23 Dekabr 2024, Bazar ertəsi

Yola saldığımız iki il ərzində ölkəmizin regionları arasında investisiya reytinqinə görə liderlik mövqeyini qoruyub saxlayan Naxçıvan Muxtar Respublikasının müasir sosial-iqtisadi inkişafında sahibkarlıq fəaliyyətinin mühüm rolu vardır. Regionda kiçik və orta sahibkarlığın davamlı olaraq dəstəklənməsi, yerli əhəmiyyətli və ixracyönümlü layihələrin reallaşdırılması üçün təqdim olunan kreditlər və daxili bazarın qorunması kimi stimullaşdırıcı tədbirlər ötən dövrdə muxtar respublikada sahibkarlıq fəaliyyətinin genişləndirilməsində əsas faktorlardan olub. Bundan faydalanan naxçıvanlı sahibkarlar ən müxtəlif sahələr üzrə mal və xidmətlər istehsalı üzrə böyük təcrübə əldə ediblər.  

Cari ilin fevralında Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı bir qrup sahibkara kreditlərin təqdim olunması onlara göstərilən növbəti dövlət qayğısının daha bir ifadəsidir.

“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikamızda qida məhsullarının istehsalı sahəsində mühüm bir inkişaf yolu keçib. Burada qurulan müasir avadanlıqların gücündən istifadə edən təcrübəli mütəxəssislər yüksək standartlara uyğun keyfiyyətli məhsul istehsal edirlər. Türkiyə, Rusiya, İran, ABŞ, Ukrayna, Çin, BƏƏ, Hindistan və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edən şirkət məhsul çeşidini genişləndirməklə az müddət ərzində istehlakçıların rəğbətini qazanıb. İstehlak bazarına daha çox çeşiddə məhsul çıxarmaq üçün şirkət ona təqdim olunan kreditlərdən səmərəli istifadə etməyə çalışır. Müəssisədən aldığımız məlumatda bildirildi ki, marşmello, kremli peçenye, jeleli peçenye, kraker və yeni vafli çeşidləri istehsalı üçün “Ləzzət Qida Sənaye” MMC-yə təqdim olunmuş kreditlə gündəlik 10 ton vafli, 10 ton peçenye istehsal edəcək yeni avadanlıqlar alınıb quraşdırılır. Həmin avadanlıqlar Türkiyə mənşəli olmaqla Avropa standartlarına cavab verir. Şübhəsiz, istehsal olunacaq yeni məhsullar həm daxili bazarda, həm də ixrac bazarlarında “Ləzzət Qida Sənaye” MMC-nin sahib olduğu bazar payını da artıracaq.
Şərur rayonunun Zeyvə kəndində fəaliyyət göstərən “Məmməd-Tağı” Məhdud Məsuliyyətli Cəmiyyəti quşçuluq məhsullarının istehsalı ilə məşğul olur. İstehlakçılara Şərur broyler əmtəə nişanı ilə yaxşı tanınan şirkət məhsullarına daxili bazarda geniş tələbat vardır. Bu ildən müəssisəyə yumurtalıq broyler sahəsinin yenidən qurulması üçün kredit dəstəyi təqdim olunub. Gündəlik 35 min yumurta istehsalı məqsədilə 40 min baş toyuq bəslənilməsi üçün Almaniya və Türkiyə mənşəli tam avtomatik avadanlıq alınması nəzərdə tutulub. Yeni istehsal sahəsinin fəaliyyətə başlaması ilə 10-dan artıq iş yeri də yaradılacaq. Ən mühümü isə ilin bütün fəsillərində bazarlar ən zəruri ərzaq məhsullarından biri olan təzə yumurta ilə də təmin olunacaq.
Şahbuz torpağında yetişən yüksək­keyfiyyətli meyvə-tərəvəzlər, habelə dərman bitkiləri, yabanı meyvə və giləmeyvələr belə məhsullara üstünlük verənlərə yaxşı tanışdır. Bol günəş, təmiz hava və sudan cövhər alan belə təbii nemətlərin alıcıların süfrəsinədək gətirilməsində ailə təsərrüfatları kimi məşğulluq forması öz əhəmiyyətini göstərir. Muxtar respublikamızda ailə təsərrüfatlarının dəstəklənməsi, onların biznesinin daha da genişlənməsi üçün müxtəlif tədbirlərin keçirilməsi ilə yanaşı, onlara kredit dəstəyinin göstərilməsi də bu işlə məşğul olanların həvəslənməsi üçün mühüm bir dövlət qayğısıdır.
Şahbuz rayonunun Biçənək kənd sakini Abbas Hacıyevin ailə təsərrüfatında 8 nəfər meyvə-tərəvəz məhsullarının, yabanı növ bitkilərin tədarükü və konservləşdirilməsi ilə məşğuldur. Onların hazırladıqları məhsullar muxtar respublikamızda artıq ənənə halını almış “Ailə təsərrüfatı məhsulları” festivalında yüksək maraq görüb. 10 ildən artıq bir müddətdə bu işi görən Abbas Hacıyev hər il 20-si dərman bitkisi mənşəli olan 30 çeşiddən çox məhsulu bazara çıxarır. Bu il ona təqdim olunmuş kreditdən istifadə edərək biznesini daha da genişləndirmək istəyir. Qeyd edək ki, bu ailə təsərrüfatının təklif etdiyi məhsulları, xüsusən qablaşdırılmış dərman bitkilərini alıcılar şəhərimizin marketlərində, həftəsonu yarmarkalarının keçirildiyi bazarda həvəslə alırlar.
Sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsidir. Ona görə də sahibkarlığın daha da inkişaf etdirilməsi bu qüvvənin gücündən səmərəli istifadə etmək məqsədi daşıyır. Cari ilin fevral ayında Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı dediyi kimi: “Sahibkarlığın inkişafında məqsəd ondan ibarətdir ki, daha çox məhsul istehsal olunsun, daha çox yeni iş yerləri açılsın, sahibkarlıq subyektlərinin ixrac imkanları artsın, ailə təsərrüfatları genişlənsin. Bunun üçün muxtar respublikada hər cür imkan və şərait yaradılıb. Qalır təşəbbüs göstərmək, fəaliyyəti genişləndirmək, rəqabətədavamlı məhsul istehsal etmək və ölkəmizin ümumi inkişafına töhfə vermək”.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR