Vətənimizin hər qarış torpağı bizim üçün əzizdir. Ancaq Sədərəkdə olarkən bu duyğular daha da qüvvətlənir. Çünki işğalçı ölkə ilə sərhəddən cəmi bir neçə metrlik məsafədəki abadlığı, inkişafı görmək, Vətənimizin məhz bu gözəl torpaqlardan başladığını düşünmək insana başqa bir qürur verir. Doğrudan da, ilin hansı fəslində buraya gəlsən, Sədərəyin özünəməxsus gözəllikləri vardır. Onu qeyd etməliyik ki, sədərəklilər bacarıqlı, işgüzar insanlardır. Bu günlərdə isə burada gördüklərim qəlbimi daha da fərəhləndirir. Sədərəkdə əkinçiliklə məşğul olan qadınlara yaradılan şərait, verilən imkanlar, çəkdikləri zəhmətin dövlətimiz tərəfindən qiymətləndirilməsi torpaq sahibinə çevrilən kənd qadınlarının əkinçiliyə olan marağını günbəgün artırır.
Dövlətimizin yaratdığı şəraitdən istifadə edib ailə təsərrüfatı quran kənd qadınlarından biri də rayonun Sədərək kənd sakini Nazirə Əliyevadır. O, öz pay və həyətyanı torpaqlarında əkinçiliklə məşğuldur. Zəhmətkeş qadın bir neçə ildir, alın tərini torpağa qatır, onu əzizləyir, bərəkətini Tanrıdan diləyir. Onun söhbəti:
– Bu gün muxtar respublikamızda, demək olar ki, hər bir ailə pay torpaqlarına sahibdir. Torpaq mülkiyyətçiləri, fermerlər sərbəst təsərrüfatçılıq fəaliyyəti ilə məşğul olmaq, ailələrinin güzəranını yaxşılaşdırmaq imkanları qazanıblar. Dövlətimiz kənd adamlarına pay torpaqlarını sərbəst əkib-becərmələri üçün daim lazımi qayğı göstərir. Bütün bunlar isə məhsul istehsalının yüksək sürətlə artması ilə nəticələnib, əhalinin rifah halı xeyli yaxşılaşıb.
Müsahibim deyir ki, yurdumuzun torpaqları çox səxavətlidir. Əkinçinin, biçinçinin ümidləri vaxtında, vədəsində göyərir. Torpaq çəkdiyin zəhmətin bəhrəsini artıqlaması ilə sənə qaytarır. Amma torpaq sığal sevir. Elə ki ona qədərincə qulluq göstərdin, səni ümidsiz qoymaz, barını əsirgəməz. Bir sözlə, torpağın nazını çəkməlisən ki, barını-bəhərini də görəsən. Bunun üçün də sinəsi üstündə bizi bəsləyən torpaq hər fəslin özünə uyğun dilləndirilməli, tələb olunan qayğı ilə əhatə olunmalıdır. Müsahibim onu da deyir ki, qarşıdan qızmar yay fəsli gəlir və bu fəsil də bolluq-bərəkətlilik fəslidir. Çəkdiyimiz zəhmətin bəhrəsini ta qar yerə düşənədək toplayacağıq. Həyətyanı sahədə badımcan, bibər əkmişik. Bu il tərəvəz əkininə üstünlük verməyimin səbəbi yığdığımız məhsullardan hazır yeməklər qablaşdırmaq istəyimdir. Bu işi bir neçə kənd qadını ilə birlikdə görürük. Bir-birimizə əl atıb işimizi yüngülləşdiririk. Hazırladığımız məhsulların satışı ilə ailə büdcəmizə kömək etmiş oluruq.
Onu da deyim ki, Nazirə xanım təkcə əkib-becərməklə məşğul deyil, o həm də Sədərək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində baş kitabxanaçıdır. Bundan başqa, boş qalan vaxtlarında çöldə, dağda bitən bitkilərdən toplayıb qurudur, qablaşdırır, ailə təsərrüfatı məhsulları ilə birlikdə satışa çıxarır.
Nazirə xanımın anası – yaşı səksəni ötmüş Səkinəxatun nənə də söhbətimizə qoşulur:
– Əvvəllər elə bir sədərəkli tapa bilməzdin ki, həyətində gül istixanası olmasın. O vaxtlar Sədərək gülləri ilə tanınırdı. Rusiyanın şəhərlərinə, Bakıya dəstələnib gedən qərənfillər buradakı camaatın qazanc mənbəyi idi. Çörəyi dizinin üstündə olan ermənilər fürsət tapan kimi kəsdilər yolumuzu-izimizi, suyumuzu-selimizi. Kənd adamları bir müddət təsərrüfatdan uzaq düşməli oldu. Bu da onlara bəs eləmədi, torpağımıza da sahib olmağa çalışdılar. 90-cı illərin əvvəlləri burada gedən döyüşlərdə çoxunun əkin-tikini, ev-eşiyi mənfur gülləsinə tuş gəlsə də, bir gündə onlarla şəhid versək də, bir addım geri çəkilmədik. Bunlar hamısı, Allah rəhmət etsin, ulu öndərimizin əməyi sayəsində oldu. Hamı ONA o qədər inanırdı ki, gəlişi ilə ürəyimizdə gələcəyə ümid doğurdu. Və biz igid oğullarımızın sayəsində bu gözəl günlərimizə qovuşduq. İndi, Allaha şükür, qazımız, işığımız, rahat həyatımız var. O mənfurların beş addımlığında yaşayırıq da, yaradırıq da. Arxayınıq ki, yurdumuz əmin əllərdədir. Onu sevən mərd oğulların sayəsində hər gün çiçəklənir. Sədərəyə göstərilən qayğı isə məni sevindirir, ömrümü uzadır.
Səkinəxatun nənə deyir ki, qızım, sənin yadına çətin gələr, vaxt var idi qadınlarımız min bir əziyyətlə ərsəyə gətirdikləri məhsulları rahat şəkildə Sədərək bazarına çıxarıb sata bilməzdilər. İndi, Allaha şükür, buradakı qadınlara hər cür şərait yaradılıb. Kim istəyirsə əkir-becərir, məhsulunu yığıb satır. Bu gün kəndimizdə yaxşı təsərrüfat sahibi olan qadınlarımız var. Qızlarımız ali təhsil alır, biri həkim, digəri tibb bacısı, müəllim, mühəndis olur.
Buradakı zəhmətkeş qadınlarla həmsöhbət olanda çörəklərini halal zəhmətlə, torpağı əkib-becərməklə qazanan insanların illər öncə çəkdikləri çətinlikləri düşünürəm. Amma indi bütün bu çətinliklər aradan qaldırılıb, həmin qayğılar öz həllini tapıb. Torpaq islahatları insanların gözünə işıq, əl-ayağına təpər verib. Bir sözlə, muxtar respublikamızda insanların yaxşı yaşaması üçün yaradılan hərtərəfli şərait sakinlərə rahatlıq gətirib.
Ramiyyə ƏKBƏROVA