Kəngərli Rayon İcra Hakimiyyətində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan müşavirə keçirilib.
Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açaraq rayonda bu sahədə görülən işlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə “Muxtar respublikada torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib.
Çıxışda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanının əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, fərmana əsasən 2020-ci ilədək muxtar respublikada dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılacaq və rəqəmsal kadastr xəritəsi tərtib ediləcəkdir.
Vurğulanıb ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi vasitəsilə tənzimlənməsi icarəyə götürülən, lakin istifadə olunmayan torpaqların aşkarlanmasına və istifadəyə verilməsinə şərait yaradacaq. Bu sahədəki mövcud çatışmazlıqlar aradan qaldırılacaq. Dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunacaq. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq hüquq sahibi sayılan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsi də təmin ediləcək.
Diqqətə çatdırılıb ki, 2017-ci il 23 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair tədbirlər planı təsdiq edilib.
Qeyd olunub ki, ətraf yaşayış məntəqələri ilə birlikdə Naxçıvan şəhərində, Şərur, Babək, Culfa və Ordubad rayonlarında həyətyanı torpaq sahələrinin elektron taxometr vasitəsilə planaalma işləri başa çatdırılıb. Hazırda ölçü işləri başa çatmış yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaq sahələrinin ölçüləri, sərhədləri, konfiqurasiyası dəqiqləşdirilir, torpaqların növləri üzrə kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişikliklər müəyyən edilir.
Bildirilib ki, Kəngərli rayonunda aparılacaq planaalma işləri nəticəsində 2 min 795 daşınmaz əmlak obyektinin plana alınması nəzərdə tutulur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri İntizar Əliyev, Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyev məruzə ətrafında çıxış ediblər.
Babək İSMAYILOV