22 Dekabr 2024, Bazar

Üçrəngli, aylı-ulduzlu Azərbaycan bayrağı! Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin simvolu. Azərbaycan dövlətinin hörmət və ehtiramının tək ünvanı. Hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcək milli dəyərimiz. Azərbaycan əsgəri vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən Dövlət bayrağına and içir. Dövlət bayrağı dövlət qurumlarının və diplomatik nümayəndəliklərin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir, hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Üçrəngli bayrağımızı sevmək, onu qorumaq şərəf məsələsidir.

Artıq üçrəngli bayrağımız Naxçıvan şəhərinin ən hündür nöqtəsində, Pişəvəri küçəsində salınan Bayraq Meydanında da dalğalanır. 2011-ci ildən inşasına başlanan meydanda ilkin mərhələdə 5 hektardan artıq ərazidə genişmiqyaslı torpaq işləri aparılıb, bayraq gövdəsinin ətrafında səkkizguşəli bina tikilib, 53 metrlik bayraq sütunu ucaldılıb. Bayraq Muzeyi üçün inşa olunan binanın ətrafı səkkizguşəli ulduzu birləşdirən klassik üslublu sütunlarla bəzədilib, yerə üzlük mərmər və qranit lövhələr döşənib. 
Bayraq Meydanının yaxınlığında salınan Fəxri Xiyabanda da işlər sürətlə davam etdirilir. Burada ilkin mərhələdə genişmiqyaslı torpaq işləri aparılıb, terraslar yaradılıb. Əraziyə daş düzülüb, yaşıllıq zolaqları üçün ərazilər ayrılıb, işıqlandırma sistemi quraşdırılıb. Fəxri Xiyabanın giriş qapısında və inzibati hissəsində isə işlər əsasən yekunlaşdırılıb. Giriş hissəyə daşoyma üsulu ilə hazırlanmış tağlar və qövsvari fiqurlarla bəzədilən dəmir şəbəkəbənd formasında qapılar salınıb. Ümumiyyətlə, burada aparılan genişmiqyaslı tikinti-quraşdırma tədbirləri şəhərimizin bu hissəsini də yeni görünüşə, əzəmətə qovuşdurub. Tikinti işlərinin sürətlə aparılması və inşaatçıların əzmkarlıq göstərməsi belə deməyə əsas verir ki, hər iki obyekt yaxın vaxtlarda istifadəyə hazır olacaq.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR