Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “Ailə təsərrüfatları ili” elan olunmuş 2019-cu ilin ilk rübündə də davam etdirilmiş, yüksək nəticələr qazanılmışdır.
İnkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı 2019-cu ilin yanvar-mart aylarında 535 milyon 968 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki göstəricidən çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5 faiz artaraq 1174 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,4 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,7 faiz təşkil etmişdir.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart aylarında sənaye məhsulu 1,2 faiz, kənd təsərrüfatı məhsulu 2,4 faiz, nəqliyyat sektorunda yük daşınması 2,3 faiz, informasiya və rabitə xidmətləri 3,3 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
**) yanvar-fevral ayları
Əldə olunmuş uğurların davamlılığının qorunub saxlanılması və artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın çoxşaxəli inkişafının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2019- 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir.
Sənaye
Muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, yeni məhsul növlərinin istehsalının həyata keçirilməsi bu sahədə dinamik inkişafı təmin etmişdir.
2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada 246 milyon 510 min manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,2 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96,3 faizi malların, 3,7 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 93 faiz təşkil etmişdir.
Sənaye məhsulu istehsalının dinamikası, min manat
2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 3 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 35 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilir.
Sənayenin inkişafı üçün bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ilin yanvar-mart aylarında 4 milyon 230 min manat kredit verilmişdir.
Sənayedə istehsalın həcminin artması nəticəsində 2019-cu ilin ilk rübündə 41 milyon 301 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2019-cu ilin yanvar-mart aylarında Naxçıvan şəhərində qərargah binasının tikintisi başa çatdırılmış, hərbi zavodun və mərkəzi hərbi xəstəxananın tikintisi davam etdirilir.
Babək rayonunda iki əsgəri-məişət kompleksi istifadəyə verilmiş, qərargah binasının, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil dayanacağının tikintisi davam etdirilir.
Culfa rayonunda Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilmiş, Babək və Şahbuz rayonlarının hər birində üç anqarın tikintisi davam etdirilir.
Kəngərli rayonunda “N” hərbi hissədə yaşayış binasının tikintisi davam etdirilir.
Şərur rayonunda Daxili Qoşunların “N” hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd dəstəsi binasının tikintisi davam etdirilir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2019-cu ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 188 milyon 714 min manat vəsait yönəldilmişdir. Vəsait qoyuluşlarının 176 milyon 543 min manatı və ya 93,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada 34 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 145 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2019-cu ilin ilk rübündə 2 kənd mərkəzi istifadəyə verilmiş, 2 kənd mərkəzinin inşası davam etdirilmiş, 7 kənd mərkəzinin inşasına başlanılmışdır.
Muxtar respublikada 1 yaşayış binasının tikintisi başa çatdırılmış, 6 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilmiş, 1 yaşayış binasının yenidən qurulmasına başlanılmışdır.
Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi davam etdirilmiş, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisinə başlanılmışdır.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 94 min 643 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da bir il öncəki göstəricidən çoxdur.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və
tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir. Bundan əlavə, yaz əkinlərinin aparılması üzrə dəstəkləyici tədbirlər həyata keçirilir.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə Şərur rayonunun Yuxarı Aralıq, Babək rayonunun Nehrəm kəndlərinin hər birində bir soyuducu anbarın yaradılması, Şərur rayonunda Cəlilkənddə və Sərxanlı kəndində hər birində bir soyuducu anbarın genişləndirilməsi davam etdirilmiş, Çomaxtur kəndində soyuducu anbarın yaradılmasına başlanılmışdır. Bundan əlavə, Şərur rayonunun Ələkli kəndində istixana təsərrüfatının yaradılması davam etdirilmiş, Ordubad rayonunun Qoşadizə kəndində istixana təsərrüfatının yaradılmasına başlanılmışdır.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 293-ü 2019-cu ilin yanvar-mart aylarında olmaqla, cəmi 2668 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2019-cu ilin ilk rübündə 52 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Bu dövr ərzində məhsul istehsalçıları 7079,2 ton mineral gübrə ilə təmin olunmuşlar.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı cari ilin ilk rübündə də diqqətdə saxlanılmış, 5 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə yanvar-mart aylarında 1 milyon 627 min 800 manat dəyərində kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 47,8 faiz çoxdur.
Muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Süni Mayalanma Mərkəzinin yaradılması davam etdirilir.
2019-cu ilin ilk rübündə heyvandarlıq təsərrüfatlarında 2325 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 2956 baş sağlam bala alınmışdır. 1 aprel 2019-cu il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 121 min 230 baş, qoyun və keçilərin sayı 754 min 918 baş olmuşdur ki, bu da 1 aprel 2018-ci il tarixə olan göstəriciləri 1,6 və 1,8 faiz üstələmişdir.
2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6224,9 ton ət, 12833,8 ton süd istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 və 2,3 faiz çoxdur.
Muxtar respublikada arıçılığın inkişafının stimullaşdırılması, kiçik biznesin dəstəklənməsi və kənd yerlərində məşğulluğun təmin edilməsi üzrə də mühüm tədbirlər həyata keçirilir. İqtisadi cəhətdən yüksək gəlir gətirən, qida və müalicəvi baxımdan faydalı təsərrüfat sahəsi olan arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2019-cu ilin ilk rübündə bu sahədə müvafiq tədbirlər görülmüş, təsərrüfat subyektlərinə 108 min 800 manat kredit verilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,4 faiz çoxdur.
Cari ilin ilk rübündə kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 1 milyon 969 min 800 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki göstəricidən 50,7 faiz çoxdur.
Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər və bu sahənin daim diqqətdə saxlanılması iqtisadiyyatın, xüsusilə də aqrar sektorun inkişafına yeni imkanlar yaratmaqdadır.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-mart aylarında bir il öncəyə nisbətən 2,4 faiz çox, yəni 28 milyon 530 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Kənd təsərrüfatının ümumi məhsulu, min manat
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2019-cu ilin ilk rübündə muxtar respublikadan 12 milyon 122 min 900 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Kəngərli rayonunun Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi hazırda davam etdirilir.
Kəngərli rayonunun Qabıllı kəndində subartezian quyusunun tikintisi başa çatdırılmış, Şərur rayonunun Danyeri kəndində nasos stansiyasının tikintisinə başlanılmışdır.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində də tədbirlər görülmüş, cari ilin ilk rübündə 107,8 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 63 min ağac və gül kolu əkilmişdir.
Muxtar respublikada ətraf mühitin mühafizəsi məqsədilə Sədərək rayonunda Su monitorinq laboratoriyası yaradılmışdır.
Nəqliyyat, informasiya-rabitə və energetika
Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2019-cu ilin yanvar-mart aylarında Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Culfa-Ordubad magistral avtomobil yolunun, Şahbuz rayonunun Badamlı kəndində avtomobil yolunun yenidən qurulması davam etdirilmiş, Şərur rayonunun Şərur şəhərinə giriş, Muğanlı və Muğancıq Mehrab, Babək rayonunun Kültəpə və Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır.
Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılmış, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə cari ilin yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlamışdır.
Culfa stansiyasında İstismar Vaqon Deposunun tikintisi, Park “V” İdarəetmə Mərkəzinin və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binalarının əsaslı təmiri davam etdirilir.
2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,3 faiz, sərnişin daşınması 1,8 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 11 milyon 900 min manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 2 faiz çoxdur.
2019-cu ilin ilk rübündə muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, 2 poçt binası yaradılmış, 2 avtomat telefon stansiyası quraşdırılmışdır. Culfa rayonunda rabitə evinin yenidən qurulmasına başlanılmışdır.
2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövründəki göstəricini 3,3 faiz üstələyərək 13 milyon 102 min 200 manat olmuşdur. Ümumi xidmətlərin 79,6 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artmışdır.
Muxtar respublikada ucuz enerji istehsalı sahələrinin yaradılması və enerji sistemini daha da müasirləşdirmək məqsədilə Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının və Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binasının tikintisi hazırda davam etdirilir.
Muxtar respublikada 7,6 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 2 transformator yarımstansiyası quraşdırılmışdır.
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının tikintisi başa çatdırılmışdır.
1 aprel 2019-cu il tarixə muxtar respublikada 86 min 604 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Babək rayonunun Babək qəsəbəsində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.
Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2019-cu ilin yanvar-mart aylarında muxtar respublikada sahibkarlara 5 milyon 909 min 800 manat kreditlər verilmişdir. Kreditlərdən 2 milyon 530 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 3 milyon 379 min 800 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 10 hüquqi və 1334 fiziki şəxs qeydiyyata alınmışdır.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126 növü ərzaq, 257 növü qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
2019-cu ilin yanvar-fevral aylarında orta aylıq əməkhaqqının məbləği 433,2 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmışdır.
2019-cu ilin birinci rübündə muxtar respublikada 1173 yeni iş yeri yaradılmışdır ki, bunun da 1162-si və ya 99,1 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, aşpaz köməkçisi, dərzi, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşələri üzrə 66 nəfər kurslara cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 624 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2019-cu ilin ilk rübündə muxtar respublikanın istehlak bazarında əhaliyə 352 milyon 356 min 800 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Ordubad rayonunun Dəstə kəndində xidmət mərkəzinin tikintisi, Şərur rayonunun Kərimbəyli kəndində xidmət mərkəzinin yenidən qurulması başa çatdırılmışdır.
Şərur rayonunun Alışar, Qışlaqabbas və Yeni Havuş kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilmiş, Muğanlı və Muğancıq Mehrab, Babək rayonunun Kültəpə və Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində xidmət mərkəzlərinin tikintisinə başlanılmışdır.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
2019-cu ilin ilk rübündə muxtar respublikanın xarici ticarət dövriyyəsi 65 milyon 956 min 200 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 53 milyon 423 min 900 ABŞ dollarını ixrac, 12 milyon 532 min 300 ABŞ dollarını idxal təşkil etmiş və 40 milyon 891 min 600 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuş, 2019-cu ilin yanvar-mart aylarında məxaricdə emissiyanın xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 30,6 faiz olmuşdur.
1 aprel 2019-cu il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 80772-yə çatmışdır ki, bunun da 71640-ı və ya 88,7 faizi aktiv hesablardır. 2019-cu ilin yanvar-mart aylarında açılmış 4408 bank hesabının 4378-i aktiv hesablar olmuşdur.
1 aprel 2019-cu il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1272-yə çatmışdır.
Muxtar respublikada sığorta sisteminin inkişafı istiqamətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə 2 ədəd səyyar xidmət avtomobili verilmiş, Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılmışdır. Muxtar respublikada sığorta növləri üzrə daxilolmalar cari ilin ilk rübündə 1 milyon 392 min 300 manat olmuşdur. Bir il öncəyə nisbətən könüllü sığorta ödənişləri 1,5 faiz artmışdır.
Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində 2019-cu ilin ilk rübündə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasının yenidən qurulması davam etdirilmişdir.
Şərur rayonunun Kərimbəyli kəndində 270, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik məktəb binalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində 5 nömrəli tam orta məktəbin binasının yenidən qurulması, Şərur rayonunda Yeni Havuş və Xətai kəndləri üçün məktəb binasının tikintisi davam etdirilir.
Şərur rayonunun Xələc, Babək rayonunun Kültəpə və Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində məktəb binalarının tikintisinə, Şərur rayonunun Muğanlı və Muğancıq Mehrab, Ordubad rayonunun Vənənd kəndlərində məktəb binalarının yenidən qurulmasına başlanılmışdır.
Naxçıvan şəhərində 200 yerlik 2 nömrəli körpələr evi-uşaq bağçası binasının tikintisi başa çatdırılmış, Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi binasının tikintisinə başlanılmışdır.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Şərur rayonunun Kərimbəyli və Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır.
Şərur rayonunun Muğanlı və Məmmədsabir, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Vənənd kəndlərində həkim ambulatoriyası binalarının tikintisinə başlanılmışdır.
“Nəxşicahan-Med” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə yeni exokardioqrafiya avadanlığı təqdim olunmuşdur.
Sosial layihələr çərçivəsində 2019-cu ilin ilk rübündə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 328 cərrahi əməliyyat aparılmışdır.
Muxtar respublikada əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq 2019-cu ildən Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Bundan əlavə, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi, tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 18 mart tarixli Fərman imzalamışdır.
2019-cu ilin birinci rübündə muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 130 min 414 manat ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, ötən dövrdə muxtar respublikada 1 şəhid ailəsinə, 5 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş 1 nəfərə, ümumilikdə, 8 ailəyə yeni mənzillər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə isə minik avtomobili təqdim edilmişdir. Bundan əlavə, sağlamlıq imkanları məhdud iki şəxs üçün fərdi yaşayış evlərinin tikintisi hazırda davam etdirilir.
Hesabat dövrünün sonuna 223 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində, 9 nəfərə Ahıllar evində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 87 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 79 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 61 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla, 117 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuş, 26 nəfərə protez-ortopedik xidməti göstərilmişdir. Bu dövrdə 4 nəfərin ölkə daxilində müalicəsinə, 8 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik olunmuşdur.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmişdir. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 1 mart 2019-cu il tarixə 456,5 min nəfər olmuşdur.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2019-cu ilin ilk rübündə pensiya və müavinətlərin ödənilməsinə 36 milyon manata yaxın vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 4,1 faiz çoxdur.
Muxtar respublikada idmanın da inkişafı diqqətdə saxlanılmış, infrastrukturun yenilənməsi istiqamətində İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin əsaslı təmirinə başlanılmışdır.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2019-cu ilin ilk rübündə Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilmiş, Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyinin yenidən qurulması davam etdirilmiş, Şərur şəhərində Təqaüdçülər Klubunun yenidən qurulmasına, Kəngərli rayonunda Şahtaxtı hamamının bərpasına başlanılmışdır.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində istirahət parkının, Naxçıvan şəhərində Naxçıvançay sahilində bulvarın yaradılması hazırda davam etdirilir.
Naxçıvan şəhərində məscidin tikintisi davam etdirilmiş, Kəngərli rayonunun dini icmasına xidməti avtomobil təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın icrası istiqamətində müəyyən tədbirlər keçirilmiş, təqvim üzrə digər tədbirlərin icrası istiqamətində işlər davam etdirilir.
Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın, “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası, Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaratmaqdadır.
2019-cu ilin ilk rübündə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 99 min 644 turist gəlmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.
Hüquq-mühafizə orqanları ilə iş
Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminatı tədbirləri davam etdirilir.
2019-cu ilin yanvar-mart aylarında Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilmişdir.
Muxtar respublikada daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Təhsil müəssisəsi üçün yeni məktəb binasının tikintisi hazırda davam etdirilir.
Aparılan təhlillər göstərir ki, muxtar respublikada qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həyata keçirilən tədbirlər davamlı və dinamik inkişafa, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmaqdadır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi