Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksək keyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzləri tikilib istifadəyə verilir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərindəki Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Mərkəzidir.
Ticarət kompleksinin ikimərtəbəli əsas binasında və kompleksə daxil olan tikililərdə 228 standart ölçüyə malik ticarət obyekti fəaliyyət göstərir. Hazırda burada 1500 nəfərdən çox işçi çalışır. Kənd təsərrüfatı məhsulları bazarı isə 2000 satıcı üçün nəzərdə tutulub. Ümumilikdə, kompleksdə çalışan texniki personal ilə birlikdə işçilərin sayı 4000 nəfərdən çoxdur.
“Cahan” Ticarət Mərkəzi fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində ticarət mərkəzinə istər alıcı, istərsə də satıcı qismində müraciət edənlərin sayı qat-qat artmış, kompleksin yenidən qurulması və yeni korpusun inşa olunması zərurəti yaranmışdır. Digər sahibkarlıq subyektləri kimi, “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyəti də göstərilən dövlət qayğısından bəhrələnmiş, təqdim olunmuş layihəyə uyğun Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilmişdir. Cari ilin mart ayından kompleksin ərazisində 8750 kvadratmetr torpaq sahəsi ayrılmış, 350 mağazanın və digər xidmət sahələrinin fəaliyyət göstərəcəyi ikimərtəbəli yeni korpusun inşasına, cari ilin iyun ayından isə “Cahan” Ticarət Mərkəzinin əsas binasında yenidənqurma işlərinə başlanılmışdır.
Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərtərəfli şərait yaradılmış, aqrar bölmənin inkişafı üçün güzəştli kreditlər ayrılmışdır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər digər sahələrdə olduğu kimi, meyvəçilik və tərəvəzçilik sahəsində də öz bəhrəsini vermiş, sahələrdə bol məhsul yetişdirilmişdir. Həmin məhsulların ticarət mərkəzində rahat şəkildə satılması üçün lazımi hazırlıq işləri görülmüşdür. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların artan müraciətləri nəzərə alınaraq, ticarət kompleksinin ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı bazarında da yeni müasir korpusun tikilərək sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur.
İnşaat işlərinin vaxtında və keyfiyyətli aparılması üçün obyektə “Cahan-İnşaat” MMC-nin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunmuşdur. Artıq yeni korpusda dəmir konstruksiya işləri başa çatdırılmış, birinci mərtəbədə arakəsmələr hörülmüşdür. Hazırda suvaq işləri görülür, ayrı-ayrı mağazaların quraşdırılması davam etdirilir. Bundan başqa, ticarət mərkəzinin əsas binasının fasad hissəsində suvaq işləri aparılır. Dairəvi mağazalarda isə daha müasir istilik sistemi quraşdırılacaq, ticarət mərkəzinin avtomobil giriş yollarına asfalt-beton örtük salınacaq, avtomobil dayanacağı istifadəyə veriləcəkdir. Ticarət mərkəzinin yeni korpusunda müxtəlif sahələrdə nümunəvi xidmət göstərilməsi ilə yanaşı, 550 nəfərdən çox fiziki şəxsin biznes fəaliyyəti ilə məşğul olmasına əlverişli şərait yaradılacaqdır.
Yenidənqurma işlərindən sonra istifadəyə veriləcək “Cahan” Ticarət Kompleksi yeniləşən Naxçıvan şəhərinin müasir memarlıq üslubuna yeni çalarlar qatacaq, nümunəvi xidmət baxımından daha müasir məkana çevriləcəkdir.
Kərəm HƏSƏNOV