Muxtar respublikamızda təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla aqrar sahə son dövrlərdə daha intensiv şəkildə inkişaf etdirilir. Belə ki, ailə və fərdi təsərrüfatları yaratmaqla özünüməşğulluğun təmin olunması sadə idarəetmə yolu ilə konkret bir məhsul və ya xidmətin istehsalı üzrə bazar tələbatının ödənilməsi və şübhəsiz, təsərrüfat sahiblərinin gəlirlərinin artırılması deməkdir.
Bu baxımdan muxtar respublikada təşkil edilən festivalları da vurğulamaq yerinə düşər. Festivalın keçirilməsi Naxçıvana aid bir çox mətbəx nümunələrinin, yerli məhsulların, yurdumuzda adı ilə tanınan meyvələrin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Torpaq mülkiyyətçisi istehsal etdiyi məhsulları burada nümayiş etdirir, rahat şəkildə sata bilir. Artıq ənənə halını alan festivallardan biri bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən dördüncü “Göycə” festivalıdır. Festival ərəfəsində biz də bir neçə təsərrüfatçı ilə görüşüb həmsöhbət olduq.
Şərur rayon Düdəngə kənd sakini Mübariz Quliyev beş ildən artıqdır ki, göycə bağına qulluq edir. Onun söhbəti:
– Muxtar respublikamızın coğrafi iqlim şəraiti, təmiz havası və saf suyu diyarımızda böyük müalicəvi əhəmiyyətə malik müxtəlif qida məhsullarının yetişdirilməsinə imkan verir. Öz ailəmlə saldığım bu göycə bağını daimi iş yeri sayır, burada çalışmaqdan zövq alıram. Onu da deyim ki, göycə becərmək zəhmət tələb etsə də, öz qohum-əqrəbamın, yaxın qonşularımızın köməyi ilə hər işin öhdəsindən gəlirik. Atalarımız çox doğru deyiblər: “Güc birlikdədir”. Bağımızda bol və keyfiyyətli məhsul yetişdirilməsi üçün ağaclara yaxşı qulluq edirik. Yaxşı çalışmaq yaxşı qazanmaq, doğma diyarımızın iqtisadiyyatına töhfə vermək və yaxşı yaşamaq deməkdir. Dövlətimizi var olsun ki, bizə belə şərait yaradıb.
Builki mövsümdə bağda bol məhsul yetişdiyini bildirən müsahibim bunu onunla izah etdi ki, ailə üzvləri ilə birlikdə ilboyu aparılmalı olan aqrotexniki tələblərə əməl ediblər. Çəkdikləri zəhmət hədər getməyib. Bu günədək məhsulun bir hissəsini yığıb Bakı şəhərinə göndərmişik, – deyən Mübariz Quliyev onu da bildirir ki, o, hər il keçirilən “Göycə” festivalında iştirak edir. Bu cür festivalların keçirilməsi həm də məşhur Naxçıvan göycəsinin daha yaxşı tanıdılmasına, təsərrüfat sahiblərinin bol qazanc əldə etməsinə səbəb olur.
O, “Göycə” festivalına göycə və ondan hazırlanmış müxtəlif çeşidlərdə məhsullar çıxaracaq.
Baxşəli Mazanov Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində gələcəyin memarlarına biliklər aşılamaqla bərabər həm də torpağa bağlı insan, zəhmətkeş kənd adamıdır. Onunla söhbətimiz Naxçıvan şəhərinin Qaraçuq kəndindəki göycə bağında baş tutdu:
– On ildən artıqdır, bu bağı əkib-becərirəm, zəhmətimin qarşılığını da torpaqdan ikiqat alıram. Günümün çoxu bu bağda keçir. Övladlarım da zəhmətə alışıblar. Onlar da istirahət günlərində mənimlə bərabər bağın qayğısına qalırlar. Ağacları budamaqda, suvarmaqda, meyvə yığımında mənə köməklik göstərirlər. Bağı həyətyanı sahəmdə salmışam. Burada 150 göycə ağacı var. Onların içində birillik ağacdan tutmuş onbeşillik göycə ağacına da rast gəlmək olar. Çoxillik ağaclar, adətən, 10-25 il normal məhsul verir. Hər bir ağacdan ildə, təqribən, 50 kiloqrama qədər məhsul toplayırıq. Bu meyvə ağacı şaxtayadözümlü olduğu üçün soyuq iqlimə malik olan muxtar respublikada yaxşı bar verir. Amma ağaclar da uşaq kimidir, qayğısına qalmasan, əzizləməsən yaxşı bar götürə bilməzsən. Bunun üçün göycə ağacı tez-tez suvarılmalı, gübrələnməlidir. Bu zaman gübrəni həm bitkilərin kökünə töküb, həm də su vasitəsilə axıtsanız, bitkinin gövdəsi daha dözümlü olar və sürətlə böyüyər. İnsan zəhmətlə, sevgi ilə bir işdən yapışarsa, onu yarıda bilər, çünki zəhmət bəhrəsiz qalmır. Adla deyilən göycə öz mövsümündə ən dadlı sovqatdır. O qurudularaq, mürəbbə, cem və turşu kimi qışa da tədarük edilir. Nəvələrimə deyirəm ki, gün gələcək bu torpağın yiyəsi siz olacaqsınız. Bax o vaxt siz də torpaqdan dördəlli yapışın ki, torpaqlarımız boş qalmasın, ona düşmən göz dikə bilməsin. Əbəs yerə demirlər ki, ruzisi torpaqdan olandan dərd-bəla uzaq qaçar.
Naxçıvandakı builki “Göycə” festivalı “Ailə təsərrüfaları ili”nə təsadüf etməsi ilə əlamətdardır. Mütəşəkkil və ənənəvi təşkili ilə seçilən belə festivallar qədim Naxçıvanın özünəməxsus milli dəyərlərini, təbii sərvətlərini, əkinçilik və bağçılıq, süfrə mədəniyyətini, təsərrüfatçılıq ənənələrini təbliğ etməkdədir. Bu festivallar həm də ailələrin iqtisadi vəziyyətinin yaxşılaşdırılması, özünüməşğulluğun, sahibkarlığın, yerli istehsalın artırılması kimi başlıca amillərə xidmət edən uğurlu tədbirlərdir. Belə festivallar ailə təsərrüfatları sahiblərini çeşidli, bol və keyfiyyətli məhsul istehsal etməyə ruhlandırır, onları öz işinə daha sıx tellərlə bağlayır. Doğma yurduna, torpağına bağlılığın ən doğru yolu, əsl halallıq nümunəsi də elə budur. Axı ana torpaq onu sevən insanı heç vaxt naümid qoymaz, varını-səxavətini qədirbilən, əzmkar övladlarından əsirgəməz. Ötənilki festivallar kimi, bu festival da göstərəcək ki, dadı, ləzzəti ilə artıq brendə çevrilən Naxçıvan göycəsinə həmişə tələbat var, necə deyərlər, alıcısı başının üstündədir.
Ramiyyə ƏKBƏROVA
Pərviz HACILI