Əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi, xətt təsərrüfatında baş verə biləcək hər hansı bir nasazlığın vaxtında aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyi və onun tabeliyində olan şəhər və rayon Qaz İstismarı idarələri tərəfindən kompleks tədbirlər həyata keçirilir. Birliyin direktoru Səxavət Abbasovun verdiyi məlumata görə, muxtar respublikada, ümumilikdə, 82 min 67 istehlakçı təbii qazdan istifadə edir ki, onlardan 547 abonent, 64 müəssisə cari ilin birinci yarısında təbii qazla təmin olunmuşdur.
Cari ilin birinci yarısında qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, eləcə də onlar üzərindəki kranlara, siyirtmələrə və qaztənzimləyici şkaflara müntəzəm olaraq texniki baxış keçirilmiş, aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. İstehlakçılara verilən təbii qazın təzyiqinə hər ay texnoloji rejim tətbiq edilmiş və ölçü qovşaqlarında nəzarət işi diqqətdə saxlanılmışdır. Qaz itkisi olan istiqamətlərin müəyyən edilməsi və onları doğuran səbəblərin aradan qaldırılması üçün təxirəsalınmaz işlər görülmüş, sızmaların aradan qaldırılması üçün təmir-bərpa işləri aparılmışdır.
Qaz itkisini minimuma endirmək məqsədilə Naxçıvan-Şahbuz istiqaməti üzrə 27 kilometrlik ortatəzyiqli yeraltı qaz kəmərinin inşası vaxtında başa çatdırılaraq cari ilin yanvar ayında istifadəyə verilmişdir. Naxçıvan-Sədərək istiqaməti üzrə 81,6 kilometrlik yüksəktəzyiqli yeraltı qaz kəmərinin inşası isə qrafikə uyğun aparılmış, qaz kəmərinin üzərində 6 ədəd avtomat qazpaylayıcı stansiya və 4 ədəd katod mühafizə qurğusu quraşdırılmışdır. Hazırda qaz kəmərində son tamamlama işləri görülür. Eyni zamanda su-kanalizasiya sistemlərinin və yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar ərazilərdən qaz xətləri kənarlaşdırılmış, ayrı-ayrı rayonlarda sel və daşqın zamanı zərər dəymiş müxtəlif diametrli qaz xətləri bərpa olunmuşdur.
Abonentlərin təhlükəsizliyi də diqqət mərkəzində saxlanılmış, baş verə biləcək hər hansı bir qəzanın vaxtında aradan qaldırılması üçün şəhər və rayon Qaz İstismarı idarələrində qəza dispetçer xidmətlərinin 24 saat fəaliyyəti təmin edilmişdir. Qəza dispetçer xidmətlərinə, ümumilikdə, 3567 qəza məlumatı daxil olmuş, nasazlıqlar vaxtında aradan qaldırılmışdır.
Təbii qazın itkisiz olaraq yerlərə çatdırılması, israfçılığın qarşısının alınması və sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi ilə əlaqədar tədbirlər davam etdirilmiş, istismarda olan qaz sayğaclarına mütəmadi olaraq baxışlar keçirilmiş, cari təmirə ehtiyacı olan sayğaclar təmir olunmuş, 1285 ədəd sayğac isə yenisi ilə əvəzlənmişdir.
Sərf olunan qazın dəyərinin vaxtında ödənilməsi də diqqət mərkəzində saxlanılmış, 2013-cü ilin birinci yarısında enerji istehsal edən müəssisələr nəzərə alınmadan istehlak olunan 82 milyon 685 min 521 kubmetr qazın satışından 8 milyon 273 min 164 manat vəsait əldə edilmiş, ödəmə 100 faiz olmuşdur. Əhali abunəçiləri üzrə istehlak olunan 45 milyon 608 min 20 kubmetr qazın satışından toplanan vəsait 4 milyon 566 min 764 manata çatmışdır ki, bu da 100,1 faiz ödəmə deməkdir.
Səbuhi HƏSƏNOV