Muxtar respublikada daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi 2019-cu ilin may ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqətdə saxlanılmışdır. May ayında 17 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, Naxçıvan şəhəri, Ordubad və Şahbuz rayonlarında ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilmişdir.
Şərur rayonunda daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, Kəngərli rayonunda planaalma işlərinə başlanılmışdır. Ay ərzində 2063 daşınmaz əmlak obyekti plana alınmışdır. Kəngərli Rayon İcra Hakimiyyətində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Şahbuz rayonunun Kükü, Qızıl Qışlaq və Güney Qışlaq bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır.
May ayında 479 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 383 texniki sənəd hazırlanmış, yeni yaranmış 62 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. 75 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. Naxçıvan şəhərində daşınmaz əmlak obyektlərinin ünvanlarının dəqiqləşdirilməsi davam etdirilmiş, 10 küçədə quraşdırılacaq ünvan lövhələrinin və giriş nömrə nişanlarının miqdarı müəyyənləşdirilmişdir. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 39 vətəndaşın müraciətinə baxılmış, 145 vətəndaşa elektron xidmətlər göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti