Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial həyatın bütün sahələrində əldə olunan nailiyyətlər əhalinin rifah halının yüksəldilməsində öz real nəticəsini göstərməkdədir. Bir-birinin ardınca istifadəyə verilən sosial obyektlər insanların tələbatlarını yüksək komfort standartları səviyyəsində ödəməyə şərait yaradır. Yetmiş minə yaxın əhalisi olan Babək rayonunda da cari ildə tikintisi başa çatdırılmış və ya davam etdirilən sosial obyektlərin sayı və təyinatı genişdir. İstifadəyə verilən kənd mərkəzləri, həkim ambulatoriyaları, məktəblər və digər xidmət obyektləri bu rayonda da geniş quruculuq işlərinin davam etdirildiyindən xəbər verir. Belə ki, bu ilin ilk altı ayı ərzində rayonun Şəkərabad kəndində kənd mərkəzi və məktəb binası, Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yeni binası istifadəyə verilmiş, rayon Qeydiyyat Şöbəsinin və Dövlət Notariat Kontorunun binası yenidən qurulmuşdur.
Rayonda hazırda tikintisi və yenidən qurulması davam etdirilən sosial obyektlər arasında rayon Mərkəzi Xəstəxanası, Çeşməbasar kəndində həkim ambulatoriyası, Cəhri kənd sahə xəstəxanası kimi səhiyyə-sağlamlıq obyektlərini, Cəhri kəndində 1 nömrəli və Çeşməbasar kənd məktəblərini, Cəhri kəndində xidmət, Çeşməbasar kəndində kənd mərkəzlərini göstərə bilərik. Bunlardan əlavə, Babək qəsəbəsində rayon Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin binalarında aparılan tikinti və əsaslı təmir işləri, Babək qəsəbəsi, Nehrəm, Şəkərabad, Qoşadizə və Araz kəndlərində içməli su və kanalizasiya xətlərinin çəkilişi də davam etdirilən layihələr arasındadır. Bu il rayonda davam etdirilən quruculuq işləri sırasında Hacıvar-Vayxır-Sirab avtomobil yolunun tikintisi və 1941-1945-ci illər müharibəsində həlak olmuş babəklilərin xatirəsinə ucaldılmış abidənin təmiri də yer almaqdadır.
Xəbərlər şöbəsi