22 Dekabr 2024, Bazar

Torpaq ümidini ona bağlayanları heç zaman əliboş qoymayıb. Torpaq halal dünyamızın xeyir-bərəkəti, tükənmək bilməyən ruzi mənbəyidir.
Haqqında söhbət açacağım İsa Salmanov uşaqlıq çağlarından zəhmətə, torpağa bağlı olub. O, Şərur rayonunun Xanlıqlar kəndində yaşayan, torpağın dilini bilən zəhmətkeş insanlardan biridir. Torpağı əkib-becərməyi özünün alın yazısı bilib və bununla qürur duyub. Torpağa əyildikcə torpaq da onun başını uca edib.
Fermer İsa Salmanov Şərurun qabaqcıl taxılçılarından biri sayılır. İndi onun ən narahat günləri başlayıb. İsa kartof sahəsindən çıxıb birbaşa taxıl zəmisinə gəldi. O, avtomobildən düşüb kombayna tərəf addımladı. Kombaynçı İlham İbrahimov, köməkçi Sahil Sultanov, taxıldaşıyan maşının sürücüsü birlikdə kombaynı nəzərdən keçirərək onun sazlığını yoxlayırdılar.
Onlar bir anlığa işdən ayrılıb: “Salam, İsa dayı, sabahın xeyir”, – dedilər. İsa gülümsünərək:

– A bala, nə vaxtdan saat doqquzun yarısı kəndlinin sabahı olub? Kənd adamı səhər tezdən, beşlə altı arasında bu sözü işlətməlidir, – deyə sözünə davam etdi: – O ki Günəşin çıxmasını iş üstündə qarşılamadı, deməli, tənbəldir, canına əziyyət verən deyil. Belələrindən xoş gün-güzəran da qaçaq düşər. 
İsa sonra yaxınlıqdakı buğda zəmisinə tərəf addımlayıb dayandı. Zəmidən sünbül qırıb ovcunun içində ovxaladı. İlhamın nəzəri onda idi:
– Hə, necədi, İsa dayı, biçinə başlamaq olar?
– Hələ bir az da gözləsək, yaxşıdır. Axşamın şehi canından tam çəkilməyib. Siz işinizdə olun. Yolun o üzündəki zəmiyə baxıb gəlirəm.
Çox çəkmədi İsa öz avtomobili ilə o biri sahəyə baş çəkib geri qayıtdı. Artıq saat doqquz idi. Günəşin hərarəti bayaqkı ilə müqayisədə xeyli artmışdı. O, yenə sünbüldən qırıb yoxladı. Üzünü kombaynçıya, onun köməkçisinə tutaraq:
– Başlamaq olar, işiniz avand olsun, – dedi. Kombayn ləngər vura-vura zəmiyə yan aldı. Pərlər hərlənməyə başladı. Göz işlədikcə uzanan hər tərəf sapsarı taxıl zəmiləridir. Yalnız uzaqda, ucaboy, qollu-budaqlı ağaclar arasında yerləşən Xanlıqlar kəndi görünür.
Fermer İsa Salmanovla söhbətimizi davam etdiririk. Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Mustafayev də bizimlədir.
İsa Salmanov deyir ki, ötən ilin payızında 30 hektar sahəyə buğda əkmişəm. Qış qarlı keçdi. Qar da ki var, atalar demişkən, taxılın yorğanıdır. Gözləmirdik bu qədər məhsulumuz olar. Hələlik, biçilən 22 hektar sahənin hər hektarından 40 sentnerdən artıq məhsul götürmüşəm. Bütün bunlar dövlətin qayğısı ilə başa gəlib. Buğda əkən hər bir adam kimi, mən də hər hektar üçün 40 manat pul, 10 kiloqram pulsuz mineral gübrə almışam. Deməliyəm ki, bu, böyük köməkdir. Əkin və becərmə zamanı bərk karımıza çatır. Onlar verilməsəydi, çox güman ki, indiki bolluq yaranmazdı. Həyətimdə böyük anbar tikmişəm. Biçilən buğdanı, hələlik, ora yığıram. Biçin qurtarandan sonra rayonumuzdakı dəyirmanda üyüdəcəyəm. Taxılın unundan isə lavaş seximdə çörək bişirəcəyəm. Taxıldan başqa, 1 hektarda kartof, 3 hektarda isə tərəvəz bitkiləri əkmişəm. Bu sahələrdə də məhsulumuz pis deyil.
Xanlıqlar kəndində digər taxılçıların da çəkdiyi zəhmət hədər getməyib. 365 hektar sahənin bar-bərəkəti aşıb-daşır. Göz işlədikcə uzanan zəmilərin dənə dolmuş sapsarı sünbülləri adama “gəl-gəl” deyir.
Gün günorta yerinə gəlmişdi. Fermer İsa Salmanov bizdən səmimi təbəssümlə ayrıldıqdan sonra yenidən sahəyə üz tutdu, biçinin keyfiyyətini yoxlamağa başladı...
Təkcə Xanlıqlarda yox, bölgənin digər kənd­lərində də biçin kampaniyası mütəşəkkil keçirilir. Avtomobilimiz Naxçıvan-Sədərək magistralının Şərur rayonu ərazisində irəlilədikcə Danyeri, Aşağı Daşarx, Oğuz, Dərəkənd, Cəlilkənd, Mahmudkənd, Zeyvə, Düdəngə, Dəmirçi kəndləri bir-bir arxada qalırdı. Hər yan sapsarı taxıl zəmiləridir. Hər tərəfdə də qızmar Günəş altında qızğın iş gedirdi. Sahələrə çıxan kombaynların hər biri saz vəziyyətdədir, istənilən nasazlığı aradan qaldırmaq üçün lazımi ehtiyat hissələri də alınıb. Həmçinin biçin kampaniyasına kifayət qədər maşın-mexanizmlər cəlb olunub. Buna görə də biçilmiş taxılın xırmanlara daşınmasında sahibkarlar heç bir problemlə üzləşmir, çətinlik çəkmirlər. Elin varını itkisiz toplamaq üçün rayonda yaradılmış qərargah da səmərəli fəaliyyət göstərir. Qərargah üzvləri bütün gün taxılçıların yanında olur, onlara bir çox zəruri məsləhətlər verir, zəmilərin yanğından mühafizə olunması üçün müəyyən tədbirlər görürlər. Biçin kampaniyasını optimal müddətə başa çatdırmaq üçün bütün mövcud imkanlardan səmərəli istifadə olunur. Bu il rayonda 4945 hektar sahədə bol taxıl məhsulu yetişdirilib. İndiyədək 1650 hektar zəminin taxılı biçilib, 2357 ton məhsul tədarük edilib. İlkin nəticələr göstərir ki, hələlik, rayon üzrə hektarın orta məhsuldarlığı 30 sentnerdir.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR