət göstərir.
Təəssüf hissi ilə qeyd edək ki, müasir iş şəraiti ilə təmin olunan kitabxanada və mədəniyyət evində gördüklərimiz heç də ürəkaçan olmadı. Kitabxanaçını yerində tapa bilmədik. Bu mədəniyyət müəssisəsinə “nəzarət edən” xadimənin köməyi və kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şamxal Ələkbərovun iştirakı ilə kitabxananın iş planını əldə etdik. İyul ayı olduğu üçün xüsusilə bu ayda hansı tədbirlər keçiriləcəyi ilə maraqlandıq. Ölkəmiz və muxtar respublika üçün bu ay çox mühüm əlamətdar hadisələrlə zəngindir. Təəssüf ki, planda bu, öz əksini tapmamışdı. Burada oxuculara hansı səviyyədə xidmət göstərildiyi, daha dəqiq desək, ümumiyyətlə, xidmət göstərilmədiyi qənaətinə gəldik. Mədəniyyət evi də eləcə. Görünür, kəndin icra nümayəndəsi, rayon Mədəniyyət və Turizm Şöbəsi bu müəssisələrdə hökm sürən belə vəziyyətə barmaqarası baxır. Belə olmasaydı, gördüyümüz nöqsanlar da olmazdı.
Kənd mərkəzində istifadəyə verilən feldşer-mama məntəqəsi nəhəcirlilərə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəldib. Mərkəzdə məntəqə üçün 3 iş otağı ayrılıb, səhiyyə ocağı soyuducu, təcili yardım və peyvənd çantaları, lazımi dərman vasitələri ilə təchiz olunub.
Kənd sakinləri rabitə xidmətinin səviyyəsindən də razılıq edirlər. Mərkəzdə istifadəyə verilən rabitə evində 160 nömrəlik yeni ATS quraşdırılıb. Buradakı poçt bölməsi də nəhəcirlilərin xidmətindədir.
Nəhəcirlilərə böyük sevinc hissi yaşadan yeni obyektlərdən biri də xidmət mərkəzidir. Burada təsərrüfat və ərzaq mallarının satışı üçün mağaza, müxtəlif məişət xidməti sahələri fəaliyyət göstərir.
Kənd adamlarının içməli və təsərrüfat suyuna olan tələbatını ödəmək məqsədilə də bir sıra tədbirlər görülüb. İki artezian quyusu vurulub. 3,5 kilometr məsafədən kəndə kaptaj üsulu ilə su xətti çəkilib ki, bu xətdən 54 ev istifadə edir.

Davamlı dövlət qayğısı müxtəlif təsərrüfat sahələrinin inkişafına şərait yaradıb

Nəhəcir kəndinin ümumi sahəsi 3665 hektardır. 142 təsərrüfatda birləşmiş 600 sakinin ruzi-bərəkət mənbəyinə çevrilən torpaqdan səmərəli istifadə olunur.
Nəhəcir kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şamxal Ələkbərov dedi ki, kənd sakinləri bir neçə ildir, sübut ediblər ki, müxtəlif təsərrüfat sahələrini dağlıq ərazilərdə də inkişaf etdirmək olar. Bunun üçün dövlət qayğısı yetərli səviyyədədir. Torpaq islahatları vaxtı nəhəcirlilərə 450 hektar pay torpağı düşüb. Bu torpaqlardan səmərəli istifadə olunmasına çalışılır. Ötən ilin payızında kənddə 33 hektar sahədə taxıl əkilib. Qeyd edək ki, kəndin əkin sahələri dağlıq ərazilərdə yerləşdiyindən burada dəmyə üsulundan istifadə olunur. Kənd sakini Kərim Rəcəbov deyir ki, bu il bir hektar sahədən taxıl tədarük edib. Məhsuldarlıq 25 sentner olub.
Kənd məktəbinin müəllimi Zəfər Ələkbərov həm də heyvandarlıqla məşğul olur. Deyir ki, kənd mərkəzində istifadəyə verilən baytarlıq məntəqəsi Nəhəcir, Göynük və Qazançı kəndlərinin heyvandarlarına xidmət göstərir. Baytarlıq məntəqəsinin fəaliyyəti yoluxucu xəstəliklərin baş verməməsinə, keyfiyyətli ət və süd məhsullarının istehsalına təminat yaradıb.
Nəhəcirlilərin iqtisadiyyatına gəlir gətirən sahələr içərisində arıçılığı da qeyd etməyə dəyər. Bu gün kənddə 300 arı ailəsi saxlanılır. Demək olar ki, digər təsərrüfat sahələri kimi, arıçılıqla da bütün ailələr məşğul olur. Hər il də yüksək qazanc əldə edilir.
Kənddə iməciliklər vasitəsi ilə bir hektar sahədə meyvə bağı salınıb. Bu, nəhəcirlilərin muxtar respublikada meyvəçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramının yerinə yetirilməsinə töhfəsidir.

Yolumuz Göynüyədir

Göynükdə quruculuq işləri 2004-cü ildə aparılıb. Dizə-Göynük yolunun 18 kilometrində əsaslı təmir işləri həyata keçirilib, yol boyu sel suları üçün keçidlər qoyulub. Həmin ilin sentyabr ayının 16-da kənddəki Göynük selovu üzərində yeni körpü istifadəyə verilib.
Selov üzərində 10 paqonometr yeni körpü salınıb. 5 metr eni, 3,5 metr hündürlüyü olan körpüdə suyönəldici qurğular inşa olunub. Həmin gün kənddə 110 şagird yerlik yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Dövlət üzərinə düşən vəzifəni həyata keçirir, yəni məktəb binası, körpü tikir, yol salır, sosial sahələri inkişaf etdirir. Kənd əhalisinin üzərinə düşən vəzifə isə ondan ibarətdir ki, bu geniş ərazilərdən səmərəli istifadə etsin. Kənd təsərrüfatı, maldarlıq, heyvandarlıq inkişaf etdirilsin. Müəllimlərimizin vəzifəsi bu gözəl məktəbdə şagirdlərə yaxşı dərs verməkdən ibarətdir. Müəllim hər bir məktəbdə var. Biz istərdik ki, onların içərisində ka-mil müəllimlər daha çox olsun. Kamil müəllim olmaq üçün müəllimlərimiz daim öz üzərində işləməli, müasir tələblərlə ayaqlaşmalı, uşaqlara nümunə olmalıdır. Onların üzərində Azərbaycan dövlətinin, Azərbaycan xalqının gələcəyinin məsuliyyəti var”.

Bu gün məktəbdə 3 kompyuter, 1 elektron lövhəli sinif, zəngin kitab fondu olan kitabxana, fənn kabinələri, idman zalı müəllim və şagirdlərin ixtiyarındadır. Məktəbdə 38 şagirdin təlim-tərbiyəsi ilə 13 müəllim məşğul olur. Ötən il məktəbi bitirən 4 məzunun 2-si tələbə adına layiq görülüb. Bu il 6 məzun məktəbi bitirib. Onların 5-i ali məktəbə sənəd təqdim edib.
Həmin gün göynüklülər daha bir dövlət qayğısının şahidi olublar. Belə ki, məktəb binasında feldşer-mama məntəqəsi istifadəyə verilib.
Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Yaqub Xudatovun dediyinə görə, kənddə 53 təsərrüfatda 238 nəfər yaşayır. Onlar 180 hektar pay, 39 hektar həyətyanı torpaq sahəsindən istifadə edirlər. Kənddə taxılçılıq, heyvandarlıq, arıçılıq inkişaf etdirilir. Ötən ilin payızında Göynüyün torpaq mülkiyyətçiləri 38 hektar sahədə taxıl əkini keçiriblər. Zəhmətləri hədər getməyib. Sahələrdə bol məhsul yetişib. Artıq dağ kəndində də taxıl tədarükünə başlanılıb. Torpaq mülkiyyətçisi Füzuli Məmmədov deyir ki, ilk günlərin nəticələri sevindiricidir. Onu da vurğulayır ki, belə nəticələrə nail olunmasında dövlətimizin müəyyən etdiyi müxtəlif yardımlar, güzəştli kreditlər mühüm rol oynayır. Təbii şəraiti arıçılıq üçün əlverişli olan Göynükdə, demək olar ki, hər evdə arı ailəsi saxlanılır. Bu gün onların sayı 300-ə qədərdir. Təmleyxa İsayevin 40 arı ailəsi var. Bu zəhmətkeş kənd adamı ilə söhbətdə öyrəndik ki, göynüklülər arıçılıqla qədim zamanlardan məşğul olmağa başlayıblar. Gəlirli təsərrüfat sahəsi kimi bu gün arıçılığa maraq daha yüksəkdir.

Bu gün qazanılan gün-güzəranın təməlində hansı amillər dayanıb?

Bir vaxtlar dağ kəndlərində yaşamağın çətinliklərini xəyalıma gətirməyə çalışıram. Müqayisəedilməz dərəcədə fərqlərin, yeniliklərin olduğunu görəndə düşünürəm ki, bütün bunlar dövlətimizin həmin ünvanlarda yaşayan insanlara böyük diqqət və qayğısının parlaq ifadəsidir. Belə diqqət və qayğı hamımızı sevindirir, insanları qurub-yaratmağa səsləyir, onları doğma yurd yerinə daha sıx tellərlə bağlayır. Bu səbəbdəndir ki, hər il Nəhəcir və Göynükdə yeni evlər inşa olunur, sakinlər özlərinə şəxsi minik avtomobilləri alırlar. Yaxşı gün-güzəranın təməlində məhz bu amillər dayanır. Yadıma ömrünün 9-cu onilliyini yaşayan göynüklü Rzaqulu Qoçəliyevin sözləri düşür: “Bu gün Naxçıvanın hansısa kəndinə yolum düşəndə qəlbim açılır. Ələlxüsus da, belə dağ kəndlərinə. Yeni binalar tikirlər, yollar, körpülər salırlar. Bu işləri görmək çox da asan iş deyil. Biz ağsaqqallar bunu dərindən başa düşürük ki, görülən bu işlər insanların yaxşı yaşaması üçündür. Ona görə də dövlətimizə minnətdarıq. Minnətdarıq ki, ən ucqar dağ kəndlərimiz də gündən-günə gözəlləşir, insanların rifah halı yaxşılaşdırılır”.

Muxtar MƏMMƏDOV
Əli XUDİYEV ( foto )

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR