23 Dekabr 2024, Bazar ertəsi

Keyfiyyətli tütün istehsalı onun ixrac potensialını artırıb

Tütün iqtisadi əhəmiyyətinə görə ölkəmizdə pambıqdan sonra ikinci texniki bitki hesab olunur. Keçmiş SSRİ dövründə Azərbaycan tütün istehsalına görə Moldova və Ukraynadan sonra 3-cü yeri tuturdu. Həmin dövrlərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində ölkəmizdə tütünçülük çox sürətlə inkişaf etdirilib, bu sahənin böyük sənaye potensialı yaradılıb. 1970-ci illərdə Azərbaycanda, təxminən, ildə 25 min ton tütün istehsal olunub. 1980-ci ildə isə tütün istehsalı 60 min tona çatdırılıb. 1986-cı ildə ölkəmizdə 16,7 min hektar sahədən rekord miqdarda – 65 min ton tütün istehsal olunub. Tütün istehsalı yüksək rentabelliyə malik olduğuna görə Azərbaycanın 21 rayonunda bu sahə inkişaf etdirilib. Mütəxəssislərə görə, ölkəmizdə ən keyfiyyətli məhsul Şəki-Zaqatala bölgəsində və Naxçıvan Muxtar Respublikasında əldə olunur.

Qeyd edək ki, sovetlər birliyi dağılandan sonra Dünya Bankı ilə birlikdə ölkəmizdə aqrar sektorla bağlı layihələrin işlənməsinə, treninqlər aparılmasına, kreditlər verilməsinə baxmayaraq, tütünçülük sektoru arxa planda qaldı. Dünya Bankının ekspertləri səbəb kimi tütünün sağlamlığa zərərini göstərir və bunu siqaretə qarşı mübarizədə addım kimi qələmə verirdilər. Ancaq əvəzində ABŞ-da tütün istehsalı və ixracı xeyli artdı. Təbii ki, bu sahədən götürülən gəlirlər də. Həmin ölkədə siqaretə qarşı aparılan mübarizəyə baxmayaraq, tütün istehsalının nəinki azalmadığını, hətta artdığını görərik. Bu gün bir çox ekspertlər inkişaf etmiş ölkələrin tütündən yüz milyardlarla gəlir əldə etdiyini nəzərə alıb bu sahədə qlobal monopoliya yaratmaq cəhdinə xoş baxmırlar. Hazırda dünya bazarında bəzi ölkələrin istehsal etdiyi siqa­retlərin ucuz qiymətə satışa çıxarılması həmin ölkələrdə yetişdirilən tütünün genetik modifikasiyaya məruz qalaraq daha çox məhsuldarlığa malik olması ilə də əlaqədardır.

Tütün zərərli məhsul olsa da, ondan istifadə edənlər cəmiyyətdə hər zaman olub. Əgər məhsul özümüzdə yoxdursa, o zaman bunu kənardan idxal etmək məcburiyyətində qalacağıq. Bu zaman isə milyonlarla vəsait xaricə axacaq. Elə bunun nəticəsidir ki, iki il bundan əvvəl ölkə başçısı keçirilən respublika müşavirəsində tütünçülüyün inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verdi. Prezident cənab ­İlham Əliyev bildirdi ki, 2021-ci ilə qədər ölkəmizdə tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməli, təqribən, 6 min hektara çatdırılmalıdır. Dövlətimizin başçısı qeyd etdi ki, belə olan halda, orta məhsuldarlıq 2 ton götürülərsə, hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və bu, ölkəyə böyük xeyir gətirəcək, valyuta xaricə getməyəcək, əksinə, ixrac imkanları yaranacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” isə artıq bu dövrdən başlayaraq tütünçü­lüyün inkişafı sahəsində yeni imkanlar açdı.
Naxçıvan Muxtar Respublikasında da bu gəlirli sahənin inkişafı üçün lazımi addımlar atıldı. Belə ki, ilk olaraq 2017-ci ildə Kəngərli rayonunun Təzəkənd və Xıncab kənd­lərində təcrübə məqsədilə tütün əkini aparıldı. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən rayonun həmin kəndlərində, əsasən, Virciniya, Oriental və İzmir tütün sortlarına üstünlük verildi. Həmin ilin oktyabr ayında Tütün Yetişdirmə Təsərrüfatı da fəaliyyətə başladı. Təsərrüfatın ərazisində istixanalar, yeraltı su anbarı, tütünqurutma yeri və anbarlar yaradıldı. Həmin il 12 tona yaxın quru tütün istehsal olundu. Növbəti ildə isə tütün əkilən sahələrin həcmi daha da artırıldı. 2018-ci ildə Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 41,5 hektar sahədə tütün əkini aparıldı ki, bu da bir il öncəki göstəricidən 32,5 hektar çox idi. 2018-ci ildə 41,5 hektar sahədən 51,5 ton qurudulmuş tütün tədarük edildi. Bu da bir il öncəki göstəricidən 4,6 dəfə çox idi. Dövlətin göstərdiyi qayğı nəticəsində bu gün muxtar respublikada tütünçülər bu sahədən yaxşı gəlir əldə edirlər. Onlar əkinlərə aqrotexniki qulluq göstərilməsində, şumlama, kağlama və digər işlərdə müasir texnikalardan istifadə edirlər. Görülən işlərin nəticəsində bu gün artıq muxtar respublikada keyfiyyətli siqaretlər istehsal olunur və bu məhsulların xarici bazarlardakı coğrafiyası ildən­-ilə genişlənir.
Bir neçə gün bundan əvvəl Bakıda keçirilən “Bakı Ekspo” Sərgi və Toplantı Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyətinin tütün, qəlyan və siqaret çeşidlərindən ibarət məhsullarına böyük marağın olması da bundan xəbər verirdi. Sərgidə cəmiyyətin nümayiş etdirdiyi yerli istehsal məhsullarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirləri də baxıblar. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının prezidenti Vüqar Abbasov ölkə Prezidentinə tütünçülüyün bərpası, yetişdirilməsi, inkişaf etdirilməsi və yerli xammal kimi istehsal olunan məhsullar haqqında ətraflı məlumat verib. Şirkət rəhbəri bildirib ki, “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayıb. Ötən dövrdə şirkət ölkə inkişafında mühüm rol oynayan yerli və milli siqaret istehsalı müəssisəsi olmağı özünə hədəf seçib və tütünçülüklə bağlı müvafiq dövlət proqramının qəbulundan sonra bu istiqamətdə lazımi tədbirlər həyata keçirib. Qısa müddətdə müsbət nəticələr əldə edib.
2019-cu ildən isə beynəlxalq keyfiyyətə malik, rəqabətədavamlı məhsulların xaricdə satışı istiqamətində yüksək səylə fəaliyyət göstərən şirkət müsbət nəticələr qazanıb, uzunmüddətli keyfiyyət analizi və təsdiq­edilmə prosesindən sonra cari ilin aprel-may aylarında Qazaxıstan, Qırğızıstan və Səudiyyə Ərəbistanına ilk ixracını həyata keçirib.
Əlbəttə, qısa müddətdə keyfiyyətli məhsulları ilə xarici bazarda payını artırmağa çalışan şirkətin uğurları, inanırıq ki, gələcəkdə daha çox olacaq. Bu amil Naxçıvanın, ümumilikdə isə Azərbaycanın yerli, keyfiyyətli məhsullarının tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda həmin məhsullara xərclənəcək valyutanın qarşısının alınmasına öz töhfəsini verir. Nəzərə alaq ki, aparılan statistik təhlillərə görə, dünyada gün ərzində satış dəyəri, təxminən, 4 milyard dollar olan tütün ticarətindən illik qazanc 1 trilyona çatır. Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır.
Ona görə də muxtar respublikamızda bu ənənəvi sahənin inkişaf etdirilməsi daxili bazarı idxaldan asılılıqdan qurtarmaq, həmçinin ölkə­mizə, muxtar respublikamıza valyuta qazandırmaq baxımından çox böyük əhəmiyyət daşıyır. Şübhə etmirik ki, gələcəkdə bu sahənin inkişafı əhalinin məşğuliyyətinə də daha çox töhfə verəcək.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR