Cari ildə Naxçıvan şəhərində həyata keçirilən tikinti-quruculuq tədbirlərindən daha çox pay düşən sahələrdən biri də təhsildir. Bu strateji sahəyə böyük qayğının ifadəsidir ki, bir neçə ünvanda təhsil müəssisələri üçün bina inşa olunur.
Növbəti tədris ilində Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəb fəaliyyətini yenidən qurulan binada davam etdirəcək. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq məktəb binasına iki korpus əlavə olunmuşdur. 1100 şagird yerlik nəzərdə tutulmuş məktəbin zirzəmi hissəsində kitabxana, 3 laboratoriya, müəllim və şagirdlər üçün yeməkxana və idman zalı yerləşəcək. Binanın birinci mərtəbəsində müəllimlər otağı, müxtəlif iş otaqları, ikinci və üçüncü mərtəbələrin hər birində isə 2 kompyuter otağı, 1 elektron lövhəli sinif, fənn kabinələri və sinif otaqları olacaq. Tikinti işləri “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. İnşaatçılar məktəb binasını vaxtında təhvil vermək üçün səylə çalışırlar.
Qeyd edək ki, yenidən qurulan binalar sırasında 220 yerlik uşaq bağçasının və 3 nömrəli Uşaq Musiqi Məktəbinin binası da var.
Xəbərlər şöbəsi