23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Bunun başlıca səbəblərindən biri də bütün sahələrlə yanaşı, kənd təsərüfatının inkişafına yaradılan münbit şərait, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına göstərilən dəstəkdir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı”ndan irəli gələn vəzifələr muxtar respublikamızda uğurla icra olunur. Bütün bunlar daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına, eləcə də istehsal olunan məhsulların satışına hərtərəfli şərait yaradıb. Son illərdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi də bu məqsədə xidmət edir.

 Mərkəzi bazarda təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında məhsul bolluğu deməyə əsas verir ki, adıçəkilən proqram muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. 

 Ötən şənbə günündən Naxçıvan şəhərindəki yarmarkaya gələnlərin ardı-arası kəsilmirdi. Hiss olunurdu ki, sakinlər neçə illərdir, mütəmadi olaraq keçirilən belə tədbirlərdən xeyli razıdırlar. Bunu yarmarkaya üz tutan insanların çöhrələrindən də duymaq çətin deyildi. Çünki insanlar keyfiyyəti ilə seçilən yerli məhsulları buradan  ucuz qiymətə ala bilirlər. Yarmarkaya gəlişimiz səhər saatlarına təsadüf etsə də, yarmarkada  sıxlıq müşahidə edirdik. Biz də həm ziyarət, həm ticarət, - deyib yarmarkada satıcı və alıcılarla həmsöhbət oluruq

Muxtar resplikanın ən böyük rayonu olan Şərur rayon Danyeri kənd sakini, ailə təsərüfatı sahibi, Cəbrail Abışovun dedikləri: - Mən çox minnətdaram ki, yarmarkaya məhsul gətirən torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılıb. Buradakı səliqə-sahman da  satıcı və alıcıların ürəyincədir.Yarmarkada məhsullar bazar qiymətindən 15-20 faiz ucuz təklif olunur. Alıcılar mövsümü meyvələrə daha çox maraq göstərirlər. Mən də həyətyanı sahəmiz və pay torpağımda əkdiyim meyvə bağlarının məhsullarını yarmarkaya gətirmişəm. Alma, ərik, gilas, alçanın bu mövsümdə alıcısı başının üstündədir. Səhərdən indiyə kimi gətirdiyim məhsulun demək olar ki, yarısından çoxunu satmışam . Kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üçün yaradılan şəraitə, göstərilən qayğıya görə bir daha minnətdarlığımı bildirirəm.

Yarmarkada yerli tərəvəz məhsulları ilə yanaşı, qida kimi istifadə olunan yabanı bitkilər, gündəlik istifadə etdiyimiz pencərlər  də çoxluq təşkil edirdi. Naxçıvan şəhər sakini Gülsüm İsmayılova öz həyətyanı sahəsində yetişdirdiyi pencərləri, Şahbuz rayon sakini Nərman Namazov isə dağlardan topladığı yabanı bitkiləri  satışa çıxarıb. Onlar deyirlər ki, alıcılar  məzrə, nanə, reyhan, şüyüd, keşniş alıb qurudaraq qış üçün tədarük edirlər. Satıcılar onu da vurğuladılar ki, diyarımızda təsərrüfatçılar üçün hər cür şərait yaradılıb, kim istəyir həyətində, pay torpağında istixana yaradır, qış fəslində də təzə pencər bol olur. Amma elə yeməklər var ki, onlara quru pencər qatanda daha dadlı olur. Ya da ki, bazara gedə bilməyəndə qurudulmuş pencərə ehtiyacımız olur. Ona görə də hər qadın öz mətbəxində cürbəcür pencər qurusu saxlamağa üstünlük verir. Alıcıların çoxu yurdumuzun səfalı havasında, təmiz torpağında bitən bu bitkiləri alıb uzaqda yaşayan qohum, ərabasına da sovqat göndərirlər.

    Nərman Namazov Şahbuz rayonun adla deyilən bitkisi olan uşqun haqqında danışır:

 - Muxtar respublikanın dağ və dağətəyi ərazilərindən toplanmış uşqun minbir dərdin dərmanıdır. Naxçıvan mətbəxində ondan geniş istifadə olunur. Rayonumuzda bu bitki Kükü, Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndlərinin qumsal dağ yamaclarında bitir. Onu da deyim ki, əgər il yağıntılı keçərsə, uşqun bol olar. Çünki yağıntı bu bitkiyə, necə deyərlər, can verir.  Bu gün dağlardan-daşlardan yığdığımız  bu bitkini həm öz  ailələmiz  üçün tədarük edir, eyni zamanda bazarlara çıxarmaqla alıcılara təklif edirik.

Yarmarkada alıcılarla da görüşdük. Naxçıvan şəhər sakini Elmira Həsənovanın dediklərindən: - Bu günlərdə biz qadınları düşündürən əsas məsələ qış üçün hazırlıq görmək, yetişən meyvə tərəvəzlərdən müxtəlif yeməklər mürəbbələr, kompotlar hazırlayıb qadlaşdırmaq, fəslə uyğun pencərlər alıb qurutmaqdı. Axı atalar əbəs yerə deməyib yayın yayxantısı qışın yavanlığıdı. Kəndli öz həyət bacasında əkdiyi meyvə, tərəvəzdən özünə lazım olanın qış azuqəsi edir, qalanın da gətirib yarmarkada satır. Bu da həm onların ailə büdcəsinə kömək edir, həm də biz şəhər sakinlərinin ehtiyacını ödəyir.  Düzdür, bu sahədə vaxtilə mövcud olan problemlər bu gün tamamilə aradan qaldırılıb, dükan-bazarlarımızda nə istəsən tapmaq olar. Bununla yanaşı, dövlətimiz süfrələrimizin daha zəngin, daha rəngarəng olması üçün digər məqsədyönlü tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri də bu cür yarmarkaların  təşkil edilməsidir. Bu, çox gözəl haldır.

  Ruzi-bərəkətli əkin sahələrində artıq digər məhsullar da yetişməkdədir. Önümüzdəki həftələrdə keçiriləcək satış yarmarkalarında şəhər sakinlərinə həmin məhsullar da təqdim olunacaqdır. Alıcıları və satıcıların da qeyd etdikləri kimi, belə tədbirlər torpaq mülkiyyətçilərinin min bir zəhmətlə yetişdirdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrinin gəlirlərini artırmalarına şərait yaratmaqla yanaşı, daxili bazarı yerli məhsullarla da təmin edir. Yerli məhsullarımız isə həm dad-tamı, həm keyfiyyəti, həm də qiymədi ilə sakinləri daim cəlb edir. 

Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR