Yazın gəlişi ilə dərə-təpələr rəngini dəyişmiş, çəməndən xalı salmışdı. Baharın ilıq nəfəsinin duyulması ilə birlikdə Uca Yaradanın dağlara-düzlərə, kövşənlərə ərməğan etdiyi qazayağı, şomu, yemlik torpaqdan baş qaldıraraq təbiətin ümumi ahənginə tabe olmuşdu. Bir sözlə, çöl-bayır güllərin, çiçəklərin dili ilə danışırdı. Bu yerdə gözəl şairimiz Məmməd Arazın Naxçıvan təbiətini xarakterizə edən “Mənim Naxçıvanım” adlı şeirindən bir bənd yadıma düşür:
Bir bağban əli var təbiətində,
Dağda çiçəyi bol, bağda barı bol.
O, yaxın dostudur təbiətin də,
Yayda günəşi bol, qışda qarı bol.
Yanından şütüyüb keçdiyimiz Cəhriçay isə sanki ünvana tələsən yolçu kimi bizdən uzaqlaşırdı. Uzaqdan gözə dəyən Gülşənabadın evləri də bu çayın boyunca səpələnmişdir. Axşamdan yağan yağış torpağın üzünü xal-xal bəzəmişdi. Çobanların qoyun-quzunu səsləyib təpələrin yamacına qaldırması, illərdir həzin bir ritm ilə axan bulaqlar, kənddən bir az aralıda salınmış yeni meyvə bağında çalışıb, hərdən dayanıb yorğunluğunu çıxaran zəhmətkeş Vidadi əmi, yazda Naxçıvan mətbəxinin döyünən ürəyinə çevrilən yaz pencərləri “ovuna çıxan” qız-gəlinlər bənzərsiz kənd mühitində olduğumuzu xatırladırdı. Bu istiqamətdə yerləşən kəndlərin hər birinin müasir mənzərəsi barədə yazılar hazırladığımdan Gülşənabada uzanan yol da mənim üçün yad deyildi. Kəndə doğru istiqamət verən nişanın izi ilə irəliləyirik. Bu kiçik yaşayış məntəqəsini Cəhriyə birləşdirən körpü hələlik “keçilməzdir”. İnşaatçılardan biri bizə yaxınlaşıb yolumuzu dəyişməyi məsləhət görür. Deyir ki, uzunluğu 100 metrdən çox olan körpü əsaslı təmir edilir. Qərəz, bu körpüdə işlər yekunlaşana qədər bizim kimi kəndə gələn qonaq-qara bir müddət alternativ yollardan istifadə etməli olacaq. Nəzərə alsaq ki, bununla da istər avtomobillərin, istərsə də Gülşənabad və ətraf kəndlərin əhalisi üçün rahat gediş-gəliş təmin olunacaq, onda gözləməyə dəyər.
Kiçik kənd barədə oxucuya qısa arayış təqdim edərək bildirim ki, Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə birləşən Gülşənabadın 610 sakini vardır. Bəs necə yaşayırlar, işləri-gücləri nədən ibarətdir, kənddəki ab-hava necədir? Bu barədə bir qədər sonra...
Köhnə tanışlığımız olan kənd məktəbinin direktoru Sabir müəllimlə yolüstü söhbət edirik. Deyir ki, Gülşənabada gələnlər bu yaşayış məntəqəsinin tarixi, gün-güzəranı ilə maraqlanırlar. Mən də onlara həvəslə məlumat verirəm. Abadlaşdırılan kənddaxili yollar, həyət-bacamıza çəkilən yeni içməli su xətti, oğul-uşaq üçün tikilən yeni məktəb və digər tikililər barədə danışıram. Müsahibim əli ilə inşa edilən yeni məktəb binasını göstərib: “Mart ayından etibarən ağır texnikanın səsi ətraf aləmi bürüyüb. İnşaatçılar, iş icraçıları gəlib əraziyə baxış keçirdilər. Qərar verildi ki, kəndin mərkəzində 144 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunsun. İşlər aramsız olaraq davam etdirilir. Məktəb barədə yaman çətinliklərimiz olub. Bura dördillik təhsil ocağı olduğundan şagirdlərimiz təhsillərini davam etdirmək üçün illərdir, qonşu Payız və Cəhri kəndlərinə üz tutublar. Yayın istisi, qışın soyuğunda bu həm valideynlər, həm də uşaqlar üçün əlavə problem demək idi. Söz vaxtına çəkər, – deyiblər. Elə bu yağışlı günlərdə məktəb kollektivi üçün əlavə qayğılar yaranardı. O gün məktəbin layihəsi ilə tanış olmuşam. Sizi inandırım, sanki məktəb yox, universitetlərdəki tədris korpusuna bənzəyir. Bizə bu sevinci yaşadanlar var olsun”, – deyir.
“Sizi xoş gördük, müxbir qardaş. Allah sizin də cavanlara, subaylara toy qismət eləsin. Qızım gəlin köçür, toy-büsat qururuq deyə başımız qarışıqdı. Amma Allah qonağına hörmət, ehtiram bizim xalq olaraq ən böyük mənəvi dəyərimizdir. Dedilər ki, kəndə jurnalistlər gəlib, Gülşənabad haqqında yazı hazırlayacaqlar. Düşündüm ki, bir ağsaqqal kimi kəndimizin dünəni və bu günü barədə söz deməyə mənim də haqqım var”. Az öncə uzaqdan əlini gözünün üstünə qoyub bizi süzən Məhərrəm Zeynalovun bu sözlərindən görürəm ki, elinə-obasına bağlı adamdır və üstəgəl, söz boğçası da doludur. Sevinirəm, ona görə ki, çox yaxşı müsahib tapmışam. Məni maraqlandıran, düşündürən nə varsa, ondan soruşa bilərəm. Digər bir tərəfdən, müsahibimin toy xəbəri sevincimə sevinc qatır. Kənddə yeni ailələr qurulur, yurd yerləri salınır, məskunlaşma artır.
“Necə yaşayırsınız?” – sualını ünvanlayanda Məhərrəm kişinin cavabları cilalanır. Deyir ki, daha əvvəlki kimi cavan-coluq bir tikə çörək ucbatından yaxın-uzaq ellərə üz tutmur. Hər kəs öz doğma ocağında işlə təmin olunub. Elə mənim oğlum bu yaxınlarda imtahan verərək dövlət orqanlarının birində işə düzəlib. Dövlətimiz onun kimi yüzlərlə gəncə iş imkanı yaradıb. Bu qalsın bir tərəfə, hər il təsərrüfatlarını genişləndirərək gün-güzəranını, dolanışığını təmin edənlər kifayət qədərdir. Qonşum Qaçay kişi irili-xırdalı 700-ə yaxın qoyun-quzu saxlayır. Əti, südü, yağı, yunu, bugün-sabah qiyməti 250 manatdan aşağı olmayacaq quzuları ilə öyünür. Haqqı da var. Kəndimizdə yeni meyvə bağı salanlar, taxıl əkini aparanların indi, belə desək, “başlarını qaşımağa vaxtları yoxdu”. Dövlət isə onların qolundan tutur. Təsərrüfatlarını daha da genişləndirmələri üçün güzəştli kreditlər verir. Onlar da bazarı keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməklə bu qayğıya cavab verirlər.
Mən özüm təqaüdçüyəm. Sağ olsun, dövlət başçısının qərarı ilə bu il mənim də təqaüdüm 160 manat olub. Həm də 50-yə yaxın arı ailəsi saxlayıram. Bu sahədən əldə etdiyim gəlir də gün-güzəranımızın yaxşılaşmasına təsir edir.
Məhərrəm kişi deyir ki, elə ki yaz gəldi, arıçılar üçün ən qayğılı günlər başlayır. Gərək qışdan çıxmış yeşiklər təmizlənsin, zəif arı ailələrinə digər yeşiklərdən kömək verilsin, xəstəliklərə qarşı dərmanlama işləri aparılsın. Sağ olsun, o gün icra nümayəndəsi Firəddin Əliyev rayon Baytarlıq İdarəsindən verilən pulsuz dərman preparatlarından alıb gətirib. Şükür, bu il yaxşı başlayıb, vaxtında yağışlar yağır. Ümidvarıq ki, belə davam etsə, bu il də arıçılar üçün məhsuldar olacaq.
Söhbətimizi toy həyətindəki çay süfrəsi arxasında davam etdiririk. Kimi toy üçün ət doğrayır, kimi mağarı yerbəyer edir, kimi də qab-qaşıq dalınca qaçırdı. Bir sözlə, həyətdə qələbəlik hökm sürürdü. Bax elə işin-gücün bu vaxtında bizi qonaq edən müsahibim qazımız, işığımız daimidir, amma samovarda odunla qaynadılan çayın dadı bir başqadır, – deyə yaxınlıqdakı samovardan süzülən pürrəngi çayı qarşıma qoyur:
– İlin elə bir vədəsində bura təşrif buyurmusunuz ki, kəndimiz əsl tikinti meydanına çevrilib, sevincimizin həddi-hüdudu yoxdur. Atalar yaxşı deyib: – Su səni aparırsa, gərək ona sel deməyi bacarasan. Əvvəl bir tikə qəndi belə, almaq üçün çayı adlayıb Cəhri kəndinə gedirdik. İndi burada xidmət mərkəzi tikilir, kəndin bütün təşkilatlarının bir ünvanda fəaliyyət göstərəcəyi kənd mərkəzi inşa olunur, həyətlərimizə içməli su xətti çəkilir. Bir sözlə, yaxşı yaşayış üçün nə lazımdırsa, dövlət onu da edir.
Evdə ömrünün 87-ci baharını yaşayan ağbirçək Zərxanım nənə ilə tanış oluruq. Sevinclə deyir ki, nəvəm gəlin köçür. Ona öz əllərimlə toxuduğum xalçalardan cehiz vermişəm. Ümumiyyətlə, ta qədimdən kəndimizdə xalça toxunaraq gəlin köçənlərə verilməsi ənənəsi var. Bir neçə il bundan əvvəl dövlət nümayəndələri gəlmişdi. Bu işi yaxşı bacaran gəlinimi xalçatoxuma layihəsinə cəlb etdilər (“Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsini nəzərdə tutur). Əl əməyi, göz nuru olan xalçaları toxuyub dövlətə təhvil verir. Əvəzində isə yaxşı məvacib alır.
Beləliklə, muxtariyyətin 95-ci ilində Gülşənabad da adını Naxçıvanın abad kəndləri siyahısına yazdıracaq. Kiçik yaşayış məntəqəsinin timsalında görülən böyük işlər qədim diyarın müstəqillik illərində qazandığı uğurları bir daha nümayiş etdirir.
Muxtar RZAZADƏ
Bu məqalə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”
mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.