Muxtar respublikada torpaq mülkiyyətçilərinin müasir texnikalar, mineral gübrələr və suvarma suyu ilə təmin edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, eyni zamanda dövlət tərəfindən ayrılmış yardımlar aqrar sektorun kompleks inkişafına səbəb olub. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər baş verib, istehsal həcmi artıb, məhsuldarlıq yüksəlib. Artıq əhalinin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatını yerli istehsal hesabına ödəmək mümkündür.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq müstəsna əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, Naxçıvanda əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Əkin sahələrində aparılmış müşahidələr göstərir ki, bu il taxıl zəmilərində bol məhsul yetişdirilib. Əvvəlki illərdən fərqli olaraq taxıl biçininə daha tez başlanılıb. Eyni zamanda məhsulun vaxtında və itkisiz yığılması məqsədilə taxıl biçini kampaniyasına hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb, sahələrə kifayət qədər texnikalar cəlb olunub.
Artıq “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində sakinlərdən taxıl qəbuluna start verilib. Taxıl tədarükü ilə əlaqədar əvvəlcədən anbarlar, laboratoriya, tərəzilər və digər avadanlıqlar saz vəziyyətə gətirilib. Hazırda cəmiyyətdə əsas diqqət taxıl biçinindən sonra məhsulun qəbuluna yönəldilib. Öyrəndik ki, bu il taxılın alış qiymətləri növlərinə görə artırılıb. Belə ki, arpanın alış qiyməti bir kiloqramı 30, buğdanın 1 kiloqramı 35, qarğıdalının isə 1 kiloqramı 40 qəpik olub. Təsərrüfat sahiblərinin verdikləri taxılın dəyəri nağd şəkildə yerindəcə ödənilir.
Cəmiyyətdən aldığımız məlumata görə, taxılın qəbulu iyunun 8-dən başlayıb və bu günədək anbarlara 470 ton buğda, 320 ton arpa tədarük olunub.
Xatırladaq ki, muxtar respublikada taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 27 min tondur. Burada, eyni zamanda taxılı qısa müddətə saxlaya bilən, tutumu 20 min ton olan 2 anbar da mövcuddur.
Səbuhi HƏSƏNOV