Muxtar respublikada ərzaq təhlükəsizliyinin təminatında mühüm sahə olan heyvandarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Son dövrlər yeni heyvandarlıq təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə 100 manat həcmində subsidiyanın müəyyən olunması, yüksək məhsuldarlığı olan heyvanların baş sayının artırılmasına şəraitin yaradılması bu sahənin dinamik inkişafını təmin etmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin laboratoriyasının maddi-texniki bazasının gücləndirilməsi və süni mayalanma tədbirlərinin genişləndirilməsi məqsədilə alınmış avadanlıqlar və ləvazimatlar bu sahədə görülən işlərin davamlılığını daha da artırmışdır. Həmçinin muxtar respublikada istifadəyə verilən qəsəbə və kənd mərkəzlərində baytar sahə məntəqələrinin fəaliyyətinin təşkili ümumi inkişafa mühüm töhfə olmuşdur.
Heyvandarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən ixtisaslı kadrların hazırlanması, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində Naxçıvan Dövlət Universitetində Baytarlıq təbabəti ixtisası açılmış, müasir tədris ocağı istifadəyə verilmişdir. Bundan əlavə, Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisas üzrə yeni laboratoriya və fənn kabinələri yaradılmışdır.
2017-ci ildən muxtar respublikada təşkil olunan “Ailə təsərrüfatı məhsulları” festivalı ailə təsərrüfatlarında istehsal olunmuş heyvandarlıq məhsullarının satışının artmasına geniş imkanlar yaratmışdır.
Heyvandarlığın inkişafı istiqamətində cari ilin yanvar-aprel aylarında 5 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Bu sahə ilə məşğul olan təsərrüfat subyektlərinə cari ilin yanvar-aprel aylarında bank və kredit təşkilatları tərəfindən 2 milyon 409 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 44 faiz çoxdur. Ümumilikdə, son on ildə bu sahəyə 74 milyon 597 min 500 manat kredit verilmişdir.
2019-cu ilin yanvar-aprel aylarında muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 3909 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 3932 baş sağlam bala alınmışdır.
Həyata keçirilən dəstəkləyici tədbirlər iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının dinamik artımını təmin etmişdir. Belə ki, 1 aprel 2019-cu il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzlu mal-qaranın sayı 121 min 230 baş, xırdabuynuzlu heyvanların sayı isə 754 min 918 baş olmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövründəki göstəriciləri 16,2 və 19,5 faiz üstələmişdir.
İribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı
İribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının artımının və cins tərkibinin yaxşılaşdırılmasının nəticəsi olaraq 2019-cu ilin yanvar-aprel aylarında muxtar respublikada diri çəkidə 7939,7 ton ət, 25675,6 ton süd istehsal olunmuşdur ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 38,3 və 16,1 faiz çoxdur.
Bəhs olunan dövrdə 36 milyon 413 min 600 manatlıq heyvandarlıq məhsulları istehsal edilmişdir ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Hazırda inşası davam etdirilən Süni Mayalanma Mərkəzi muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlıq təsərrüfatlarında süni yolla mayalandırma işinin davamlılığına, mal-qaranın baş sayının və heyvandarlıq məhsulları istehsalının artımına müsbət təsir göstərəcəkdir.
2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması və ailə təsərrüfatlarının fəaliyyətinin daim diqqətdə saxlanılması, özünüməşğulluğun təmin olunmasına, iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafına yeni imkanlar yaradır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti