Şərur şəhərindəki kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarına yolu düşənlər bu qənaətdədir
İlin bu vədəsini hamımız səbirsizliklə gözləyirik. Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunun da bərəkətli torpaq sahələrində yetişdirilən bol məhsul üzə gülür, xoş yaşayışdan soraq verir. Bölgənin torpaq mülkiyyətçiləri yetişdirdikləri kənd təsərrüfatı məhsullarını şənbə və bazar günləri təkcə Naxçıvan şəhərində təşkil olunan satış-yarmarkalarına çıxarmaqla kifayətlənmirlər. Hər həftənin çərşənbə günü satış-yarmarkası Şərur şəhərindəki Ticarət Mərkəzində də təşkil edilir.
Builki bərəkət təbiətin qisməti, kəndlinin ağır zəhmətinin bəhrəsi olsa da, çox mühüm bir amili də unutmaq olmaz. Bu da dövlətin kəndliyə, fermerə, sahibkara dəstəyidir. Bütün bunlar öz nəticəsini göstərir. Kəndli yetişdirdiyi məhsulundan özü istifadə etməklə yanaşı, həm də onu satıb gəlir əldə edir. Şəhərli isə münasib qiymətə məhsul ala bilir. Onun üçün meyvə-tərəvəz almaqda seçim də çoxdur.
Kəndlinin məhsul yetişdirilməsi müddəti bəhrələndiyi dövlət qayğısı həmin məhsulun satışının təşkil edilməsi ilə davam edir. Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkaları bu baxımdan kəndli və fermerlərə dövlətin daha bir dəstəyidir.
Şərur şəhərinin sakinləri də yarmarkadan çox razıdırlar. Çünki burada onlar meyvə-tərəvəzi məhsul yetişdirənin özündən alırlar. Hər dəfə yarmarkaya 20 kənddən meyvə, bostan-tərəvəz məhsulları gətirilir, bolluq və ucuzluq yaradılır. Bu yarmarkadan təkcə Şərur şəhərinin deyil, qonşu Sədərək və Kəngərli rayonlarının sakinləri də bəhrələnirlər.
Tam qətiyyətlə demək olar ki, satış-yarmarkasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi əməl olunur. Satıcılar xalat və tərəzi ilə təchiz edilirlər. Məhsulların sanitar-gigiyenik cəhətdən yararlı olub-olmaması yoxlanıldıqdan sonra satışına icazə verilir. Satış-yarmarkasına məhsul gətirən torpaq sahibkarlarına burada öz məhsullarını satmaq üçün hərtərəfli şərait yaradılır. Elə Ticarət Mərkəzində bir qismi ilə görüşüb söhbət etdiyim istehsalçılar bu şəraitdən razılıq etdilər. Danyeri kəndindən satış-yarmarkasına məhsul gətirmiş Yaqub Həsənov dedi:
– Builki yarmarka daha yaxşı təşkil olunub. Düzdür, keçən illərdə də bizə yaxşı şərait yaradılmışdı. Ancaq nəzərdə tutulmuş yerin darısqallığı bazara çox məhsul çıxarmağa imkan vermirdi. İndi isə hər bir inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün ayrıca yer ayrılıb. Gördüyünüz kimi, mən ərik və gilənar satıram. Qiymətlərə gəldikdə isə bazardan xeyli aşağıdır. Hər həftənin çərşənbə günü yarmarkaya 10 tondan çox kənd təsərrüfatı məhsulu çıxarılır.
Yarmarkada həmsöhbət olduğum torpaq mülkiyyətçilərinin hamısı kəndliyə dövlətimizin yaratdığı şəraitdən, verilən maddi yardımdan, yeni texnikaların alınmasından, suvarma şəbəkələrinin genişləndirilməsindən danışdı. Satış-yarmarkasına kartof gətirmiş Ələkli kənd sakini Namiq Hüseynov bildirdi ki, əvvəllər məhsullarının bazara satışa çıxarılmasına süni əngəllər törədilirdi. Yerin olmaması bəhanəsi ilə istehsalçıları bazara buraxmırdılar. Onlar da məcbur qalıb öz məhsullarını dəyər-dəyməzinə bazardakı alverçilərə satırdılar. Ancaq son illər torpaq sahibkarları yetişdirdikləri məhsulları bazarlardakı alverçilərə verdikləri qiymətdən daha yuxarı satmaq, əhali isə istədiyi meyvə-tərəvəzi bazar qiymətlərindən daha aşağı almaq imkanı qazanmışdır. Bütün bunların nəticəsidir ki, biz indi satış-yarmarkalarında həvəslə iştirak edirik.
Digər bir piştaxtanın önündə növbə var idi. Oğlanqala kəndindən tərəvəz məhsulları gətirmiş Əfqan Babışov builki bolluqdan danışdı. Qeyd etdi ki, oğlanqalalılar tarixən torpaq adamı olublar. Kəndin son illərə qədər su problemi var idi. Artıq bu çətinlik aradan qaldırılıb, nəticədə, kənddə əkilməyən torpaq sahəsi, demək olar ki, qalmayıb. Görürsünüzmü, şəhər sakinləri tərəvəz məhsullarımızı necə həvəslə alırlar? Çünki məhsullar həm ekoloji cəhətdən təmiz, həm də bazardan ucuzdur. Növbəti çərşənbə günü satış-yarmarkasına daha çox məhsul gətirəcəyəm.
Yarmarkada alıcıların da fəallığını müşahidə etdik.
Alış-verişə gələnlər məhsulların qiymətindən və keyfiyyətindən razılıqla danışır, bunu dövlətimizin əhaliyə növbəti diqqət və qayğısı kimi dəyərləndirirdilər. Kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarındakı bolluq, ucuzluq belə deməyə əsas verir ki, Şərur rayonu üçün bu il də uğurlu olub.
Cəfər ƏLİYEV