Dünya təcrübəsi göstərir ki, iqtisadi inkişafın təməl prinsipləri özəl sektorda formalaşır. Buna görə də ölkəmizdə bu sektorun inkişafı diqqət mərkəzində saxlanılır. Bunu muxtar respublikamızın bugünkü inkişafında da görmək mümkündür. Sahibkarlara dövlət tərəfindən hərtərəfli dəstəyin göstərilməsi, onlar üçün münasib şəraitin yaradılması, rast gəlinən problemlərin həll olunması regionda güclü sahibkarlar təbəqəsinin formalaşması ilə bərabər, yeni istehsal müəssisələrinin yaradılmasına da geniş imkanlar açmışdır. Belə dəstəkdən bəhrələnərək yaradılan müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Zümrüd” Kiçik Müəssisəsidir.
“Zümrüd” Kiçik Müəssisəsi muxtar respublikada yaradılmış ilk özəl müəssisələrdən biridir. Müəssisə 1997-ci ildə yaradılıb. İlk illərdə sovet istehsallı avadanlıqlarla fəaliyyətə başlayan müəssisə muxtar respublikada sahibkarlığın inkişafına yaradılmış hərtərəfli şəraitdən bəhrələnərək müasir tələblər səviyyəsində işini qura bilmişdir. Belə ki, müəssisəyə Sahibkarlığa Kömək Fondu tərəfindən 560 min manat kredit verilmiş, fəaliyyəti üçün lazımi dövlət dəstəyi göstərilmişdir. İldən-ilə fəaliyyətini genişləndirən müəssisənin 2011-ci ilin sentyabr ayında yeni binasının açılışı olmuş, yeni istehsal sahəsi istifadəyə verilmişdir.
Müəssisə rəhbəri Etibar Hacıyev fikirlərini bizimlə belə bölüşdü: “Müasir dövrdə yeni texnologiyalardan istifadə günün tələbinə çevrilmişdir. Müəssisəmizdə Almaniya, Yaponiya və Türkiyə istehsalı olan ən müasir avadanlıqlar quraşdırılmışdır. Keyfiyyət amili bu gün qarşımızda duran əsas məsələlərdən biridir. Dövlətimiz tərəfindən yaradılmış hərtərəfli şərait keyfiyyətli məhsul istehsal etmək üçün qarşımızda yeni üfüqlər açır. Çalışacağıq ki, bundan sonra da işimizin öhdəsindən layiqincə gələk və muxtar respublikamızda yerli məhsullara olan tələbatın ödənilməsinə öz töhfəmizi verək”.
Qeyd edək ki, “Zümrüd” muxtar respublikamızda hüquq-mühafizə orqanlarının əməkdaşları, ali və orta məktəblərin müəllim, tələbə və şagirdləri üçün geyim formalarının istehsalını həyata keçirən istehsal müəssisəsidir. Müəssisənin ümumi ərazisi 590 kvadratmetrdir. Gündəlik istehsal gücü 100 dəst kostyum olan müəssisədə biçim, ölçü, ütü və tikiş avadanlıqları quraşdırılmışdır.
Müəssisədə yaradılmış hərtərəfli şərait keyfiyyətli geyim məhsullarının da istehsalına imkan verir. Hazırda qarşıdan gələn yeni tədris ili ilə əlaqədar təhsil müəssisələrindən sifarişlər qəbul edilməkdədir. Bu günə qədər 24 təhsil müəssisəsindən alınmış yeni sifarişlər üzrə işlər davam etdirilir. Vətəndaşlar tərəfindən verilən fərdi sifarişlər də az deyil. Müəssisə rəhbərinin dediyinə görə, yaxın zamanlarda burada köynək geyimlərinin də istehsalına başlanılacaq. İstehsal olunan məhsullar muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri də daxil olmaqla Ordubad, Culfa və Şərur rayon mərkəzlərindəki satış mağazalarında, eyni zamanda təşkil olunacaq məktəbli yarmarkalarında müştərilərə təqdim ediləcək.
Səbuhi HƏSƏNOV