Regionların sosial-iqtisadi inkişafına nail olmağın əsas yollarından biri də əhalinin rifah halının yüksəldilməsi, daimi məşğulluğun təmin edilməsi və orta təbəqəyə məxsus olan kiçik sahibkarlıq subyektlərinin yaradılmasına şərait yaradan iqtisadi stimullardan səmərəli istifadədir. Sabit gəlirlərə malik olan hər bir kiçik sahibkardan indi onun güzəranını soruşduqda o artıq kasıblığın daşını çoxdan atdığını bildirir və biznesə başlayanda ona göstərilən mikrokredit dəstəyini xatırladır.
Çox vaxt kəndə gələn qonaqlarımız burada yaradılmış müasir infrastrukturla bərabər, hər qarış torpağın bərəkətinə də heyranlıqlarını gizlətmirlər. Bir vaxtlar kəndi bəyənməyib yar-yarımçıq şəhərə köçən, sonra da şəhərdə özünəlayiq yer tapa bilməyənlərə camaatın reaksiyası çoxumuza tanışdır. Belələrini “sən də gəl, ək, biç, bəslə və qazan”, – deyə məzəmmət edirlər. Doğrudan da, Yaradan bu torpaqdan heç nəyi əsirgəməyib, təpərin varsa əgər. Üstəgəl, bir zamanların çətinliyindən fərqli olaraq, indi hər cür şərait də yaradılıb: kəndliyə məxsus hektarlarla torpaq sahəsi, dövlətin texnika, gübrə, yem və sair almaq üçün dəstəyi, istehsal olunmuş məhsulu saxlamaq məqsədilə yaradılan soyuducu anbarlar, onu sərfəli qiymətə sata bilmək üçün qorunan daxili bazar. Bundan sonrası qalır kəndlinin işləmək arzusuna. Bu məqamda işgüzar kəndlinin köməyinə bir də muxtar respublikada fəaliyyət göstərən bank və digər kredit təşkilatları tərəfindən göstərilən kredit yardımı çatır. Məhz mikrokreditlər hesabına minlərlə region sakini qısa müddət ərzində öz güzəranını yaxşılaşdıraraq əməlli-başlı iş-güc sahibinə çevrilib.
Kiçikhəcmli kredit nədir və onu necə əldə etmək olar? Bu kredit hansı məqsədlər üçün istifadə olunur? Bu kimi suallarımıza cavab almaq üçün muxtar respublikamızda fəaliyyət göstərən “Naxçıvan-Kredit” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etdik.
Mikrokredit, əsasən, fərdi şəxslərin öz kiçik biznesini qurmaq üçün çoxpilləli bir mərhələdə verilən kredit dəstəyidir. Mikrokredit banklar və bank olmayan kredit təşkilatlarının mütəxəssisləri tərəfindən kredit alanın real vəziyyətinin yoxlanılması ilə qısa müddətə – 4-6 günə lazımi sənədlərin hazırlanması ilə verilən bir kredit növüdür. Mikrokreditlər 1 ildən il yarıma qədər müddətə verilir və onun alınması üçün müştəridən heç bir zəmanət və ya girov tələb olunmur. Kredit təyinatı üzrə istifadə olunub geri qaytarıldıqdan sonra həmin müştəriyə daha geniş həcmdə kredit dəstəyi imkanı da öz-özünə reallaşır.
“Naxçıvan-Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin yaradıldığı ilk gündən keçən altı il ərzində əsas fəaliyyət istiqaməti muxtar respublikada əkinçilik, heyvandarlıq və arıçılıq üzrə öz təsərrüfatlarını genişləndirmək istəyənlərə kömək etməkdən ibarət olubdur. Hazırda bu təşkilat tərəfindən illik 19 faiz olmaqa, 6 ay güzəşt dövrü tətbiq olunmaqla 14 faiz, 8 ay güzəşt dövrü tətbiq olunmaqla 16 faizlə kreditlər verilir. 500 manatdan 10 min manatadak həcmdə mikrokrediti alan torpaq mülkiyyətçisi ona lazım olan zəruri toxum, gübrə, yem, dərman və sair kimi vasitələri alaraq qısa bir zaman içərisində kiçik sahibkara çevrilə bilir.
Kənddə yaşayıb mövsümi işlərin qızğın çağında səhər saat doqquza qədər yatan “kəndli”nin hansı güzəranı ola bilər? Kənddə isə nə qədər desən, çoxlu sahə üzrə gəlir mənbəyi vardır. Əvvəllər muxtar respublikada torpaq mülkiyyətçiləri əgər dar bir çərçivədə kiçik biznesə başlamaqla iş qurmaq istəyirdilərsə, indi əhalinin istehlak qabiliyyətinin artması ilə iqtisadi fürsətlər də genişlənib. Buna görə də müasir dövrdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı üzrə əkinçilik, heyvandarlıq, arıçılıq, həyətyanı quşçuluq və meyvə-tərəvəzçiliyin inkişafına geniş imkanlar yaranıb. Elə bu imkanların nəticəsidir ki, “Naxçıvan-Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC indiyə qədər xeyli miqdarda kiçikhəcmli kreditlər verib. Muxtar respublikamızda mikrokreditlərə artan marağı “Naxçıvan-Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC-nin son illər ərzindəki göstəricilərində də görmək olar. Belə ki, 2007-ci ildə 837 min 800 manat güzəştli kredit verilmişdisə, 2011-ci ildə bu rəqəm 10 milyon 318 min manat, 2012-ci ildə isə 10 milyon 746 min manat olub. 2011-2012-ci illərdə güzəştli şərtlərlə kənd təsərrüfatı məhsulları istehsalı üçün 21 milyon 64 min manat həcmində kredit verilib.
Mikrokreditlərin əhəmiyyətini onların düzgün istifadə olunduqda region iqtisadiyyatına mühüm töhfə verməsi ilə göstərmək olar. İstər bazar tələbatının, istərsə də istehsal-iqtisadi imkanların düzgün qiymətləndirilməsi ilə yaranan fürsətlərin reallaşdırılması üçün verilən mikrokreditlər regionların, xüsusən ucqar yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Məsələn, Naxçıvan Muxtar Respublikasında kiçikhəcmli kreditlər hesabına yaranan kiçik sahibkarlıq subyektlərinin uğurlu fəaliyyətlərinin “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsində və muxtar respublikada uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunmasında rolu vardır. Daha iri layihələrin çətin reallaşdırıldığı ərazilərdə kiçikhəcmli kreditlər hesabına yaranan biznes subyektləri burada daimi məşğulluğun və məskunlaşmanın təmin olunması istiqamətində mühüm sosial siyasət vasitəsi kimi də çıxış edir. Ona görə də dövlət zəmanəti ilə verilən belə kreditlərin bütün hallarda düzgün istifadə olunub öz bəhrəsini verməsinə çalışılmalıdır. Bu da müstəqil ölkəmizin, onun tərkib hissəsi olan muxtar respublikamızın iqtisadi və sosial inkişafı naminə hər birimizin qarşısında duran vəzifədir.
Bəs muxtar respublikada kiçikhəcmli kredit bazarında vəziyyət necədir? Kənd təsərrüfatının inkişafı üçün güzəştli şərtlərlə ayrılan kreditlərdən necə istifadə olunur?
Qeyd edək ki, bu vacib məsələ ilə bağlı apardığımız müşahidələr verilən kreditlərin heç də hamısının təyinatına uyğun istifadə olunmadığını göstərdi. Torpaq mülkiyyətçiləri ilə aparılan söhbətlər, kredit alanların bəzilərinin əkin-biçindən uzaq adamlar olması bu qənaəti yaratdı. Muxtar respublikamızın kəndlərində aparılan müşahidələr nəticəsində kredit alanların bir çoxunun verilən məbləğdən şəxsi istehlak məqsədilə istifadə etdiyi, bəzilərinin isə heç burada yaşamadığı faktları ilə qarşılaşdıq. Halbuki dövlət istehlak məqsədilə də kredit ayrılması üçün lazımi şərait yaradıb və əhali bundan geniş istifadə etməkdədir. Ancaq bilmək lazımdır ki, ərzaq məhsulları istehsalı üçün nəzərdə tutulmuş güzəştli kreditlərin şəxsi istehlaka sərf olunması gələcəkdə bizə lazım olan məhsulları baha qiymətə almağımızla nəticələnəcəkdir.
Kiçikhəcmli kreditlərin təyinatına uyğun istifadəsi ilə bağlı müşahidələrimizi dəqiqləşdirmək üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin Kredit təşkilatlarına nəzarət şöbəsinin rəisi Şəmsəddin Sevdimalıyevə müraciət etdik. Ancaq təəssüf ki, aldığımız cavab güzəştli şərtlərlə ayrılan mikrokreditlərdən lazımınca istifadə olunmadığını, onların təyinatından uzaq məqsədlərə xərcləndiyini göstərdi. Şəmsəddin Sevdimalıyev bildirdi ki, təkcə cari ilin may ayında “Naxçıvan-Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən kənd təsərrüfatının inkişafı məqsədilə muxtar respublikanın torpaq mülkiyyətçilərinə, əsasən, kartof, qarğıdalı və tərəvəz məhsullarının istehsalı üçün 1984 nəfərə 1 milyon 854 min manat məbləğində kreditlər verilib. Kreditlərin təyinatına görə istifadə olunmasının monitorinqini aparmaq üçün təşkilatın və müxtəlif dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə aparılan yoxlamalar zamanı müəyyən edilib ki, bir çox hallarda güzəştli şərtlərlə verilən kreditlər tam təyinatına uyğun istifadə olunmur. Xüsusilə Şərur rayonunda bu hallar daha çoxdur. Belə ki, cari ilin may ayında təkcə Şərur rayonunun 989 torpaq mülkiyyətçisinə kartof və qarğıdalı əkini üçün 884 min manat kredit verilib. Rayonun Danyeri, Xanlıqlar, Yengicə, Vərməziyar və digər kəndlərində aparılan monitorinqlərdə kreditlərin 80 faizdən çoxunun təyinatına uyğun istifadə olunmadığı müəyyən edilərək aktlaşdırılıb. Həmin torpaq mülkiyyətçilərinin vəsaitləri şəxsi istehlak və digər biznes məqsədləri üçün istifadə etdikləri müəyyənləşdirilib.
Belə xoşagəlməz halların arzuedilməz nəticəsi təkcə verilmiş kreditlərin vaxtında qaytarılmaması, böyük məbləğdə vaxtı keçmiş borcların yığılıb qalması ilə bitmir. Bu qədər əkinəyararlı bərəkətli torpağımız, bol suyumuz və hərtərəfli imkanlarımız ola-ola yayın ortasında təkcə bazardakı tərəvəz qiymətlərini bilmək kifayətdir.
Əli CABBAROV