23 Dekabr 2024, Bazar ertəsi

Arıçılıq ekoloji təmiz və gəlirli təsərrüfat növlərindən biri sayılır. Yurdumuzun bəzəyi hesab edilən Naxçıvan torpağı, onun xoşətirli, gülzar təbiəti burada arıçılığın inkişafına geniş zəmin yaradır. Muxtar respublikanın coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü ilə yanaşı, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan edilməsi də bu sahənin genişləndirilməsinə stimul verir.

Hazırda diyarımızda arı ailələrinin sayı artaraq 71 mini ötüb, bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşıb. 2016-cı il 18 noyabr tarixli Sərəncamla təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahə ilə məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi, onlara lazımi köməklik göstərilməsi, balverən bitkilərin əkininin dəstəklənməsi, mövcud arı cinsinin qorunub saxlanılması ilə bərabər, ana arıların yetişdirilməsi üçün damazlıq təsərrüfatının yaradılması işində də mühüm rol oynayır.
Yazın əvvəllərində arı yeşikləri üzərində görülən işlər həmin il üçün məhsuldarlığı müəyyən edir. Arıçıların yaz qayğıları, yaz mövsümündə arı pətəklərində görüləsi işlər barədə iyirmi ildən artıqdır, arıçılıqla məşğul olan ailə təsərrüfatçısı Şahbuz rayon sakini Allahverdi Allahverdiyevlə həmsöhbət olduq. Müsahibim sevimli peşəsi ilə bağlı deyir ki, arıçılığın sirlərini ata-babamdan öyrənmişəm. Təsərrüfatımızı zamanla genişləndirmişəm, hazırda 83 arı ailəm vardır.

O bildirir ki, arıçılıq çalışmaları, əsasən, erkən yaz, beçə, bal və ya məhsul, qış dövrü olmaqla, dörd dövrdə aparılır. Qışlamadan sonra arılarda əsas yaz yoxlanışı keçirilir. Bu yoxlanış hava şəraitindən asılı olaraq dəyişir. Arı ailələri fevral ayının axırıncı həftəsindən başlayaraq, mart ayı boyunca xüsusi diqqət və qulluq tələb edir. Arıxanada ailələrə baxış günəşli, sakit və havanın temperaturu 14-15 dərəcədən artıq olan günlərdə aparılmalıdır. Bu zaman ailənin gücü, ana arının varlığı, işçi arıların, yumurta və sürfənin vəziyyəti, yem ehtiyatı yoxlanılır. Həmin vaxt yuvaya yaxşı hörülmüş şan qoymaq, kifayət qədər keyfiyyətli bal və güləm ilə təmin etmək ana arının intensiv yumurta qoymasına şərait yaradır.
Müsahibim deyir ki, Bozdağ Qafqaz arı cinslərinin Naxçıvan populyasiyaları, əsasən, fevralın sonunda qışlamadan çox tez çıxarılır. Erkən qışlamadan çıxan arılarda inkişaf daha yaxşı olur. Arıxana yerləşən ərazidə arıların təmizləyici dövrə uçuşu başa çatdıqdan sonra pətəyə ötəri baxış həyata keçirilir. Baxışın əsas məqsədi ailədə ananın varlığından əmin olmaq, yemin, ishalın olub-olmamasını, pətəyin nəmlik və rütubətlilik vəziyyətini yoxlamaq, ailənin gücünə baxmaq və sairədir. Əsas yoxlanış zamanı isə köhnə və xarab olmuş şanlar pətəkdən çıxarılır, lazım olduqda ailənin kiçildilməsi və yem ehtiyatının normaya salınması təmin edilir. Normal hava şəraiti yetişən kimi pətəklərin təmizlənməsi və dezinfeksiyası həyata keçirilir. Yaz yoxlanışının gedişində rast gəlinən çatışmazlıqlar arıçıya vəziyyəti qiymətləndirməyə və növbəti addımları planlaşdırmağa imkan verir.
Arıçı yazda arı ailəsinin sürətli inkişafının həm də onun kifayət qədər yemlə təmin olunmasından asılı olduğunu söylədi. O deyir ki, qışlamadan sonra yem az olduğuna görə arı ailələri zəifləyirlər. Yazın əvvəllərində havalar lazımi qədər sabit olmadığı üçün bal yığımı, adətən, mümkün olmur. Arıların soyuq havada kütləvi olaraq yem əldə etmək üçün getmələri isə onlardan çoxunun tələfi ilə nəticələnə bilər. Yemləndirmə üçün yüksəkkeyfiyyətli baldan və güləmdən istifadə etmək lazımdır. Mən avqust ayında bal süzülən zaman hər arı ailəsi üçün 10-14 kiloqram təmiz bal saxlayıram. Yeşiyə qoyulan baldan arı, adətən, fevral-may aylarında istifadə edir. Yığcam və yaxşı istiliyi olan pətəklərdə nisbətən az yem sərf olunur. İşçi arılar bal, çiçək tozu, güləm yeyərək arı südü ifraz edirlər. Arı südü ana arı yumurtalarını yemlənməsi üçün vacibdir. Yazda havalar isindikcə ana gündən-günə daha çox yumurta qoyur ki, bu da balanın sayını artırır, balanın yetişməsi ilə bağlı cavan arıların da sayı artır. Bu zaman yuvada darısqallıq əmələ gəlir. Ailənin gələcək inkişafına şərait yaratmaq üçün əlavə şanların yerləşdirilməsi yolu ilə yuva genişləndirilir. Arı ailəsi nə qədər güclü, ana məhsuldar, hava əlverişlidirsə, yuva da bir o qədər tez ­genişləndirilməlidir.
Arıçı deyir ki, yaz yoxlanışı zamanı arı xəstəliklərinin vaxtında aşkarlanması və xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməsi arı ailəsinin məhv olmasının qarşısını almaqda mühüm rol oynayır. Arı xəstəliklərinin qarşısını almaq üçün yeşiklər, pətəklərdəki köhnə çərçivələr dezinfeksiya olunur və ya yenisi ilə əvəzlənir. Həmin vasitələr dezinfeksiya tədbirlərindən sonra 1-2 gün açıq havada saxlanılmalıdır. Arı, əsasən, təmiz su gölməçələrindən istifadə edir. Əgər arıxanada təbii su qaynaqları yoxdursa, arıların su ehtiyaclarını qarşılaya biləcək tədbirlər görmək lazımdır. Bütün bunlar xəstəlik əlamətlərinin olmasına nəzarətə, arı ailələri üçün çatışmayan yem ehtiyatının bərpasına, ana arının yumurtaqoyma prosesini sürətləndirməsinə vaxtında müalicəvi-­profi­lak­tik tədbirlərin görülməsinə şərait yaradır.
İldə ortalama 500-600 kiloqram bal əldə edən arıçı deyir ki, istehsal etdiyimiz arıçılıq məhsullarını satmaqda heç bir problemimiz yoxdur. Keçən il “Ailə təsərrüfatı məhsulları” festivalında arı südü, mum, bərəmum, güləm, çiçək tozu və digər arıçılıq məhsulları ilə iştirak edən təsərrüfatçı I yer tutaraq diplomla təltif edilib. Təsərrüfatını daha da inkişaf etdirmək fikrində olan təcrübəli arıçı deyir ki, arıçılığın inkişafına göstərilən dövlət qayğısından ruhlanaraq təsərrüfatımı daha da genişləndirəcək və arıçılıq məhsulları istehsalında yüksək nəticələrə nail olmağa çalışacağam.
Allahverdi Allahverdiyev həm də Şahbuz rayonunda yerləşən “Naxçıvan Arıçılığı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Keçən il yaradılan və bu ilin mart ayından fəaliyyətə başlayan cəmiyyət hazırda sənaye üsulu ilə yüksəkkeyfiyyətli mum vərəqi istehsalı ilə məşğuldur. Gələcəkdə dövlətin dəstəyi və qayğısı ilə damazlıq arı ailələrinin yaradılması, arıçılıq məhsullarının qablaşdırılması və xaricə çıxarılması işlərini həyata keçirmək cəmiyyətin əsas məqsədləri sırasındadır.
Biz də inanırıq ki, arıçılıq təsərrüfatlarının fəaliyyəti istiqamətində həyata keçirilən mühüm tədbirlər arıçılığın gəlirli təsərrüfat sahəsinə çevrilməsinə, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasına, ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına geniş imkanlar yaradacaqdır.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR