22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında aparılan geniş tikinti-quruculuq işlərindən onun hər bölgəsinə pay düşüb. Belə bölgələrimizdən biri də xalq qəhrəmanı Babəkin adını daşıyan Babək qəsəbəsidir. Qəsəbə hazırda əsl tikinti meydançasını xatırladır. Tikintisinə 2011-ci ilin iyun ayından başlanılan rayon Mərkəzi Xəstəxanasının binası qəsəbəyə xüsusi yaraşıq verməklə bərabər, vətəndaşların sağlamlığının qorunmasında da mühüm rol oynayacaq. Xəstəxana binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binanın zirzəmi hissəsində yeməkxana, izolyasiya otağı, fizioterapiya şöbəsi, laboratoriya, morq və sair yerləşəcək. Doğum, Rentgen, Dializ, Stomatoloq və Təcili yardım şöbələrinin fəaliyyətindən yararlanmaq istəyənlər birinci mərtəbəyə üz tutmalı olacaq. Əməliyyat otağı və Reanimasiya şöbəsinin yerləşdiyi ikinci mərtəbədə həm də palatalar yerləşəcək. Binanın üçüncü mərtəbəsində isə iş otaqları ilə bərabər akt zalı, palatalar və Stasionar şöbə fəaliyyət göstərəcək. Binada işlər yekunlaşıb, ətraf ərazidə abadlıq işləri görülüb. Hazırda burada müxtəlif tibbi avadanlıqların quraşdırılması işləri aparılır.

Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən və quruculuq işlərindən nəsibini almış ünvanlardan biri də Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasıdır. 576 kvadratmetr ərazini əhatə edən muzeydə əsaslı təmir və bərpa işləri aparılıb. İki mərtəbədən ibarət olan binanın hər mərtəbəsində 136 kvadratmetrlik ekspozisiya zalı, birinci mərtəbədə 1, ikinci mərtəbədə isə 2 fond otağı yerləşəcək. Burada da işlər yekunlaşıb. Hazırda son tamamlama işləri görülür.

Babək qəsəbəsində yeni uşaq bağçasının tikintisinə cari ilin fevral ayından başlanılıb. İnşaat işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. 162 yerlik uşaq bağçası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Ümumi ərazisi 1000 kvadtratmetrə bərabər olan binanın zirzəmi hissəsində yeməkxana, qarderob, tibb xidməti otağı, yataqxana və oyun zalı yerləşəcək. Birinci mərtəbədə valideynlər otağı, müdiriyyət, ikinci və üçüncü mərtəbələrin hər birində metodik kabinet olmaqla bütün mərtəbələrdə yataqxana və oyun zalları fəaliyyət göstərəcək. Binanın birinci mərtəbəsində hörgü və suvaq işləri başa çatdırılıb, ikinci mərtəbədə arakəsmə, üçüncü mərtəbədə beton-qəlib işləri görülür.
Rayonun Qoşadizə kəndi ərazisində isə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni bina tikilib. Ümumi ərazisi 1100 kvadratmetrdən artıq olan bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə yeməkxana, növbətçi otağı, 14 nəfərlik yataqxana, dispetçer və texniki xidmət otaqları, maşın qarajı və təlim otaqları yerləşəcək. İkinci mərtəbədə isə akt zalı və müxtə­liftəyinatlı iş otaqları fəaliyyət göstərəcək. Binanın arxa hissəsində yerləşən 25 metrlik təlim qülləsi isə xidmətə hazırlıqda mühüm rol oynayacaq. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisi aparılan binada işlər yekunlaşıb. Hazır­da binanın həyətində abadlıq işləri görülür, elektrik xətlərinin çəkilişi davam etdirilir.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR