23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti IV “Göycə” festivalı keçirilir.

Əvvəlcə festivalın açılış mərasimi olub. Tədbirin aparıcıları qeyd edib ki, qədim Naxçıvan zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır. Naxçıvanın istər təbii duzu və mineral bulaqları, istərsə də barlı-bəhərli bağlarında yetişən növbənöv meyvələri süfrələrimizin dadı-tamına, bərəkətinə çevrilib. Bütün bunlara görədir ki, hələ orta əsrlərdə səyyahlar Naxçıvanı “meyvə cənnəti” adlandırıblar. Naxçıvanda hər mövsümün öz meyvəsi vardır. Bu meyvələr içərisində öz dadı-tamı ilə seçilən, yalnız Naxçıvanda bitən bir meyvə də vardır ki, o da göycədir. Naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının əməyinin bəhrəsi olan Naxçıvan göycəsinin tarixi VII əsrə gedib çıxır. Bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında göycənin müxtəlif növləri yetişdirilir. Aparıcılar 2016-cı ildən başlayaraq keçirilən “Göycə” festivalının əhəmiyyətindən danışaraq bildiriblər ki, Naxçıvanda yetişən göycə ilə yanaşı, ləziz dadı olan alma, armud, qoz, badam, üzüm sortları da ölkəmizdə və dünyada yaxşı tanınır.

 Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər doktoru Varis Quliyev çıxış edərək deyib ki, elmə Naxçıvan göycəsi sortunun xalq seleksiyası yolu ilə yaradıldığı məlumdur. Göycəsi sortunun adı becərildiyi ərazinin və faraş yeyildiyi məhsulun rənginə uyğun olaraq adlandırılıb. “Göycə” sözü göyümtül-yaşıl mənasında olmaqla bərabər, “yeni”, “təzə” mənasını da ifadə edir. O muxtar respublikada yazın ilk yeyilən 

meyvə sortlarından biridir. Naxçıvanın torpaq-iqlim şəraiti göycənin tez böyüməsi, inkişafı, bol və yüksək keyfiyyətli məhsul verməsi üçün olduqca əlverişlidir. Əsasən Arazboyu maili düzənlik ərazilərdə Naxçıvan göycəsi sortundan ibarət bağların salınması üçün olduqca əlverişli ekoloji mühit vardır. Çoxillik göycə ağacları 10-25 il normal məhsul verir, hər bir ağacdan ildə təqribən 50 kiloqrama qədər məhsul toplanılır. Naxçıvan göycəsi, adətən yazda, yayda və payızda müxtəlif calaq üsulları ilə çoxaldılır. Calaqaltı kimi çəyirdəkli meyvələrin tinglərindən istifadə edilir. Calaqetmədə albuxara ağacından istifadə etdikdə göycə meyvələri nisbətən iri və şirin, badam ağacına calaq edildikdə isə göycə ağacları uzunömürlü olur.   

Varis Quliyev muxtar respublikada meyvəçiliyin inkişafına göstərdiyi diqqət və qayğıya görə festivalın iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında səsləndirilən şən mahnılar və rəqslər festival iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, festivala muxtar respublikanın şəhər və rayonlarından 250-dən çox ailə təsərrüfatı sahibi 18 tondan artıq göycə gətirib. Festivalda göycədən hazırlanan, mürəbbə, cem, əzmə, kompot və araqların sərgisi və satışı da təşkil olunub.

Festivalda həmsöhbət olduğumuz təsərrüfat sahiblərindən Naxçıvan şəhər Qaraxanbəyli kənd sakini Elmir Əliyev qeyd edib ki, artıq ikinci dəfədir “Göycə” festivalında iştirak edir. O bildirib ki, 3 hektara yaxın sahədə göycə yetişdirir və festivalda satış üçün 400 kiloqramdan artıq meyvə gətirib. Elmir Əliyev məhsuluna marağın böyük olduğunu da vurğulayıb.

Culfa rayonunun Göydərə kənd sakini, ailə təsərrüfatı sahibi olan Vəli Əliyev isə bizimlə söhbətində bildirib ki, uzun illərdir meyvəçiliklə məşğul olur. Amma son dörd ildə göycə yetişdirməklə də məşğul olduğunu deyən Vəli Əliyev festivala satış üçün 200 kiloqrama yaxın məhsul gətirdiyini qeyd edib.

Kəngərli rayon Çalxanqala kənd sakini Zaur Həsənov festivala satış üçün göycə ilə bərbər 20 litrə yaxın göycə arağı da gətirdiyini deyib. Həmsöhbət olduğumuz ailə təsərrüfatı sahibləri gətirdikləri göycə məhsuluna marağın böyük olduğunu bildirib, festivalın təşkilinə görə dövlətimizə minnətdarlığını ifadə ediblər.

Qeyd edək ki, festival sabah da davam edəcək və günün sonunda ailə təsərrüfatı sahibləri arasında “Ən yaxşı göycə” müsabiqəsi ilə tədbirə yekun vurulacaq.

Tural AĞAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR