Muxtar respublikada 2019-cu ilin yanvar-aprel aylarında 727 milyon 919 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 1594,6 manata çatmışdır.
* * *
Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 330 milyon 716 min manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
* * *
Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-aprel aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 288 milyon 165 min manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 273 milyon 560 min manatı və ya 94,9 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.
* * *
2019-cu ilin yanvar-aprel aylarında 40 milyon 232 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 7940 tona, süd istehsalı isə 25 min 676 tona yaxın olmuşdur. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı isə 1,6 faiz artmışdır.
* * *
2019-cu ilin yanvar-aprel aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 17 milyon 268 min manat olmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri 13 milyon 789 min 600 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1,5 faiz artmışdır.
* * *
Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmış, 2019-cu ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 24 milyon 51 min 100 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 3 milyon 458 min 200 manatı və yaxud 14,4 faizi qısamüddətli, 20 milyon 592 min 900 manatı və yaxud 85,6 faizi uzunmüddətli kreditlər olmuşdur.
* * *
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
* * *
Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.
1 may 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 81 min 94-ə çatmışdır ki, bunun da 71 min 777-si və ya 88,5 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-aprel aylarında açılmış 6769 bank hesabının 6739-u aktiv hesablar olmuşdur.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 may 2019-cu il tarixə 1275-ə çatmışdır.
* * *
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2019-cu ilin yanvar-aprel aylarında 117 milyon 689 min 700 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 98 milyon 313 min 400 ABŞ dolları təşkil etmiş, 78 milyon 937 min 100 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
* * *
2019-cu ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 433,3 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
* * *
1 aprel 2019-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3274 nəfər artaraq 456 min 700 nəfəri ötmüşdür.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti