Naxçıvan Muxtar Respublikası tarixən əkinçiliyin inkişaf etdiyi özünəməxsus bağçılıq ənənəsi və iqlim müxtəlifliyi ilə seçilən bir diyardır. Mənbələrdə bu unikal diyarda bağçılığın üç min beş yüz ildən çox tarixə malik olduğu qeyd edilir. Muxtar respublikanın əlverişli torpaq-iqlim şəraiti burada gözəl ətrə və ləziz tama malik olan yüksəkkeyfiyyətli meyvələr yetişdirilməsinə imkan verir.
Hələ XV əsrdə yaşamış tarixçi səyyahların yazılarında qeyd olunur ki, Naxçıvandakı faydalı meyvələrdən dünyanın heç bir yerində yoxdur. Burada yetişdirilən meyvələr təzə halda və qurudularaq daxili bazarlarda, eləcə də xarici ölkələrdə satılırdı. Meyvəçilik uzun illərin təcrübəsində bu regionun ənənəvi təsərrüfatçılıq sahələrindən biri hesab edilir. Naxçıvanın xalq seleksiyaçıları bir çox əsrlər ərzində özlərinə məxsus üsullarla tumlu, çəyirdəkli və qərzəkli meyvələrin 500-dən artıq nadir sortlarını yetişdiriblər.
Naxçıvan Muxtar Respublikasında meyvəçilik XIX əsrin əvvəllərindən başlayaraq daha geniş miqyasda inkişaf edib. Bu prosesdə ötən əsrin 70-80-ci illərində meyvə-tərəvəz məhsullarının emalı üçün yaradılmış konserv zavodlarının da böyük rolu olub. Muxtar respublikada meyvəçiliyin tarixinə və növ müxtəlifliyinə görə Ordubad, Naxçıvan şəhəri, Şərur, Şahbuz, Babək və Culfa rayonları bir ardıcıllıq təşkil edir.
Hazırda Naxçıvanda 4816 hektar sahədə müxtəlif növ meyvə bağları mövcuddur. Son illər meyvəçiliyin gəlirli sahə kimi inkişaf etdirilməsinə xüsusi önəm verilir. 2016-cı ilin 8 fevralında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə növbəti Dövlət Proqramının qəbul edilməsindən ötən dövr ərzində bu istiqamətdə əsaslı tədbirlər həyata keçirilib. Bu məqsədlə istehsalçılara meyvə bağlarının salınması üçün güzəştli kreditlər ayrılıb və məhsulların saxlanması məqsədilə soyuducu anbarlar tikilib istifadəyə verilib.
Qeyd edək ki, uzun illər xalq seleksiyaçıları meyvələrin daha məhsuldar sortlarını seçərək calaq yolu ilə yenilərini yaradıblar. Onlardan ən çox istifadə olunanı alçadır. Alça cır halda ağac və kol şəklində bitir. Ağacların qabıqları boz, çiçəkləri isə ağ və xırdadır. Meyvələri əksəriyyətlə yumrudur, ancaq yastı və bir qədər oval şəkildə olanlar da vardır. Ləti çəyirdəkdən ayrılmır.
Göycə daha iri, yetkin meyvəsinin ləti sulu və şirəli, lət hissəsi çəyirdəkdən tez ayrılan, dadlı və öz tamı ilə seçilən qiymətli bir meyvədir.
Naxçıvan göycəsinin ağacları girdəçətirli və ortaboyludur. Meyvə 30-50 qram, yumru formada saplaq hissəsi batıq, saplağı isə yoğun və qısadır. Yetişmiş dövrdə qabığı bərk, açıq-yaşıl, yetişməyə başlayanda isə açıq-sarı, şirin, şirəli və xüsusi ətirlidir. Çəyirdəyi xırdadır, iyulun ortalarında tam yetişməsinə baxmayaraq, mayın ortalarından etibarən yeyilməyə başlanılır.
Göycə, gavalı, alça və göyəm bitkiləri üçün torpaqda 3-8 faizə qədər kirəcin (əhəngin) olması çox əhəmiyyətlidir. Bu növə aid olan meyvə ağacları çəyirdəkləri, pöhrələri, qələmləri ilə artırılır, çox gözəl calaq tuturlar. Toxumları ilə artırıldıqda yalnız özü tozlananlar ana sorta məxsus əlamətləri saxlayır, əksər hallarda toxumdan cır alınır. Buna görə də istənilən sortları artırmaq üçün yalnız pöhrələrdən və calaq üsulundan istifadə edilir.
Naxçıvan Muxtar Respublikası şəraitində göycə üçün ən münasib və qiymətli calaqaltı alçadır. Bundan başqa, göycə üçün albuxara və gavalı da yaxşı calaqaltı ola bilər, lakin belə calaqdan alınan göycənin ömrü az olur. Göycədə ən əlverişli calaq göz və yarma calaqları hesab edilir.
Ta qədimdən suvarma əkinçiliyinin inkişaf etdiyi dövrə qədər Naxçıvan şəhərində əkin sahələri və meyvə bağları burada mövcud olan qədim kəhrizlərin suyu ilə suvarılmışdır. Bu gün də şəhərin “Çuxur”, “Sarvanlar”, “Xıncab”, “Şahab” və “Əlixan” adlanan qədim məhəllələrində həyətyanı sahələr, əsasən, kəhriz suları ilə suvarılır.
Öz dadına, ətrinə və tərkibindəki C vitamininin miqdarına görə fərqlənən, yüksək alıcılıq qabiliyyəti olan göycə uzun illərdir ki, Naxçıvana şöhrət qazandırıb. Naxçıvanlılar bu meyvəni keyfiyyəti baxımından yetişdirildiyi əraziyə görə fərqləndirə bilirlər. Ən dadlı göycə adıçəkilən məhəllələrdə yetişdirilir.
Aparılan tədqiqatların nəticəsi göstərir ki, göycə meyvəsinin tərkibində olan turşuluğun, qələviliyin və şəkərliliyin nisbətləri bu meyvəni pəhriz meyvələr qrupuna aid etməyə əsas verir. Digər tərəfdən, meyvənin qalınqabıqlı, kövrək olmasında və çəyirdəkdən tez ayrılmasında, şirinliyində bitkinin kəhriz suyu ilə suvarılmasının öz rolu var.
Göycə bağlarının salınması üçün torpağın dərindən şumlanıb hazırlanması vacibdir. Çınqıllı yumşaq torpaqlarda dərin şuma ehtiyac yoxdur. Göycənin kökləri dayazda olduğundan onlar torpağın üst qatlarından istifadə edir.
Cavan göycə barvermə dövründə çox budanmalıdır. Çünki meyvəvermə fazasına kimi ağacları istənilən formaya salmaq mümkündür. Bu ağaclar birinci budama ilindən başlayaraq hər iki ildən bir budanmalıdır. Başlı-başına buraxıldıqda ağac çətirinin ortaları çılpaqlaşır, cavan şivlərin (pöhrələrin) yalnız ağacın çətiri altında əmələ gəlməsinə və məhsulun tədricən azalmasına səbəb olur.
Göycə ağacları birinci, ikinci illərdə sürətlə böyüyüb yaxşı boy atır, üçüncü ildə məhsula düşür, 4-5-ci illərdə məhsul verməyə başladıqdan sonra ağacların kökləri torpağın üst qatlarını tamamilə tutur və torpaq gübrələnmədikdə bu qat tezliklə qüvvədən düşür, məhsuldarlıq azalır. Bunun üçün bağlara payızda, torpaq şumlanan dövrdə 15-20 ton üzvi və hektara fiziki çəkidə 250-300 kiloqram fosfor, 150-200 kiloqram kalium gübrələrinin verilməsi vacib aqrotexniki tədbirlərdəndir.
Göycənin yaxşı məhsul verməsi üçün torpağın rütubətlə kifayət dərəcədə təmin olunması da vacibdir. Quraq iqlimdə göycə bağları suvarılmadıqda meyvələri keyfiyyətsiz olur. Torpaq yüngül tərkibli və özündə suyu çətin saxlayan olduqda suvarmaların sayı artırılmalıdır. Meyvələr yetişənədək rütubətin azlığı məhsulun miqdarına və keyfiyyətinə təsir edir. Naxçıvan şəraitində göycə ağaclarının 5-6 dəfə suvarılması vacib şərtlərdən biridir.
Göycənin meyvələri yetişməmiş halda daha çox istehlak edildiyindən həmin dövrdə də tələb artır, bazarda qiymət yüksəlir və məhsulun satışından daha çox gəlir əldə olunur. Ancaq buna baxmayaraq, onun yığılmamış yetkin meyvələri digər məqsədlər üçün (kompot, cem, lavaşa hazırlanır və ya qurudulur) istifadə olunur.
Aparılan təhlillərə görə, bir hektar sahədən 40-45 ton keyfiyyətli məhsul istehsal etməklə bazarlarda satışa çıxarmaq mümkündür. Muxtar respublika şəraitində yerli bazarlarda bir kiloqram göycənin qiymətini nəzərə alsaq, hektardan 40-45 min manat gəlir əldə edilə bilər. Bu, onu göstərir ki, göycə bağlarının salınması iqtisadi cəhətdən səmərəlidir.
Artıq Azərbaycanın Abşeron, Gəncə-Qazax, İsmayıllı, Quba, Göyçay və digər rayonlarında da Naxçıvan göycəsi sortunun meyvə plantasiyaları şəklində becərilməsi işlərinə başlanılıb. Dünyanın heç bir yerində yetişdirilməyən bu neməti qorumaq və tanıtmaq zəruridir, banan, kivi, ananas meyvələri ilə bir sırada yer tutmağa layiqdir. Düzdür, Azərbaycanın digər bölgələrində də müxtəlif alça ağaclarına rast gəlinir. Ancaq Naxçıvan göycəsi sortunun əmtəə görünüşü, keyfiyyəti və dadı tamamilə fərqlidir.
Bu meyvənin tanıdılması, brend məhsula çevrilməsi üçün ənənəvi olaraq Naxçıvan şəhərində “Göycə” festivalının keçirilməsi diyarımızda meyvəçiliyin inkişaf etdirilməsinə, genişləndirilməsinə, ümumiyyətlə, bağçılıq mədəniyyətinin dünya standartları səviyyəsinə yüksəldilməsi işlərinə bariz nümunədir. Ölkəmizdə və dünyada belə bir təcrübə vardır. Məsələn, Göyçayda “Nar”, Türkiyənin Antalya şəhərində “Portağal”, Adana şəhərində “Qarpız” festivalları keçirilir. Muxtar respublikada “Göycə” festivalının keçirilməsi dünya miqyasında yerli meyvə sortlarımızın təbliği üçün gələcəkdə “Ordubad əriyi”, “Naxçıvan üzümü” festivallarının keçirilməsinə də zəmin yaradır.
Varis QULİYEV
aqrar elmlər doktoru
Xaliq ABBASOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri