Ordubad Rayon Vergilər Şöbəsində nəzarət-kassa aparatlarından istifadə ilə əlaqədar istehlakçılarla və vergi ödəyiciləri ilə görüş keçirilib.
Görüşü rayon Vergilər Şöbəsinin rəisi Məhəmməd İbadov açaraq bildirib ki, malları, işləri, xidmətləri təqdim edən şəxs üçün sahibkarın satıcılarına nəzarətinin gücləndirilməsi, mədaxil və məxaric edilmiş malların, işlərin, xidmətlərin uçotunun rahat və dəqiq aparılması, malların, işlərin, xidmətlərin dövriyyəsi üzrə istər operativ, istərsə də müəyyən tarixlərə görə hesabatların əldə edilməsi imkanının olması, istehlakçıların əsassız müdaxiləsinin qarşısının alınması nəzarət-kassa aparatlarının tətbiqinin müsbət tərəfləridir. Bundan başqa, malları, işləri, xidmətləri alan şəxs üçün alınmış mallar keyfiyyətsiz və ya standartlara uyğun olmadıqda onun geri qaytarılmasının tələb edilməsi imkanının olması, satıcı malları, işləri, xidmətləri təqdim edərkən alıcının aldadılması hallarının qarşısının alınması nəzarət-kassa aparatlarından istifadə edilməsi ilə mümkündür. Təbii ki, istər vergi ödəyicisinin, istərsə də istehlakçıların fərdi maraqlarının təmin olunmasından başqa, nəzarət-kassa aparatlarının tətbiqi ümumən cəmiyyətin maraqlarına xidmət edir. Tərəflər arasında aparılan bütün əməliyyatların qeydə alınması kölgə iqtisadiyyatının qarşısının alınmasına və vergilərin tam həcmdə dövlət büdcəsinə yığılmasına, nəticədə isə dövlətin qüdrəti və əhalinin rifah səviyyəsinin artmasına zəmanət verir.
Sonra şöbənin əməkdaşlarından Həsən Məmmədovun, Malik Məmmədovun, Səttar İsmayılovun çıxışları olub, istehlakçıların və vergi ödəyicilərinin sualları cavablandırılıb.
Xəbərlər şöbəsi