Dünən Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının iştirakı ilə “Kənd təsərrüfatında əkilib-becərilən bitkilərin xəstəlik, zərərverici və alaq otlarına qarşı kompleks mübarizə tədbirlərinin aparılmasına dövlət dəstəyi” mövzusunda tarla-seminar müşavirəsi keçirilib.
Müşavirəni giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin məsul işçisi Kamal İsmayılov açaraq tədbirin məqsədi və əhəmiyyəti barədə danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının ən böyük bölgəsi olan və əhalisinin 70 faizinin kəndlərdə yaşadığı Şərur rayonunda ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Dövlət proqramlarının uğurlu icrası və həyata keçirilən digər tədbirlər nəticəsində inkişaf təmin olunub, daxili bazarlarda məhsul bolluğu yaranıb. Bölgənin muxtar respublikada meyvə və bostan bitkilərinin əkilib-becərilməsində, əhalinin bu məhsullara olan tələbatının ödənilməsində mühüm yeri var. Hər il rayonda əkinçilikdə böyük uğurlar qazanılır. Bunun üçün aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi diqqətdə saxlanılır.
Nazirliyin əməkdaşları Əsgər Həsənov və Yaşar Quliyev əkilib-becərilən bitkilərin xəstəlik, zərərverici və alaq otları ilə kompleks mübarizə tədbirlərinin aparılmasına dair tövsiyələr veriblər. Karantin mənşəli orqanizmlərə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Fitosanitar Xidmətinin Bitki Mühafizə Mərkəzindən gətirilmiş pestisidlərin norma və nisbətləri nəzərə alınaraq dərman preparatları verilib. Həmin preparatlardan istifadə qaydaları barədə iştirakçılar məlumatlandırılıblar.
Müşavirənin sonunda mütəxəssislər tərəfindən suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti