22 Dekabr 2024, Bazar

Bu gün muxtar respublikada xüsusi diqqət yetirilən sahələrdən biri də ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Muxtar respublikada qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramı və “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası digər məsələlərlə yanaşı, yerlərdə sahibkarlıq fəaliyyətinin gücləndirilməsinə hesablanıb.

Bu il fevralın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu sahəyə xüsusi diqqətin göstərilməsinin vacibliyini vurğulayaraq bildirib ki, muxtar respublika İqtisadi İnkişaf Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə rayon mərkəzlərində və kəndlərdə kiçik fərdi təsərrüfatların və istehsal sahələrinin yaradılması, onların fəaliyyətinə lazımi dövlət dəstəyinin göstərilməsi istiqamətində səylərini artırmalıdırlar. Bəs ayrılan kreditlərin aidiyyəti üzrə xərclənməsinə, layihələrin icra müddəti ərzində reallaşdırılmasına necə diqqət yetirilir?

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Regionun davamli inkişafi sektorunun müdiri Rauf Rəhim­ovla bu barədə söhbətimiz zamanı bildirdi ki, bu sahəyə ən yüksək səviyyədə nəzarət sistemi mövcuddur və layihələrin icra müddəti ərzində başa çatması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Ancaq elə sözügedən nazirliyin əməkdaşları ilə bir neçə obyektdə apardığımız müşahidələrdən belə qənaətə gəlmək olar ki, müşahidə apardığımız dörd obyektdən üçündə layihənin icrası bir sıra səbəblərdən ləngiyir və ya ləngidilir. Belə ki, Ordubad rayonunun Aza kəndində Orxan Əliyevə məxsus limonçuluq təsərrüfatına baxış zamanı müşahidə etdik ki, obyektdə iş nədənsə televiziya və qəzet əməkdaşlarının bu məkana çatmasından sonra başlandı. Sahibkarlğa Kömək Fondundan 26 min manat vəsait alan sahibkar Orxan Əliyev bildirdi ki, bu layihənin icra müddəti sentyabr ayında başa çatır. Ancaq görülən işləri gözdən keçirərkən bizdə işə laqeyd münasibət göstərildiyi qənaəti yarandı.

Ordubad rayonunun Vənənd kəndində də eyni vəziyyət hökm sürür. Dövlətdən 15 min manat maliyyə dəstəyi alan Zahid Əkbərov nədənsə layihəni başa çatdırmağa o qədər də tələsmir. İş hələ başlanğıc mərhələsindədir. Bu sahibkar da deyir ki, sentyabr ayında istixana hazır olacaq. Bu, hansı yolla baş verəcək, bəlli deyil.
Təəssüflər olsun ki, rayonun Aşağı Əndəmic kəndində yaradılması nəzərdə tutulan, 30 min manat vəsait ayrılmış limon istixanası layihəsinin icrası da başlanğıc mərhələsindədir. Sahibkar Rza Rəfiyev bunu onunla əlaqələndirir ki, istixana üçün ayrılmış ərazidə xeyir iş etmək fikri var və buna görə də iş bir az ləngiyir. Bu sahibkardan da “iş nə zaman başa çatacaq?” – deyə soruşduqda “sentyabr ayında”, – deyə cavab verdi.
Culfa rayon Gülüstan kəndi yaxınlığında bağ salan və bunun üçün dövlətdən 26 min manat kredit götürən Rövşən Hümbətovun aldığı vəsaiti də belə getsə, necə deyərlər, külək sovuracaq. Bağın ərazisi, sözün həqiqi mənasında, cəngəlliyi xatırladır. Maraqlı burasıdır ki, sahibkar bağı saldıqdan sonra kredit alıb.
Yəqin ki, sadalanan faktlarla bağlı aidiyyəti orqanlar lazımi tədbirlər görəcəklər.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR