Qadınlar dünyanın bəzəyi olduğu kimi, zinət əşyaları da qadınların bəzəyidir. Bu, həmişə belə olub. Gözəl zinət əşyaları xanımların diqqətini hər zaman cəlb edib, onların zövqünü oxşayıb, ruhlarını bəzəyib. Bu əşyalar kiçikölçülü olsalar da, deyirlər ki, onların yaratdığı zövq qadınlara dünyanı bəxş edir, böyük sevinc yaşadır. Hələ o zinət əşyaları brend olanda onların diqqətini daha çox cəlb edir. Çünki incəzövqlü qadınlar inci seçimində çox həssasdırlar. Onlar bu əşyaların keyfiyyəti kimi, gözəlliyinə, zərifliyinə də üstünlük verirlər. Üzərlərində gəzdirdikləri zinət əşyalarının eksklüziv olması isə qadınların tək istəkləridir.
Bu günlərdə şəhərimizdə ötən ilin aprel ayından fəaliyyət göstərən “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyətinin Heydər Əliyev prospektində yerləşən mağazasının qarşısından keçərkən bir qadın kimi burada satılan zinət əşyalarının məndə yaratdığı maraqla bir andaca mağazaya necə daxil olduğumu hiss etmədim. İşıqlı və tamamilə müasir dizaynda qurulmuş mağaza alıcılara öz məhsullarını yüksək səviyyədə təklif edir. Mağazada diqqətimi çəkən məqamlardan biri bu müasir məkanda döşəmə kimi milli xalçalarımızdan istifadə edilməsi, bir də müxtəlif kolleksiyalar arasında Naxçıvanın qədim zərgərlik üslubu əsasında hazırlanan məhsulların sıralandığı “Buta” kolleksiyası oldu. Burada bütün yaş qruplarında olan insanlar üçün nəzərdə tutulmuş və “Bone”, “Elegant”, “Buble”, “Fashion Silver”, “Happy” və digər kolleksiyalarında Naxçıvanın “Miraggio Jewellery” brendinin bir-birindən cəlbedici zinət əşyaları göz oxşayır. Üzük, sırğa, boyunbağı, qolbaqlar, həqiqətən də, heç də qızıl bazarlarında rastlaşdığımız zinət əşyalarına bənzəmir. Diqqətlə baxanda və zövqlə yanaşdıqda bunu görmək o qədər asandır ki… Birinci zinət əşyalarının özünəməxsusluğu, kreativliyi. İkincisi, zövqlər nəzərə alınaraq əşyaların üç rəngdə – ağ, sarı və qırmızı qızıllardan hazırlanması. Ən əsası isə keyfiyyət. Bunu hər hansı zinət əşyasını əlinə alarkən hiss edirsən. Və belə bir qənaətə gəlirsən ki, bu brend qızıl bazarlarının bir-birinə bənzər, keyfiyyətinə isə əmin olmaqda tərəddüd etdiyimiz mallarından nə qədər fərqlidir. Elə mağazada olarkən Aygün adlı xanımın sırğa almaq məqsədilə kolleksiyalarda ona təklif olunan məhsullara baxması və heyranlıqla “Nə qədər zərif və fərqlidirlər” söyləməsi mənim bayaqdan bəri bu brend haqqında düşündüklərimi bir daha təsdiq etdi. Onun “Bu məhsullar harada istehsal olunur?”, – deyə sualına satıcı Telman Novruzovun iftixarla “Naxçıvanda, yerli məhsuldur”, – cavabı ilə bir naxçıvanlı kimi mən də qürur duydum.
Mağazadan aldığım təəssürat məndə bu zinət əşyalarının istehsal prosesinə də maraq yaratdı. Yollandım “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyətinə. Cəmiyyətin rəhbəri Toğrul Sadiqovla görüşdüm. Həmsöhbətimlə satış mağazasında gördüyüm zinət əşyalarının gözəlliyini, keyfiyyətini paylaşarkən onu da xüsusi vurğuladım ki, yaşadığımız dövrdə dünyanın qızıl bazarlarında rəqabətin tüğyan etdiyi bir dövrdə, blokada şəraitində yaşayan muxtar respublikamızda yaradılan bu qızıl fabriki eksklüziv məhsul istehsalı və onların keyfiyyəti ilə, sözsüz ki, rəqabətədayanıqlı bir müəssisə olacaqdır. Toğrul müəllim dedi: – Təbii ki, elə məqsədimiz də məhsullarımızın keyfiyyəti və çeşidi ilə öncüllərdən olmaqdır. Bunu bizdən muxtar respublikada bu müəssisənin belə yüksək səviyyədə təşkil olunmasına göstərilən qayğı tələb edir. Müəssisə Naxçıvanda sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamıdır. Fabrik muxtar respublikada zinət əşyalarına olan tələbatı daxili imkanlar hesabına ödəməyə şərait yaradacaqdır. Müəssisənin açılışı zamanı Ali Məclisin Sədri cənab Vasif Talıbovun dəyərli fikirləri kollektivimizin fəaliyyət proqramına çevrilmişdir: “…Muxtar respublikada əhalinin və turistlərin tələbatının artması onu deməyə əsas verir ki, zinət əşyaları bazarı da aktiv fəaliyyət göstərəcəkdir. Çünki zinət əşyaları hər bir insana, hər bir ailəyə lazım olur. Ona görə də müəssisədə keyfiyyətli və bazarın tələblərinə uyğun məhsul istehsal olunmalıdır… Muxtar respublikada vaxtilə zinət əşyaları hazırlayan ustalar olmuşdur. Lakin varislik təmin olunmadığı üçün bu sənət zamanla unudulmuşdur. Bu gün muxtar respublikada az sayda usta bu sənətlə məşğul olur. Zinət əşyaları istehsalı müəssisəsinin yaradılması, müasir avadanlıqların qurulması və mütəxəssislərin cəlb olunması həm zinət əşyalarının hazırlanması üzrə varisliyi təmin edəcək, həm də bu sənət muxtar respublikada inkişaf edəcəkdir”.
Toğrul müəllim deyir: – Müəssisəmizdə zinət əşyaları italyan zərgərlik üslubunda hazırlanır. Bu məhsullar “Miraggio Jewellery” markası ilə təqdim olunur ki, bu da zinət əşyaları istehsalında dünyada öz sözünü demiş bir brenddir. Naxçıvan isə qədim Azərbaycan mədəniyyətinin beşiyi sayılan bir diyardır. Burada vaxtilə bütün sənət növləri inkişafın zirvəsində olub. Eləcə də zərgərlik. Naxçıvanda qədim dövrlərdə istehsal edilən zinət əşyaları bütün Şərqdə dillər əzbəri olub. Bax elə məqsədimiz də müəssisədə modern üslubda zinət əşyalarının istehsalı ilə yanaşı, həm də Naxçıvanın qədim zərgərlik sənətinin özünəməxsus ənənəvi üslubunu tətbiq edib yaşatmaq, Ali Məclis Sədrinin tövsiyəsinə əsasən varisliyi təmin etməkdir. Qeyd edim ki, elə bu yaxınlarda Naxçıvanın ən qədim zərgərlik ənənələri əsasında yeni kolleksiyanın istehsalına başlanılması nəzərdə tutulur.
Müəssisədə əritmə, rezin və mum hazırlama, saflaşdırma, metal yoxlama və laboratoriya, lazer, keyfiyyətə nəzarət və təhvil, metal hazırlama, dizayn və nümunə, atelye və daşbərkitmə bölmələri fəaliyyət göstərir. Müəssisə gün ərzində 5-10 kiloqram əlvan metalları əritmə gücünə, növündən, çəkisindən, modelindən, qiymətli daş və brilyant miqdarından asılı olaraq 500 ədəd hazır məhsul istehsalı gücünə malikdir. Burada istənilən qəlib və ölçülərdə, eləcə də dizaynda zinət əşyaları istehsal etmək mümkündür. Qızılın əridilməsi, yoxlanılması, təmizlənməsi, nümunələrin hazırlanması və son istehsal prosesinə qədər olan işlər ardıcıllıqla həyata keçirilir. Bu da müasir dövrdə zinət əşyaları istehsalı sahəsində tətbiq olunan ən son nailiyyətdir.
Müəssisənin direktoru bu barədə deyir: – Müasir dövrdə qızıl istehsalı, əsasən, sexlərdə həyata keçirilir. Bizim fabrikdə zinət əşyalarının ərsəyə gəlməsi üçün fəaliyyət göstərən bu bölmələrin hamısı onlarda yoxdur və ya belə müasir şəraitdə, yüksək səviyyədə deyil. Bu isə keyfiyyət, keyfiyyətə nəzarət məsələsini qoyur ortaya.
Toğrul müəllim zinət əşyalarından və onların istehsalından da danışır: – Müəssisədə ağ, sarı və qırmızı qızıla təbii, qiymətli, yarı qiymətli, və brilyant daşların qoyulması ilə, həmçinin 925 əyarda gümüş məhsullar istehsal olunur. Modern üslubda olan zinət əşyaları ispaniyalı dizayner Antonio Radriguezin kreativ eskizləri əsasında hazırlanır. Bu eskizlər əvvəlcə dizayn bölməsində kompüterdə 3D formatına salınır. 3D printerdə məhsul çap olunur, istehsal sexlərinə verilir. Həmin eskiz əsasında məhsul hazırlanır.
İstehsal prosesi haqqında Toğrul müəllimin söhbətini dinlədikcə məndə belə təəssürat yarandı ki, bu işləri müasir texnologiyaya bələdçiliyi olan gənc, savadlı adamlar görə bilər. Və öyrəndim ki, elə müəssisədə çalışanların hamısı gənc yaşda olanlardır. Toğrul müəllim deyir ki, varislik məktəbi gənclərlə formalaşa bilərdi. Ona görə də burada işləməyə gənclər cəlb olundu. Onlar həm kompüter, həm də xüsusi zərgərlik kurslarına göndərildilər ki, biliklərini artırsınlar. Bu gənclərdən 4-ü xarici vətəndaşdır. Onlar burada yaşamaq üçün mənzillə təmin olunublar. Ümumilikdə isə müəssisədə çalışanların hər biri qayğı ilə əhatə edilib. Belə ki, onların işə gəlib-getmələri üçün servis fəaliyyət göstərir. Nahar yeməyi müəssisə tərəfindən verilir. İş vaxtı iki dəfə çay saatı ayrılıb. Onların iş rejimi nəzərə alınaraq həm də ağartı məhsulları ilə təmin olunurlar.
Toğrul müəllim onu da qeyd edir ki, artıq müəssisədə istehsal olunan zinət əşyalarının İspaniyanın Madrid şəhərində də satışı təşkil edilib. Yaxın gələcəkdə isə məhsulların digər xarici ölkələrə eksportu nəzərdə tutulur. Həmçinin Bakı şəhərində də qızıl və gümüş məmulatlarının satışının təşkili müəyyənləşdirilir. Müəssisə rəhbəri son vaxtlar istehsalları ilə bağlı maraqlı bir faktı da bildirdi ki, bu yaxınlarda alıcıların tələbatına əsasən həm qadın, həm də kişi üçün nişan üzüklərinin istehsalı bir qədər artırılıb.
Müasir dövrümüzdə zinət əşyaları almaqda insanlar bir qədər çətinlik çəkirlər. O mənada ki, məhsulun harada, necə istehsal edildiyi, keyfiyyəti haqqında məlumatları olmur. Və ən əsası isə aldadılacaqlarından ehtiyat edirlər. Muxtar respublikamızda bu sahəyə lazımi şəkildə nəzarət olunduğundan həmin hallar olmasa da, digər qızıl bazarlarında bu, bir faktdır. İndi zinət əşyaları almaq üçün Naxçıvan ən etibarlı məkandır. “Miraj Gold” isə rəsmi fəaliyyət göstərən hüquqi şəxsdir. Bu isə o deməkdir ki, müəssisədə istehsal olunan məmulatlar keyfiyyətinə görə daha etibarlıdır.
Sonuncu: “Brend olmaq çətindir. Məncə, bunun üçün uzun bir yol gedilməlidir və hər zaman brend adı qorunmalıdır”, – fikrimi Toğrul müəllim belə təsdiqlədi: – Təbii ki, brend olmaq çətindir. Bunun üçün söhbətimizin əvvəlində də vurğuladığım kimi, iş tamamilə fərqli qurulur. Davamlı kreativlik, yeniliklər, keyfiyyətə nəzarət lazımdır ki, brend qorunub saxlanıla bilsin. Bizim bu sahədə cəmi birillik təcrübəmiz var. Amma bu bir ildə çox uğurlara nail olmuşuq. Bir qalır alıcıların qızıl bazarlarında satılan zinət əşyaları ilə bizim mağazamızda satılanları müqayisə edib qiymətləndirmələrinə. İstehsal etdiyimiz zinət əşyaları əl əməyi, göz nurudur, onlar xüsusi olaraq hazırlanır. Müəssisəmizdə çox halda bir zinət əşyasından tək bir ədəd istehsal edilir ki, o da bir şəxsə məxsus olur. Lakin sexlərdə bir eskizdən bir istehsalda 10-dan artıq hazırlanır. Fərq bunda, bir də keyfiyyətdədir. Ümidvaram ki, yaxın gələcəkdə şəhərimizin sakinləri mağazamızdakı kolleksiyalardan daha çox yararlanıb öz zövqlərinə uyğun zinət əşyalarını ala biləcəklər.
Bəli, zövqlər müxtəlifdir. Zinət əşyalarından istifadə edən istər qadın, istər kişi olsun, kimi böyük görüntülü, kimi isə incə olanlarına üstünlük verir. “Miraj Gold” isə bütün zövqlərin ünvanıdır. Eksklüzivliyə daha çox diqqət verən və üzərlərində daşıdıqları zinət əşyalarının tək özlərinə məxsus olması arzusu ilə xanımlarımızın, sözsüz ki, zaman-zaman seçimləri “Miraggio Jewellery” brendi olacaq.
Mətanət MƏMMƏDOVA