23 Dekabr 2024, Bazar ertəsi

Hər bir ölkənin əhalisinin sağlamlıq səviyyəsi ətraf mühitin qorunmasından əhəmiyyətli dərəcədə asılıdır. Ona görə də muxtar respublikamızda əhalinin sağlamlığının mühafizəsinə və möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl və genişmiqyaslı tədbirlər daim diqqət mərkəzində saxlanılır. Yay fəslinin isti günlərini yaşadığımız bir vaxtda isə bu məsələ xüsusi aktuallıq kəsb edir. Özünəməxsus qayğıları olan bu fəsildə insanlar Günəşin yandırıcı şüaları ilə yanaşı, həm də qida zəhərlənmələrindən qorunmağa çalışırlar. Çünki bu fəsildə ərzaq məhsulları keyfiyyətini daha tez itirir, nəticədə, insanların sağlamlığı üçün təhlükə yaranır.
Qeyd etmək lazımdır ki, yeyinti məhsullarının keyfiyyətinə təsir edən bir çox amillər mövcuddur. Bu baxımdan onların keyfiyyət göstəriciləri dəqiq təyin olunmalı, məhsulların daşınması, lazımi şəraitdə saxlanması, qablaşdırılması, markalanması, etiketlənməsi zamanı müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmalıdır. Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aidiyyəti şöbəsi və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilir. Təkcə cari ilin ötən dövrü ərzində 60 mal çeşidini əhatə edən 410 səyyar və 787 halda mal nümunəsi laboratoriya analizindən keçirilib. Aparılmış laboratoriya təhlilləri, əsasən, 564 yerli istehsal və 223 idxal məhsullarını əhatə edib.

Bəhs olunan dövr ərzində 383 halda hüquqi və 404 halda fiziki şəxslər tərəfindən daxil olmuş 787 halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 782 nümunənin keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 5 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.
Qida zəhərlənmələrindən qorunmaq üçün vətəndaşlar da bir sıra profilaktik tədbirlərə riayət etməli, istehlakçı kimi hüquqlarını bilməli, öz sağlamlıqlarını qorumağın qayğısına qalmalıdırlar. Məhz bu səbəbdən gündə­lik qida rasionumuzda mühüm yer tutan bir neçə ərzaq məhsulunun daşınması, saxlanması və satışı zamanı tələb olunan xüsusi norma və qaydalar haqqında istehlakçıların maarifləndirilməsi vacibdir. İstehlakçılar yay fəslində hər hansı ərzaq məhsulunu alarkən, ilk növbədə, həmin məhsulun saxlanma şəraitinə və xüsusən istehlak müddətinə diqqət etməlidirlər. Yay mövsümündə zəhərlənmələrin əksəriyyəti tez xarab olan ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlı olur.
Ticarət, məişət və digər xidmət sahələrində istehlakçıların hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aidiyyəti şöbəsi tərəfindən təmin edilir. Muxtar respublika ərazisində ərzaq mallarının pərakəndə satışını həyata keçirən ticarət və xidmət obyektlərində istehlak etdiyiniz hər hansı bir ərzaq məhsulunun satışı və xidmət zamanı hüquqlarınız pozulduğu halda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qaynar xəttinə (036-545-75-77) zəng edə bilərsiniz.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR